Uğurlu və uğursuz madam bovarilər

O, daha maraqlı bir adama ərə getməli idi…

Source:

Bir nəfər tanıyırdım. Sakit, heç kimə zərəri dəyməyən, heç kimə xeyir verməyən bir adam idi. Kafeyə, restorana getməz, kənarda pul xərcləməzdi. Belələrini boşluq adlandırsaq, daha yaxşı olar. Boşluq sözünü burda işlətməklə işimiz sözün həqiqi mənasında  xeyli asanlaşar. Onun kim, necə bir adam olduğunu, həyat tərzini anlamaq üçün əziyyət çəkmərik. Adətən, analar mənim kimi cəmiyyətə yararsız adamlara belələrini  nümunə  göstərirlər. İşə gedər, evə gələr. Heç bir dəstəyə qoşulmaz. Avaraçılıq etməzlər.

İşlədi, işlədi, işlədi… Torpaq aldı. Ev tikdi. Sonra ona axtarıb, arayıb, soraqlaşıb, necə deyərlər, “halal süd əmmiş” bir qız tapdılar. Evləndi , özünə həyat qurdu. Qız da bir sakit qız idi. Bu cür qızları tapmaq çətin deyil. Təki adət-ənənəyə, qayda-qanunlara əməl edəsən. Demə, bu qız üçün ərə getmək bir fürsət, bir şans  imiş. Öz mühitindən kənara çıxmaqla böyük bir azadlıq əldə etmiş oldu. Əvvəlcə geyimini, ədalarını, davranışını, danışığını dəyişdi.  Dəyişiklik çox sürətlə baş verirdi. Elə bir sürətlə ki,  bu sakit qızın qısa müddətdə bu qədər dəyişəcəyi hətta ən güclü adamtanıyanların  belə ağlına gəlməzdi. Qız  dəyişdikcə daha böyük xoşbəxtlik, daha böyük təmtəraq üçün yarandığını güman etməyə başladı. Şöhrətpərəstlik, bər-bəzəyə hərislik, tamahkarlıq öz sözünü dedi. Əlbəttə ki, düşdüyü ailə, ərə getdiyi adam  artıq onu qane edə bilməzdi.

O, sürətlə dəyişir,  gözəlləşir, ətrafa meydan oxuyur, əri isə yerində sayırdı. Deməli, əri onun üçün getdikcə maraqsızlaşırdı. Bu da o deməkdir ki, qadın həm də özünü bədbəxt hiss etməyə başlayırdı. Geyim, bəzək-düzək, gəzmək xərcləri isə günü-gündən  artırdı. O, günü-gündən daha artığını istəyirdi. Nəzərdə tutulmayan bu xərcləri qarşılamaq o qədər də asan deyildi.  Nəticədə sakit yaşayan bir ailədə konfliktlər, dava-dalaş yarandı. Borca düşdülər. Aləm qarışdı.  Əvvəllər çox mehriban dolanan iki qardaşın arası dəydi. Dava-dalaş artdı. Arvadının tam təsiri altında olan  oğlan bütün ailəsi ilə davaya girməyə məcbur oldu. Daha sonra dava-dalaşın miqyası böyüdü. Beləcə, elə hadisələr baş verdi ki, bütöv bir nəsil bir-birinə dəydi…

Belə baxanda, əslində bu qızı sakit bir oğlan qane etməli idi. Normal geyindirirdilər, yemləyirdilər. Söyən yox, döyən yox. O isə daha maraqlı, təmtəraqlı, nəsə romantikfason  bir həyat arzulayırdı. Onun düşüncəsinə görə, o daha maraqlı bir adama ərə getməli idi.  Bu arzular onunla nəticələndi ki, özünün də həyatını məhv etdi, oğlanın da. Bu  rəvayət-filan deyil. Şahidi olduğum hadisədi.

Gecə klublarında, saunalarda dolaşanlar bilirlər. Oranın sakinlərinin hər birinin öz hekayəsi var. Kimdir günahkar? Həyatmı? Mühitmi? Talemi? Bu cür bəlağətli və pofoslu sualları, romantikanı, mərhəməti və  ədəbiyyatı kənara qoyaq. Bu cür söhbətlər türklərdə daha yaxşı alınır. Onlar gece klublarının, saunaların sakinlərini bir saat vaxtda həm sevmək, həm xilas etmək, həm də, bununla bərabər,  loru dildə desəm, özlərini boşaltmaq istəyirlər. Bizim camaat belə məsələlərdə daha realist, daha praktikdirlər.

