Müharibə üçün geri sayımın getdiyi Rusiya – Ukrayna böhranında gərginlik zirvəyə çatıb. Rusiyadəstəkli separatçı qruplar – Donetsk və Luqanskda Ukraynanın dünəndən atəşkəsi pozduğunu deyərək, əhalini Rusiyaya getməyə çağırırlar. Gün ərzində separatçı respublikaların müxtəlif şəhərlərində həyəcan siqnalları çalınıb. Ukrayna isə separatçıları atəşkəsi pozmaqda ittiham edir.
Sosial media və xəbər saytlarında atəş səslərinin eşidildiyi videogörüntülər paylaşılıb. Hər iki tərəf ağır silahlardan istifadənin başlandığını deyir. Ukrayna nəzarətində olan ərazidə uşaq bağçasının vurulma görüntüləri də yayılıb. ABŞ rəsmiləri Rusiyanı saxta bayraq taktikasından istifadə edərək, Ukraynaya hücum üçün zəmin hazırlamaqda ittiham edir. Rusiya isə Ukraynanın rus əhaliyə qarşı müdaxiləsinə biganə qalmayacağını bildirir.
Rusiya rəsmiləri təlim üçün sərhədə yığılan qüvvələrin zamanla geri qayıtdığını iddia edir. ABŞ Müdafiə Nazirliyindən isə bildirilib ki, kəşfiyyat məlumatları rusların geri çəkilmədiyini, əksinə, bölgəyə daha çox qüvvələrin yığıldığını göstərir. Rusiyanın ATƏT-dəki nümayəndəsi deyib ki, bu, 2-ci dünya müharibəsindən sonra Avropada ən böyük hərbi mobilizasiyadır. Bu dəqiqələrdə rus mediası Ukraynanın Donetskdə terror aktı törətdiyini iddia edən görüntülər paylaşıb.
Məlumata görə, separtçı respublikanın mərkəzində içində kimsənin olmadığı bir maşın vurulub.