Ukraynada yaşayan həmvətənlərimizdən Meydan TV verilən məlumata görə, Orxan Zeynalov hadisəsindən sonra orada vəziyyət kritik həddə çatıb. Belə ki, iddia edildiyinə görə Rusiyadan Ukraynanın Kiev, Luqansk, Xarkov, Sumi, Çerniqov şəhərlərinə skinhedlər, qatı millətçilər göndərilib. Küçədə-bacada miqrant, əsasən də qafqazlı görən kimi hücum edərək döyüb, təzyiq və təhqir edirlər.
Dünən paytaxt Kiev şəhərində, bir hamilə azərbaycanlı xanıma hücum edərək, qətlə yetiriblər. Həmin xanımın kimliyini araşdıranda, öyrəndik ki, 25-26 yaşlarında, Məmmədova Samirə Nadir qızıdır. Hadisə Kievin Maydan Nezalejnosti (Майдан Незалежности) metrostansiyası girişi, Xreşatik (Хрещатик) küçəsində baş verib.
Həmçinin 400 azərbaycanlı tələbənin təhsil aldığı Xarkov şəhərindəki İqtisad universitetinin yataqxanasına da skinhedlər tərəfindən hücumlar olub. Maraqlısı burasındadır ki, polis, güc strukturları da heç bir müdaxilə etmirlər.
Həmvətənlərimiz Ukraynadakı Azərbaycan səfirliyi ilə əlaqə saxlamağa çalışsalar da bildiriblər ki, onlarda belə bir məlumat yoxdur və hadisələrə ümumiyyətlə biganə yanaşırlar. Təəssüf ki, bu barədə nə Ukrayna, nə də Azərbaycan mətbuatı yer ayırmır.