Gəlin,  bir balaca qəddar olaq. Onda görəcəyik ki, həyatın dibində çürüyənlərin bu vəziyyətə düşməsinin  günahkarı çox vaxt elə onların özləri olurlar. Reallıq hissini itirmək çox zaman faciələrlə nəticələnir. Gecə klublarının, saunaların sakinləri, bu kiçik kalibrli Madam Bovarilər bir vaxtlar aza qane olmayanlardı. Reallığı nəzərə almayıb  daha maraqlı bir həyat arzulayanlardı. Onlar başa düşmürlər ki, mədəni davranışlar, yaxud romantik sözlər hər zaman incə duyğulardan xəbər vermir. Onlar daha maraqlı, daha təmtəraqlı, daha xoşbəxt, daha cəlbedici  bir həyat üçün yarandıqlarını düşünürlər. Həyatları heç cürə onları qane etmir. Xəyalları pərvazlanır. Arzularla reallığın sərhədini müəyyən edə bilmirlər. Bu zaman biri ortaya çıxıb onların xəyallarını xoş davranışlarla, xoş sözlərlə  daha da qıcıqlandırır. Beləliklə, onlar çaşırlar. Sabahı düşünmürlər.  Sonda hər şey darmadağın olur.

İndi əvvəlki sakitliyi, əvvəlki həyatı  bir daha bərpa etmək mümkünsüzdü. Geriyə yol bağlıdı. Mənəvi çöküşün əvvəli var, sonu yoxdu. Bataqlıq qanunlarına görə nə qədər çabalayırsansa, bir o qədər sürətlə dibə gedirsən. Peşmançılıq fayda vermir. Bir də gözünü açırsan ki, həyatın dibindəsən. Hər şey məhv olub. Sənə qalan öz həyat hekayəni danışmaqdı. Bu yola  düşməyə məcbur olduğunu, günahkar olmadığını sübut etməkdi.  Əgər buna inanan tapılırsa, sən də öz növbəndə bir az ucuz təsəlli tapırsan.

Bir amerikalı dostum vardı. Cek adında. Yaşına görə xeyli gəzmiş, xeyli oxumuşdu. Nədənsə onu Artur Remboya oxşadırdım. Aferistin biri idi. Sifətindən biclik yağırdı.  Yaşının az olmasına baxmayaraq,  böyük  həyat təcrübəsi qazanması əsl möcüzə idi. Dünyanı idarə edən bir dövlətin vətəndaşı mənimlə, formalaşmamış bir xalqın nümayəndəsi ilə  azərbaycan dilində danışırdı. Buna görə bərk xəcalət çəkirdim. Görüşəndə müxtəlif mövzularda söhbətlər edirdik. Ədəbiyyatdan, tarixdən, xalqların xüsusiyyətlərindən, ölkələrdən. Şəhərlərdən. Bir dəfə soruşdum:

– Cek, filan yerin qadınları haqqında nə düşünürsən?

Yerin adını yazıb konkretləşdirmək istəmirəm. Cavab Verdi:

– Filan yerdə əxlaqlı və əxlaqsız qadın yoxdu. Artistliyi bacaran və bacarmayan qadınlar var.


Cekin dediyi bu sözü yazımızda istifadə etsək, belə bir düstur alınar. Hərçənd bilmirəm düstur sözünü burda istifadə etmək nə dərəcədə düzgündür. Həyatın dibində çürüyən kiçik kalibrli Madam Bovarilər ifşa olunmuş Madam Bovarilərdi. Yəni artistliyi bacarmayanlardı. Bir də var, artistliyi bacaran Madam Bovarilər.

Yəni mahiyyətcə onlar da bir zamanlar aza qane olmayıblar. Daha artıq xoşbəxtlik, daha maraqlı, daha təmtəraqlı, daha dəbdəbəli, daha parıltılı həyat  istəyiblər. Bunu nə yolla olursa, olsun, əldə etməyi qarşılarına məqsəd qoyublar. Hər cür fürsətdən yararlanıblar. Min hoqqadan, o cümlədən,  sudan quru çıxmağı bacarıblar. Bunlar iri çaplı  Madam Bovarilərdi. Onlar vəzifə, var- dövlət sahibləridirler. Onlara yaltaqlananlar, hörmət edənlər var. Onlar hətta efirdə heyatın, təbiətin qanunlarından danışırlar.

