“Ukrayna xalqı hakimiyyətə nifrət edirdi”

Səfir Aleksandr Mişenko: “Yanukoviç öz xalqına qarşı kampaniyanın təşkilatçısı oldu”

“Ukraynadakı son hadisələri tarixçilər, politoploqlar araşdıracaqlar. Amma siyasi böhran Nazirlər Kabinetinin noyabrın 21-də Avropaya inteqrasiya kursunu gözlənilmədən dayandırmaq qərarından sonra başladı. Amma əhalinin 50 faizindən çoxu Avrointeqrasiya siyasətini dəstəkləyirdi və tədricən də artım gedirdi. Eyni zamanda, bu istiqamətdə qanunvericilikdə təkmilləşmə gedirdi. Kursun dəyişməsi əhalidə, elitada və gənclərdə etiraz doğurdu. Obrazlı desək, bu, ona bənzəyir ki, gəmi kapitanı irəli gedən gəmini gözlənilmədən geri çevirdi, təsəvvür edin nə baş verir?!”.

Bu açıqlamanı Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko fevralın 27-də keçirdiyi mətbuat konfransında bəyan edib. Səfirin sözlərinə görə, növbəti etiraz doğuran məqam dövlət başçısı Yanukoviçin Moskvada 2 milyardlıq kredit müqaviləsinə razılaşması oldu: “Etirazın üçüncü dalğası noyabrın 30-da polisin dinc mitinqçiləri güc yoluyla dağıtması oldu. Xüsusən polisin gənclərə qarşı kobud təzyiqi Ukrayna cəmiyyətində növbəti gərginliyin başlanğıcını qoydu. Parlamentin 16 yanvar qərarı isə Ukraynanı sovet dövrünə qaytarmaq cəhdiydi, hansı ki, o zaman hakimiyyət xalqın mövqeyini nəzərə alımırdı. Təəssüf ki, hakimiyyət əhalinin dinc aksiyalardakı tələblərini nəzərə almaq əvəzinə güc yolunu seçdi, bu isə birmənalı şəkildə qarşıdurma yaratdı”. Səfir hesab edir ki, güc strukturlarının mitinqçilərə qarşı təzyiqinin etiraz doğurmasının səbəbləri müxtəlifdir. Məsələn, 2013-cü ildə hüquq-mühafizə orqanlarının 300-dən çox cinayətdə iştirakı olub. Ki, bu, əhalidə böyük narazılıq yaratmışdı: “Amma DİN  rəhbərliyi bunlara reaksiya vermək əvəzinə, cinayətləri ört-basdır etməklə məşğul idi. Bu isə əhalinin polis idarələrinə hücum etməsinə təsir edən amillərdən əsasıydı. Deməli, hüquq-mühafizə orqanları əhalinin mənafeyini müdafiə etmək əvəzinə, prezidentin ətrafının maraqlarını qoruyurdu. Təəssüf ki, Konstitusiyaya görə dövlətin birinci şəxsi əhaliyə nümunə olmaq tələbini yerinə yetirə bilmədi. Əksinə, prezident öz xalqına qarşı aparılan kampaniyanın təşkilatçısı oldu. Əgər xalq hakimiyyətə hörmət etmirsə, həmin hakimiyyət iqtidarda qalmamalıdır. Son illərin hadisələri göstərdi ki, Yanukoviçin siyasəti xalqın mənafeyini tapdamaqla öz ailəsinin maraqlarını güdməkdən ibarət olub. Mən bizim məmurların yaşadıqları binalar haqqında danışmaq istəmirəm, bunu bütün dünya gördü. Ancaq bir məqamı deyim ki, son 2-3 ayda ölkənin büdcə təşkilatları maliyyələşmirdi, o cümlədən, səfirlər də bu sıradaydı”.


