Ucar sakini: Banka əlimlə verdiyim pulu geri ala bilmirəm

“Gah dedilər, adımda cəmi 165 manat pul var, gah da dedilər, sənin pulun əmanət olmadığı üçün biz qaytarmırıq”.

Source: Specify Source


“Anlaya bilmirəm, əgər bank müflis durumdaydısa, “Aqrolizinq”lə niyə işləyirdi?”

“Texnika almaq üçün banka pul köçürdüm, bu günədək nə pulumu ala bilmişəm, nə də texnikanı. “Bank müflis olub, sizə verməyə pulu yoxdur”, – deyirlər. Mən anlayıram, amma texnikanın 40 faiz pulunu ödəmək üçün borc aldığım insanlar bunu anlamır. Çox pis durumda qalmışam”.

Ucarın Məlikballı kəndinin sakini Eyvaz İbrahimov belə deyir. O, 2019-cu il dekabrın 24-dən bu yana başına oyun gədiyini, altından çıxa bilmədiyini söyləyir:

““Aqrolizinq” ASC-yə müraciət etmişdim. Yeni traktor almaq istəyirdim. İstəyim qəbul edildi. Qanunla həmin texnikanın dəyərinin 40 faizini mən, 40 faizini dövlət, yerdə qalan 20 faizini isə bank verməli idi. Sonra mən həmin 20 faizi aybaay banka köçürəcəkdim. Nə isə məni Bakıya, “Aqrolizinq” ASC-yə dəvət etdilər”.


“10 min 292 manat köçürdüm, ortada texnika yoxdur”

Şikayətçi deyir ki, orda 4 bankın stendi olub. Ona işini bu banklardan biri ilə həll etmək lazım olduğunu deyiblər:

“Yəni birinin vasitəsilə kreditlə texnika götürə bilərdim. Orada mənə ilk yaxınlaşan “NBC Bank”ın işçisi oldu. Sənədləri yazdı, hər şeyi həll etdi. Dekabrın 27-də zəng etdi. Dedi “2 nəfər zamin götür gəl”. Getdim. Sənədləri hazırlamışdı. Mən də imzalayıb, “NBC Bank”ın Nəsimi filialına 10 min 292 min manat pul köçürdüm”.


“Mənə zəng gəldi ki, bank bağlanır, sistem dayandırılır”

Ödənişdən sonra Eyvaz İbrahimova deyilib ki, yanvarın 7-dək ona zəng edəcəklər. O da kəndə dönüb və bankdan zəng gözləyib. Deyilən vaxtdan günlər keçib, ancaq zəng gəlməyib:

“Fevralda özüm maraqlanmalı oldum. Dedilər ki, dövlət tərəfindən güzəşt edilən 40 faizlik məbləğ hələlik, köçməyib. Ancaq Kənd Təsərrüfatı Nazirliyindən elektron ərizəmə cavab gəlmişdi ki, həmin güzəşti ödəyiblər. Bunlar dirəndi ki, yox, yalan demirik, ödənməyib. Sonra koronavirus dövrü başladı. Bakıya gediş-gəliş çətinləşdi. Aprelin 24-də birtəhər Bakıya getməyə nail oldum. Yenə sənədlər yazdılar, ödəniş qrafiki müəyyən etdilər. Hətta sığorta ödənişi də etdim. Sonra mənə traktorun bütün sənədlərini verdilər. Hətta may ayı üçün nəzərdə tutulan aylıq ödənişi də aldılar. Bir neçə gün sonra mənə zəng gəldi ki, bank bağlanır, sistem dayandırılır. Ondan sonra mənimlə əlaqə saxlamadılar”.

img_5687.jpg
Mədaxil qəbz


“Ödədiyim pul əmanət olmadığı üçün geri ala bilmirəm”

Eyvaz İbrahimov deyir ki, sonra çox çətinliklə də olsa yenə Bakıya gedib. Bu zaman bank ona texnikanı vercəkləri ilə bağlı sənəd imzaladıb. Ancaq bu günədək nə pulunu, nə də texnikanı ala bilib:

“Öyrəndim ki, bağlanan banklarda əmanəti olanların pulları geri qaytarılır. Sevindim. Zəng etdim, dedilər, “sənin pulun əmanət kimi yox, lizinq yolu ilə texnika almaq üçün yatırılıb. Geri qaytara bilmirik, çünki pulumuz yoxdur”. Axırda da dedilər ki, qaytarılan pulları Əmanətlərin Sığortalanması Fondu verir. Mənə aid deyil”.


“Uzlaşmaq üçün hər hansı addım atılmır”

Eyvaz İbrahimov çıxılmaz durumda olduğunu deyir. Ödədiyi pulun çoxunu borc aldığını və borcluların qapısına dirəndiyini söyləyir:

“Anlaya bilmirəm, əgər bank müflis durumdaydısa, “Aqrolizinq”lə niyə işləyirdi? Yəni onu dövlətin proqramına kim qoşmuşdu? Əlimlə pulumu ödədim, bütün sənədlərim var, sübutlarım var, ancaq geri ala bilmirəm. Heç pulu da istəmirəm, işi başqa banka versinlər, texnikamı alım. Sonra aylıq krediti də ödəməyə hazıram. Ancaq etmirlər. Uzlaşmaq üçün hər hansı addım atılmır”.