Floberin məşhur əsəri haqqında çox yazılıb. “Madam Bovari” roman tarixində müstəsna yer tutmuş əsərlərdən biridi. Mən də özümü sıxıb bu məşhur əsər haqqında bir para ağıllı, terminlərlə zəngin cümlələr yaza bilərəm. Buna lüzum görmürəm. Bir onu bilirəm ki, Madam Bovari hər bir qadının oxumalı olduğu əsərdi. Madam Bovari həm də o əsərlərdəndir ki, belə  əsərlərin süjeti ilə tanış olmaqla iş bitmir. Gərək, həm də özünü əziyyətə salıb, əsərdə oxuduqların hadisələrlə  həyatda gördüyün hadisələr arasında paralellər aparasan. Bu qədər sadə.

Bir də unutmaq lazım deyil ki, uğurlu istisnalar həmişə bizi şirnikləşdirir. En primitiv  misal. Siqaret insana zərərdi. Özü də cox zərərdi. Çox axmaq ve iyrənc vərdişdi. Insani halsızlaşdırır. Tənbəlləşdirir. Iş qabiliyyətin aşağı salır.  Siqaretdən asılılıq insanı alçaldir. Insanda öz iradesinə qarşı şübhələr oyadır. Yeməyin –içməyin dadın itirirsən. Heç nədən həzz ala bilmirsən.

Buna baxmayaraq hər bir siqaret çəkən adamın öz əfsanəsi var. Daha doğrusu, ucuz təsəllisi. Ki, filankəs kişi gunə 3 qutu filtirsiz siqaret çəkirdi ve doxsan uc il ömür yaşadı.  Ola bilsin, filankəs kişi, tutaq ki, Mədəd  kişi, Süleyman baba, Qabil dayı  doğurdan da, günə 3 qutu filtirsiz siqaret çəkə-çəkə doxsan üç il yaşayıb.  Əvvəla,  filankəs kişinin zamanında qidalar bu qədər bərbad gündə deyildi. Filankəs səhər saat altıdan gün batana qədər işləyirdi.  Ikincisi, filankəs kişi təmiz tütün çəkirdi. Sən isə nə çəkirsən, onu bir allah bilir.

Qərəz, filankəs kişinin gündə üç qutu siqaret çəkə-çəkə doxsan üç il yaşaması   vəziyyəti dəyişmir. Siqaret insana zərərdi vəssalam. İyrənc bir vərdişdi. Murdar bir vərdişdi.  Qurtardı, getdi. Söz düşmüşkən, bir məsələni də qeyd etməyi özümə borc bilirəm. Cavan uşaqların, xüsusən, cavan qızların siqaret çəkməsinə laqeydliklə baxa bilmirəm. Onlar öz orqanizmlərinə qarşı necə bir cinayət törətdiklərinin fərqində deyillər. Xəbərləri yoxdur ki, özləri öz ömürlərinə balta vurular. Gedib, desən ki, çəkmə, lazım deyil, bu siqaretə verdiyin pulu faydalı bir şeyə xərclə , siqaretin mənasız romantikasına uyma, allah haqqı, quran haqqı, siqaret çəkməyin azadlıqla heç bir əlaqəsi yoxdu…Adın deyingən çıxacaq. Deyəcək ki, bəs, azadlıqdan danışırsan, niyə mənim siqaret çəkmək azadlığıma mane olursan.

Daha başa sala bilməyəcəksən ki, siqaret çəkməyin azadliğa nə dəxli var.   Əlqərəz,  əgər kimsə, hansısa böyük çaplı Madam Bovari sudan quru çıxmağı bacarıbsa, bu o demək deyil ki, sən də onun etdiklərini edib, sudan quru çıxmağı bacaracaqsan. Yəni, çinlilər demişkən, eyni yastığa baş qoymaq o demək deyil ki, eyni yuxunu görəcəksən. Ölkədə ailə münaqişəsi zəminində baş verən cinayət hadisələrini bir balaca dərindən araşdırsaq,  Modam Bovari əsərinin zaman adlı imtahandan üzüağ çıxmış, aktuallığını saxlamış, öyrədən, təhlükədən qoruyan bir əsər olduğunu görərik. Müdrik Flober əsər boyu elə hey bizi ayıq- sayıq olmağa səsləyir ve daima təkrar edir. Mədəni davranışlar, xoş sözlər hər zaman incə duyğulardan xəbər vermir.  Çernışevski “Nə etməli? əsərində yazır: “ Kişilər ona görə başqalarına tamah salırlar ki, özününkünü çılpaq görürlər, başqalarını isə paltarda. Əlbəttə, bu sözdə böyük bir hikmət vardır.



Anlayanlar bilər və gözünün ucuyla görənlər ibrət dərsi götürərlər.

Ana səhifəMənim FikrimcəUğurlu və uğursuz madam bovarilər