”Türmədə oxumaq istədiyim şeirləri özüm yazırdım”

Mahir Mehdi
Mahir Mehdi
Mahir Mehdi
Mahir Mehdi


Şair Mahir Mehdi ”5-ci cəza kəndindən qeydlər” yazacaq



Şair Mahir Mehdi 1 il  6 aylıq həbsdən sonra azadlığa çıxıb. Avqustun 26-da Salyandakı Xalac türməsindən buraxılan şairin cibinə 3 manat qoyub yaşadığı Yevlaxa yola salıblar. Ancaq 3 manatla Yevlaxa getmək mümkünsüz olduğundan şair yol alıb Bakıya. Paytaxta çatan kimi də ilk işi internet-kluba baş çəkib FB-yə girmək olub. Onun azadlığa çıxdığını da elə yazdığı ilk statusdan öyrəndik: “Qayıtdım”. Görüşüb söhbətləşdik.


– Türmədən çıxanlara ilk söz “həmişə azadlıqda” olur. Ənənəni pozmayaq: Mahir, həmişə azadlıqda. O şirin neməti saat neçədə qazandın?

– Saat 11-də. Vaxtı çatanların qəribə arzuları olur; biri çıxan kimi özünü yaxınlıqdakı kafeyə verib qutab yeməyi, biri xaş yeməyi, biri kabab yeməyi arzulayır. Mən gəlib çox sevdiyim “Moy laskoviy i nejnıy zver” filmindəki məşhur musiqiyə qulaq asdım…


– Bu xoş ovqatını pozmaq istəməsəm də, gəl ilyarım əvvələ – azadlığının əlindən alındığı günə qayıdaq. O vaxt mətbuatda rəsmi məlumatlar yayılmışdı, polisə müqavimət. Bir neçə nəfərə qarşı müqavimət çətin olmadı ki?

– Yevlaxdan Bakıya gəlirdim. Dəmiryol vağzalındə biletimi polisə göstərdim ki, gözüm yaxşı görmür, görün vaqonun nömrəsi neçədir. O da mənə qayıtdı ki, bir dönər pulu ver, deyim. Bu sözə görə mübahisəmiz düşdü. Onu da deyim ki, içkiliydim. Məni tutub vağzal polisinə apardılar. Üst-başımı axtarmağa başlayanda etiraz etdim, cibimə girməyin, özüm üstümdə olanları göstərərəm, dedim. Onlar buna məhəl qoymadılar, mən də müqavimət göstərdim. Onlar da dedilər ki, artıq sən heç yerə gedə bilməzsən. Saxlanılırsan. Yaxınlarından kiminsə telefonun ver, ona zəng vuraq. Mən bundan da, izahat yazmaqdan da imtina elədim. Həmin gün məni elə vağzalda kiçik bir otaqda saxladılar. Səhərisi günü dedilər ki, məsələni barışıq yolu ilə həll edək, polislərdən şikayətçi olma, denən içkili olmuşam, polisləri düzgün başa düşməmişəm, belə də izahat ver. Mən də onların dediyi kimi barışıqla bağlı izahat verdim.


– Bəs onda həbs nəydi?

– O izahatdan sonra onlar məni Yevlax Rayon Prokurorluğuna apardılar. Səhv etmirəmsə, Emin Murquzovun, müstəntiqin yanına. İzahatımda yazdıqlarımı – polislərdən şikayətçi olmadığımı müstəntiqə dedim. Müstəntiqsə dedi ki, bu polislər səndən şikayətçidir. Onların ərizəsini də mənə göstərdi. Mən də onlarla razılığa gəldiyimi, barışıq izahatı yazdığımı dedim. Ancaq müstəntiq o izahatın keçərli olmadığını dedi. Polislər şikayətdə yazmışdılar ki, guya mən polisin dodağına xəsarət yetirmişəm, onlardan birinin paqonunu qopartmışam, o biri polis də buna şahidlik edib. Müstəntiq dedi ki, Cinayət Məcəlləsinin 221.1 və 315.1-ci maddələrilə cinayət işi qaldırılır. Səni 3 ildən 7 ilə qədər həbs gözləyir. Ancaq səni tanıyırıq, bioqrafiyana baxmışıq, mətbuatdan kimsə zamin dursa, işi bağlaya bilərik. Mən də dedim ki, özüm özümə zaminəm, kimsənin zaminliyinə ehtiyacım yoxdur.