“Əlimlə pul vermişəm, ayağımla düşmüşəm dalınca”

Şikayətçi bu yaxınlarda sonuncu dəfə bankın keçmiş əməkdaşı ilə əlaqə saxlayıb. “Bank bağlanıb, sənin ödədiyini geri verməyə pulumuz yoxdur”, – cavabını alıb:

“Bir sözlə, əlimlə pul vermişəm, ayağımla düşmüşəm dalınca – ala bilmirəm. Aidiyyatı qurumlara müraciət etmişəm, işə yaramır. Prezident Administrasiyasından tutmuş, Heydər Əliyev Fonduna qədər – hər yerə yazmışam. İşimə baxmırlar”.

img_5686.jpg
İltizam


“Nə edim, kimə şikayətlənim bilmirəm”

Eyvaz İbrahimovun 2-ci qrup əlilliyi var. Deyir, ailəsini təsərrüfatla dolandırır. Başqa heç yerdə çalışmır:

“Mən illərin traktor sürücüsüyəm. Kənddə insanların işini görür, özüm əkin-biçin, heyvandarlıqla dolanıram. Köhnə traktorum istismar müddətini çoxdan başa vurub, artıq istifadə ediləsi durumda deyil. Məcbur qalıb, borcla-xərclə yenisini almaq qərarına gəldim. Nədir ki, bir tikə çörəyimi qazana bilim. Onun da axırı belə oldu. İndi nə edim, kimə şikayətlənim bilmirəm”.


Əmanətlərin Sığortalanması Fondu deyir ki…

Meydan TV “NBC Bank”-la əlaqə saxlaya bilməyib. Əmanətlərin Sığortalanması Fondunun icraçı direktor müavini Vüqar Abdullayev bu işlə bağlı sorğuya cavabında bildirib ki, Eyvaz İbrahimovun hesabında olan vəsaitin geri qaytarılması ilə bağlı müraciətinə ləğv edilmiş “NBC Bank”-ın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunda baxılıb:

“Bakı Apelyasiya Məhkəməsinin 2020-ci il mayın 14-də çıxardığı qərarı ilə “NBC Bank” müflis elan edilib. Onun iflas proseduruna başlanıb. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “NBC” ASC-nin ləğvini təyin edib. “Banklar Haqqında Azərbaycan Respublikasının Qanunu”nun tələbləri nəzərə alınmaqla müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarları KİV-də ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində kreditor tərəfindən həmin tələbin hüquqi əsasını sübut edən sənədlər və digər məlumatların təqdim edilməsi əsasında ləğvedici tərəfindən qeydə alınmalıdır. Eyni zamanda, müflis elan olunmuş banka qarşı olan kreditor tələbləri “Banklar Haqqında Azərbaycan Respublikasının Qanunu”nun 82-ci maddəsinə əsasən, növbəlilik daxilində ödənir”.

img_5689.jpg
Akt


“10 aydır məni süründürürlər”

Eyvaz İbrahimov isə deyir ki, dəfələrlə Əmanətlərin Sığortalanması Fonduna zəng edib. Fonddan ona bildirilib ki, onun məktubu “NBC Bank”ın baş ofisinə göndərilib:

“Gah dedilər, adımda cəmi 165 manat pul var, gah da dedilər, sənin pulun əmanət olmadığı üçün biz qaytarmırıq. Axırda da bildirildi ki, ödədiyim qalan pul lizinqə köçüb. Mən yenə 1-2 ay gedib-gəldim, araşdırdım. Son cavabları bu oldu ki, mənim ödənişimlə lizinq açılıb. Həmin pul da qalıb “NBC Bank”ın hesabında. Bank isə müflis olub, pulu mənə geri ödəyə bilmir. Bir sözlə, 10 aydır sürünürəm, bir nəticə yox”.

Eyvaz İbrahimov artıq nə edəcəyini bilmədiyini söyləyir: “Şokdayam, belə çıxır ki, məni aldatdılar, pulumu aldılar, ortada isə nə pul var, nə də texnika”.

“Bu məsələdə vətəndaş tam haqlıdır”

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov isə deyir ki, vətəndaşla lizinq müqaviləsi 2019-cu ilin dekabrında bağlanıb. Bu insan pulu həmin müqavilədən 2 həftə sonra köçürüb:

“Qanunla vətəndaş pulu bankın bağlanmasından xeyli vaxt əvvəl köçürüb. Sual yaranı ki, bank həmin vəsaiti lizinqə köçürməli idi, niyə köçürməyib? Bu, özü qanun pozuntusudur. Üstəlik, adama texnikanı verməyiblər, vermələri ilə bağlı sənəd imzaladıblar, 1 aylıq kreditini ödətdiriblər”.

Əkrəm Həsənov deyir ki, aprelin 27-dən “NBC Bank”a təyin edilmiş müvəqqəti inzibatçı Mərkəzi Bank olub. Görünür, onlar da vəsaiti lizinq şirkətinə köçürməyiblər:

“Bunlar hamısı qanun pozuntusudur. Vətəndaş burada haqlıdır. Məhkəməyə müraciət etməlidir. O, lizinq şirkətinə qarşı iddia qaldırmalıdır ki, texnikanı versin. Ona sənəd imzaladıblar, ancaq texnikanı verməyiblər. Məhkəmə zamanı hər şey üzə çıxacaq. Məlum olacaq ki, bank pulu niyə vaxtında köçürməyib, köçürübsə, lizinq şirkəti texnikanı niyə vermir və s.”.

img_5691.jpg
Müqavilə
img_5688.jpg
Texniki təminat haqqında
Ana səhifəBölgəUcar sakini: Banka əlimlə verdiyim pulu geri ala bilmirəm