Ukraynada Vağzala raket atılması nəticəsində ikisi uşaq olmaqla azı 30 nəfər həlak olub, azı 100 yaralının olduğu bildirilir.
Zərbə endirilən Kramatorsk dəmir yolu vağzalından Ukraynanın şərqində döyüşlərdən qaçmağa çalışan mülki şəxslər istifadə edir.
Hücumun baş verdiyi Donetsk bölgəsinin sözçüsü itkinin sayının arta biləcəyi barədə xəbərdarlıq edib.
Ukrayna Dəmiryolları İdarəsi bəyanatında bildirib ki, Kramatorsk dəmiryolu vağzalına iki raket atılıb.
Sosial mediada yayılmış video və fotolarda əl çantaları və çamadanların yayında onlarla dinc sakin meyiti görünür.
Ukrayna Prezidenti Volodimir Zelenski vağzalın Toçka-U ilə vurulduğunu bildirib.
Rusiya Müdafiə Nazirliyi isə deyib ki, Kramatorsk dəmir yolu vağzalına zərbəni Dobropolye vilayətindən olan Ukrayna hərbçiləri həyata keçirib.
Ukrayna həmçinin bildirir ki, Kiyev ətrafından qüvvələrini çəkən Rusiya yenidən qruplaşır, şərqi Donetsk və Luqansk regionlarını tam nəzarətə almağa çalışır.
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və birliyin baş diplomatı Cozep Borrel Ukrayna paytaxtı Kiyevə Prezident Volodimir Zelenski ilə danışıqlara gedir.