“Üç ay idi getmişdi, yanında əsgər vurdular”(VİDEO)


“Zəng vurduq, telefonu adboy getdi. Ondan sonra gecə səhərəcən, saat 12, 1, 2 zəng vurduq, buna zəng çatmadı”

Zahirə Şirəliyeva oğlu, Azərbaycan ordusunun keçmiş leytenantı Xalid Şirəliyevin öldüyü  gecədən danışır. Polisin məlumatına görə, mərhumun cəsədi 2014-cü il, noyabrın 1-i  Bakının Yasamal rayonu ərazisindən tapılıb. Tərtərdəki N saylı hərbi hissədə xidmət edən Xalid olaydan bir neçə gün öncə Bakıya, evlərinə qaçıbmış:


 “Üç ay idi getmişdi, yanında əsgər vurdular. Orada qorxudan sarılığa düşdü. Sonra  onu göndərdilər Bakıya hospitala. Getdi orada nə oldu,hardan keçdi, neylədi-neyləmədi, yenə də qayıtdı yerinə. Yerinə gələndən sonra yenə çıxdı gəldi. Dedim bəs niyə belə gəlirsən? Dedi ki, ciyərim ağrıyır, özümü yaxşı hiss etmirəm”.

Qadının sözlərinə görə, oğlu Bakıya qaçdıqdan sonra özünü Biləcəri Hərbi Polis İdarəsinin rəisi kimi təqdim edən Feyzi Hüseynov ona zəng edərək, oğlunun təslim olmasını istəyib. Ana da oğlu ilə birgə oktyabrın 31-i idarəyə gedib. Idarədə Feyzi Hüseynov anaya oğlunu xidmət etdiyi hərbi hissəyə aparacağını  desə də,  Xalid Şirəliyev həmin gecə müəmmalı şəkildə vəfat edib:


“Sonra Xalidi oradan saat 4-5-ə işləmiş apardı, mən də onun bütün sənədlərini verdim həmin bu Feyziyə. Həmin o Feyzi deyilən adamın maşınında gedib oğlum”.

Oktyabrın 31-i axşam saatlarından  oğlu ilə  əlaqəsi kəsildiyini deyən ana onun ölümü haqda yalnız dörd gün sonra, qohumlarının mərhumun xidmət etdiyi hərbi hissəyə getməsi nəticəsində xəbər tutub. Zahirə Şirəliyeva oğlunun öldürüldüyündən şübhələnir:


“Yarılandakı izlər heç, bunu bildik. Bəs bu qalan yerləri nədir?! Bu cür bunun bədəninin, alnının piyi çıxıb. Beli nə gündə. Bunun nə bilim, qalan yerlərini demirəm necə. Yəni eyib olar. Özü də elə oğul idi ki, onun bir qoluna heç kim cavab verə bilməzdi. Qurban olum Allaha. Birinci, Allah cəza versin. İkinci, bu, çolpa deyildi ki, elə deyil?! Bu cür daha, bu cür edərlər adamı? Nə əliniz gəldi? ”

Zahirə xanım deyir ki, böyük  oğlu, “7gün.az” saytının baş redaktoru Cavid Şirəliyev üç ay əvvəl şərlənərək, həbs edilib. Həyat yoldaşı isə üç il əvvəl vəfat edib. Xalid həm də onkoloji xəstəlikdən əziyyət çəkən anasının ümid yeri idi. Zahirə Şirəliyeva belə deyir. Onu da deyir ki, indi yeganə istəyi  oğlunun ölüm işinin düzgün araşdırılmasıdır.

Hərbi Prokurorluqdan Meydan Tv-yə bildiribər ki, keçmiş leytenant fərari olduğundan hadisənin onlarla əlaqəsi yoxdur. Və işi Nəsimi Rayon Prokurorluğu araşdır.  Nəsimi Rayon Prokurorluğundan  deyilənə əsasən isə , hadisə ilə bağlı Bakı şəhər Prokurorluğu məlumat verməlidir. Sonuncudan Meydan TV-yə bildirilib  ki, hadisə araşdırılır. Araşdırmalar bitdikdən sonra  mətbuata  açıqlama veriləcək.

Ananın iddiasına görə, oğlunu sonuncu dəfə təhvil verdiyi polkovnik-leytenant Feyzi Hüseynov  hadisə ilə bağlı bunları deyir:

 “Siz Müdafiə Nazirliyinə müraciət edərsiniz. Ondan sonra nə məlumat  lazımdırsa,  verəcəyik. Amma mən bircə onu deyə bilərəm ki, ona qarşı heç bir qeyri-qanuni hərəkətlər olmayıb. Yeri gəlmişkən, davranış qaydaları çox nəzakətli olub. İstər anasına qarşı, istərsə də rəhmətliyə qarşı”.

Meydan Tv Müdafiə Nazirliyinə “Feyzi Hüseynovun oktyabrın 31-i Xalid Şirəliyevi hansı ünvana aparması və mərhumun xidmət etdiyi  hərbi hissənin  məlumat olduğu halda, oğlunun ölüm faktı ilə  bağlı valideynə nəyə görə 4 gün sonra məlumat verilməsi” haqda sorğu göndərsə də, nazirlik hadisə ilə bağlı  Nəsimi Rayon Prokurorluğunda araşdırma aparıldığını  qeyd etməklə kifayətlənib.

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdiyi  monitorinqlərin nəticələrinə görə, hər il ölkənin təhlükəsizlik və müdafiə sektorunun itkilərinin yarıdan çoxu qeyri-döyüş şəraitinə aiddir. Mərkəzin məlumatına əsasən, bu ilin altı ayı ərzində  ölən 47 hərbi qulluqçudan 34-ü qeyri-döyüş şəraitində  vəfat edib.

Zahidə xanım kimi oğlunun ölümünün düzgün araşdırılmasını istəyən onlarla valideyn “Atəşkəs Qurbanları” adlı ictimai birlik də yaradıb. Lakin hər il 100-dən çox əsgəri vəfat edən  ölkədə qeyri-döyüş itkiləri və hadisələrin ədalətli araşdırılması məsələsi gündəm olaraq qalır.

Ana səhifəVideo“Üç ay idi getmişdi, yanında əsgər vurdular”(VİDEO)