– O durumda belə bir iddia…

– Hə, mən də belə adamam. Bundan sonra müstəntiq dedi ki, səni buraxırıq, ancaq Yevlaxdan çıxmamaq şərtilə, get evə, çağıranda gəl. Başqa yerə getməməklə bağlı iltizam da aldı. Səhəri günü müstəntiq məni çağırdı. Burda sürprizlə qarşılaşdım. 3 şahid gətirmişdilər, guya polislə insident vaxtı orda olublar, ancaq onların heç birini görməmişdim. Onlar dedilər ki, bu adam vağzalda özünü pis aparıb, nalayiq söyüşlər söyüb, oradakıların rahatlığını pozub və s. Növbəti günü müstəntiq məni yenə çağırdı, getmədim. Dedim, gəlmək istəmirəm. Bundan təxminən bir saat sonra polis maşınıyla evə gəlib məni müstəntiqin yanına apardılar. O da bunun yeri “KPZ”di deyib, məni polisin müvəqqəti saxlama təcridxanasına göndərdi.


– Orda nəsə problem olmadı?

– Yox, hörmətlə yanaşırdılar, istəklərimlə maraqlanırdılar, Allah var adamın başının üstündə… İki gün orda qaldım. Sonra Yevlax Rayon Məhkəməsinə apardılar. 3 aylıq həbslə “mükafatlandırıldım”. Məhkəmədə qolumu qandallayıb məni Gəncədəki müvəqqəti saxlama təcridxanasına apardılar. Bu 3 ayda təxminən 3-4 dəfə Yevlaxa gətirdilər. Ancaq heç bir istintaq hərəkəti aparılmırdı. Üç ayın tamamına bir neçə gün qalmış məhkəmədə hazırlıq iclası oldu. Vəkil tutmağa imkanım yox idi, onların vəkil təklifindən isə imtina etdim. Sonrakı prosesdə şahidlər gəlməmişdi, ancaq zərərçəkənlər dindirildi. 2016-cı il iyunun 09-da keçirilən üçüncü prosesə nə zərərçəkənlər, nə də şahidlər gəldi. Hakim Vəzirxan Məlikovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı Vaqif Əsədov mənə 3 il 6 ay iş istədi. Hakim Avropa Konvensiyasını, nə bilim, yaşayış yerimdən “müsbət xarakterizə olunmağımı” və başqa nələrisə sadalayıb  1 il 6 ay iş verdi. Məni təzədən Gəncəyə qaytardılar. Apelyasiya şikayəti də vermədim. İyulun 24-də Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsinə – Xalac türməsinə gətirdilər. 18 ay tamam olan kimi də buraxdılar…


– Həmişə azad olmağı sevən şairin türmə günlərində ilham pərisi tikanlı məftillərdən, dəmir barmaqlıqlardan keçib qapalı məkana yol tapa bilirdi?

– Həmişə… Günlərimi əsasən kitablarla keçirirdim. İlyarımda 50-dən artıq kitab oxudum. Əsas da nəsr əsərləri. Oxumaq istədiyim şeirlərisə özüm yazırdım.


– Yazdıqların arasında oxumaq istəmədiklərin oldumu?

– Elələri də var idi. Anındaca onların üstündən xətt çəkirdim… Sağlıq olsun, imkan tapıb şeirlər kitabımı çıxaracam.


– Bayırla müqayisədə içəridə keçən ilyarımı neçə ilə sığışdırmaq olar?

– Hardasa bir romana sığışdırmaq olar; rus romanlarına.


– Artıq nəsrə keçirsən?

– Yox, qətiyyən, mən sadəcə roman haqda şeir yazıram. Cəzaçəkmə müəssisəsi haqdasa ayrıca yazılarım olacaq, “5-ci cəza kəndindən qeydlər” adlı…

Ana səhifəVideo”Türmədə oxumaq istədiyim şeirləri özüm yazırdım”