Ukrayna hərbçiləri Liman şəhərinə daxil olub

Ukrayna. Foto: Meydan TV

Çeçenistan lideri Ramzan Kadırov şəhərin itirilməsinə görə general-polkovniki günahlandırır

Ukrayna Rusiyanın işğalında olan Liman şəhərinə daxil olub. Hazırda şəhərdə döyüşlərin getdiyi bildirilir.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun spikeri Sergey Çerevatı bildirib.

S.Çerevatinin sözlərinə görə, rus hərbçiləri komandanlıqlarından kütləvi şəkildə kömək istəyirlər:

“Lakin yəqin ki, hamı Qızıl Meydandakı konsertə tamaşa edir. Ona görə də ayağa qalxa bilməyiblər”.

“Liman şəhərinin azad edilməsi Luqansk vilayətinin işğaldan azad edilməsinin başlanğıcı olacaq”.

Bunu isə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qaydai “Telegram” kanalında yazıb.

O əmindir ki, “psevdoreferendum”ların keçirilməsi cəbhədəki hadisələrə heç bir təsir göstərmir, Ukrayna Silahlı Qüvvələri inamla irəliləyir.

Liman şəhəri. Mənbə: “telegraf.com.ua”

Çeçenistan rəhbəri Ramzan Kadırov şəhərin itirilməsində Rusiya Qəhrəmanı adını almış general-polkovnik Aleksandr Lapini günahlandırıb:

“Onun yanlış hərəkətləri müttəfiq qüvvələrin Limandan məcburi şəkildə çıxarılmasına səbəb olub”.

R.Kadırov bu barədə “Telegram”da yazıb.

Onun sözlərinə görə, general Lapin hərbçiləri lazımi rabitə ilə təmin etməyib, əlavə sursat adıçəkilən əraziyə göndərilməyib:

Kadırov yaranmış vəziyyətlə bağlı Baş Qərargah rəisi Valeri Gerasimovu məlumatlandırdığını deyib:

Ancaq Gerasimov onu əmin edib ki, “o, Lapinin komandir kimi istedadına şübhə etmir. Liman və onun ətrafında geri çəkilməyin mümkün olduğuna inanmır”.

Bundan əlavə, Kadırov Lapinin “Luqanskda gizləndiyini” iddia edir.

“Onlardan 150 km aralıda olan bölmələri necə tez idarə edə bilərsiniz? Elementar hərbi maddi-texniki bazanın olmaması səbəbindən bu gün biz bir neçə yaşayış məntəqəsini və böyük bir ərazini tərk etmişik”, – deyə Çeçenistan rəhbəri Lapini suçlayıb və “ordu qohumbazlığının yaxşılığa aparmayacağını” əlavə edib.

Ramzan Kadırov
Foto: Архив

Liman şəhəri 2022-ci ilin mayın 28-də Rusiya ordusu tərəfindən işğal olunmuşdu. Bu, Donetsk vilayətində kiçik bir şəhərdir, müharibədən əvvəl orada 20 minə yaxın insan yaşayırdı.

Sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Referendumda üç sual qoyulub:

“Siz regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ana səhifəDünyaUkrayna hərbçiləri Liman şəhərinə daxil olub