Prezident Regionlar Partiyasını və sabiq spikeri dinləmədi

A.Mişenko bu gün Ukraynada legitim hakimiyyətin olduğunu dedi: “Konstitusiyaya əsasən parlament və prezident respublikası fəaliyyətdədir. Hakimiyyət hökuməti formalaşdıran parlamentə tabedir. Hazırda Regionlar Partisiyasının parlamentdə olan üzvləri də konstruktiv fəaliyyətdədirlər, onlar Yanukoviçdən narazılıqlarını gizlətmirlər, sabiq spiker Rıbakın, fraksiya rəhbəri Yefremovun açıqlaması buna misaldır. Onlar deyib ki, partiya Ukraynanın maraqları üçün çalışmaq istəyib, amma prezident onların məsləhətlərini dinləməyib”.


“Rusiya kanalları daha çox yanlış məlumat verir”

Səfir son hadisələrdə 82 nəfərin öldüyünü, 787 nəfərin xəsarət aldığını, 527 şəxsin xəstəxanada olduğunu və 312 nəfərin isə itkin düşdüyünü söylədi. O, ötən 2-3 ayda ölkənin 15-25 milyard civarında dollar itkiyə məruz qaldığını da dedi: “Bu rəqəmlərin arxasında Ukrayna xalqının faciəsi dayanır. Azərbaycan faciəmizin dərinliyini başa düşür. Hadisələrdə azərbaycanlıların xəsarət almaması ölkəmizdə başqa xalqlara qarşı fobiyanın olmadığını təsdiqləyir. Ki, bu barədə Rusiya kanallarının daha çox yanlış məlumat verməsi xoş olmayan hadisədir. konkret olaraq, Yevgeni Kisilyovun proqramları xoşuma gəlmir, onun dediklərini öz vicdanına buraxıram. Məsələn, Ukrayna Azadlıq Partiyasının ruslara qarşı olması haqqında deyilənlər cəfəngiyyatdır, çünki partiyanın lideri bu barədə təkzib bəyantı yayıb. Kanallar xəbər yayır ki, guya, banderaçılar Krıma gedir, yaxud, Maydanın insanları öldürməyə hazır olan radikallardan ibarət olduğu mənzərəsini yaratmağa cəhd edirlər, bunlar yalan və böhtandır”. O, ölkəsinin ərazisi bütövlüyünün siyasi qüvvələr arasında mübahisə mövzusu olmadığını və bu barədə müzakirələr aparılmadığını dedi: “Rusiyanın Sevastopol hərbi bazası müqavilə əsasında fəaliyyətini davam etdirəcək. Ölkəmizə qarşı hər hansı hərbi təhlükə olsa, beynəlxalq tərəfdaşlarımıza müraciət edəcəyik. Unutmayaq ki, Rusiya Ukraynanın ərazi bütövlüyünü tanıyır və bununla bağlı beynəlxalq öhdəliklər götürüb. Krımla bağlı məsələlərə gəlincə, mən Krım parlamentinin bəyanatını xatırlada bilərəm. Ki, sənəddə Krımın Ukraynadan ayrılması məsələsinin qoyulmadığı qeyd olunub. Bu, müxtəlif qüvvələr tərəfindən törədilir. O cümlədən, ölkənin Şərqiylə Qərbi arasında da bölünmə yoxdur, bu gün Lvovda rus dilində, Donetskidə isə ukrayn dilində danışmağa başlayıblar. Məqsəd ölkənin maraqları üçün həmrəylik göstərməkdir. Bəli, böyük ölkə olduğundan fərqlər var, Qərbi Ukrayna Avrointeqrasiyanın, Şərqi Ukraynanın bir hissəsi tarixi-mədəni baxımdan Rusiyayla əlaqələrin gücləndirilməsinin tərəfdarıdırlar. Rusiya tarixi-strateji tərəfdaşımızdır, başqa cür də ola bilməz, gələcəkdə də enerji-humanitar əməkdaşlığımızı davam etdirməyı hazırıq. Artıq hakimiyət formalaşıb, heç bir xaos yoxdur və başqa millətlərə qarşı fərqli münasibət sezilmir, Ukrayna həmişə öz tolerantlığıyla seçilib. Hər bir ölkədə xalq hakimiyyətdən narazı da ola bilər, nifrət də edər. Ukrayna xalqı isə Yanukoviç hakimiyyətinə nifrət edirdi”.

Ana səhifəVideo“Ukrayna xalqı hakimiyyətə nifrət edirdi”