Tutulan dindarın qardaşı: Evdən silah çıxardılar

Həbs olunan dindarların yaxınları onların oyuna qurban getdiyini düşünür

Source:


Həbs olunan dindarların yaxınları onların oyuna qurban getdiyini düşünür

Nardaran hadisələr ərəfəsində müxtəlif bölgələrdə, o cümlədən Gəncə şəhərində yaşayan onlarla dindar saxlanılıb, bəzilərinin isə evndə axtarış aparılıb.

Saxlanılan dindar Ruzi İsmayılovun adını demək istəmədiyi yaxını bildirir ki, Ruzini və digər dindar yoldaşlarını siyasi oyuna qurban veriblər:

“Ruzi mələk kimi insandır. Onun silah-sursatla nə işi? Mən bir dəfə olsun onun şübhəli hərəkətini görməmişəm. İşi, namazı ilə məşğul olan adamdı. Onlara şər atırlar”.

Yeni Gəncə qəsəbəsində yaşayan dindar Anar Sultanovun  da evinə baxış keçirilib və noyabrın 30-da saxlanılıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda Anar Sultanovun evindən 1 ədəd lüləsi və qundağı kəslimiş ov tüfəngi, 1 ədəd RQD-5 qumbarası, 2 ədəd patron darağı, 50 ədəd müxtəlif çaplı patron, 91 ədəd dini ədəbiyyat və 2 ədəd kitabça aşkar edildiyi bildirilir.

Anar Sultanovun qardaşı İlqar Sultanov isə Meydan TV-yə açıqlamasında deyib ki, evdə heş bir odlu silah olmayıb:

“Qardaşım evdə yox idi, Kərbala ziyarətindədi. Gəlib evdə axtarış apardılar, mən onlar çıxana yaxın gəldim. Guya silah-sursat tapıblar. Evdən silah çıxması mümkün deyildi, amma çıxardılar. Siyasi oyundu, nədir, bimirik…”

DİN-in açıqlamasında bildirilib ki, noyabrın 30-da Gəncə şəhər BPİ əməkdaşları tərəfindən “Müsəlman Birliyi” adlı Hərəkatın üzvlərinə dəstək verən Mübariz İbrahimov, Ramiz Sarıyev, Ruzi İsmayılov, Rövşən Əsədov, Anar Sultanov, Füzuli Abbasov və Ramil Abbasovun evinə baxış keçrilib, müxtəlif növ silah-sursat, qumbara, dini ədəbiyyatlar aşkar edilərək götürülüb.

Naziriyin ən son dekabrın 2-də verdiyi məlumatında daha 2 nəfər Gəncə sakininin Elnur Cabbarov və Elnur Mehdiyevin saxlanıldığı deyilir.

Həbslər noyabrın 26-da Nardaranda bir neçə adamın həbsi, 7 nəfərin ölümü ilə nəticələnmiş əməliyyatdan sonra baş verib. Hadisə zamanı “Müsəlman Birliyi” Hərəkatının sədri Tale Bağırzadə həbs edilib.

Ondan bir az əvvəl, noyabrın 5-də isə birliyin sədr müavini Elçin Qasımov həbs edilib.

Nardaran hadisələri və həbslərlə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə də münasibət bildirib:

“Bunların kökü xaricdən gəlir. Xaric deyəndə bəziləri qonşuluqdakı dövlətləri nəzərdə tutur. Lakin nə Türkiyə, nə də İran Azərbaycanda iğtişaşın tərəfdarıdır. İran Azərbaycanda sülh olmasını istəyir”.

Politoloq Ərəstun Oruclu isə dini zəmində olan təzyiqlərin və ya həbslərin hakimiyyətin marağında olmasını ehtimal etmir.

“Azərbaycanda son günlər dindarların etirazları və ya kiminsə həbsində Azərbaycan hökümətinin marağının olduğunu düşünmürəm. Çünki hökumət də bilir ki, dini amillə oynamaq təhlükəlidir. Üstəlik cəmiyyətdə kifayət qədər narazı kütlə var. Bu, xaricdən qaynaqlanır”.

Politoloq düşünür ki, hakimiyyətin bu müstəvidə ən böyük yanlışı  dindarlarla dioloqa girməməsidir. Əlavə edir ki, güc tətbiq edilməsi bu prosesləri daha da pisləşdirə bilər.

Ana səhifəXəbərlərTutulan dindarın qardaşı: Evdən silah çıxardılar