Türkmənistanın Sərdarı…

Yazar: Rövşən Hacıbəyli

Foto: Meydan.tv

Türkmənbaşı şəxsən ona katiblik edir

Bu il martın 12-də qardaş Türkmənistanda keçirilən prezident seçkisi, heç şübhəsiz, dünya tarixində öz layiqli yerini alacaq. 14 fevral 2007-ci ildən Türkmənistanın dəyişməz prezidenti olan Qurbanqulu Berdiməhəmmədov 2012 və 2017-ci illərdə keçirilən seçkilərdə də postunu qoruyub. Növbəti – 4-cü seçkidəsə, yəni 15 ildən sonra yerini oğluna verib. Görünür, yorulub (bizim prezident ondan düz 4 il qabaq hakimiyyətə gəlsə də, 19 ildir bu postda otursa da, nə yorğunluğu var, nə də vəzifəni kiməsə ötürmək niyyəti). Ola bilsin, kimlərsə bu yanaşmanı, “oğluna ötürmək” məsələsini yanlış anlasın, əslində, onun oğlu “alternativ əsaslarla keçirilən seçkidə” qalib gəlib. Bunu mən yox, “beynəlxalq müşahidəçilər” – Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatından olan müşahidəçilər belə qiymətləndirib, yəni seçkinin nəticələrini legitim sayıb: “Türkmənistanda prezident seçkiləri uğurla, mütəşəkkil şəkildə, geniş alternativ əsasda, aşkarlıq və şəffaflıq şəraitində, seçicilərin yüksək fəallığı ilə keçirilib”.

O boyda təşkilatlara şübhəylə yanaşmaq bizə yaraşmaz. Həm də ona görə ki, nəticələr açıqlanandan sonra bir çox nüfuzlu dövlət başçıları eyni gündə, martın 15-də Qurbanquluya (?!) zəng vurub uğurlu seçki münasibətilə onu təbrik ediblər. Sağ olsun, o da ədəb-ərkanla zənglərə cavab verəndən sonra dəstəyi oğluna – yeni prezident Sərdara ötürüb.

Türkmənistan saytları bununla bağlı informasiya yayıb. Düzdür, həmin informasiyalarda dəstəyi oğluna verərkən Türkmənbaşının nə dediyi yazılmayıb. “Bunlar niyə sənə yox, mənə zəng vururlar” deyib-demədiyi də bilinmir. Hər halda, dövlət başçılarının onu bu şəkildə, həm də sözləşiblərmiş kimi eyni gündə narahat etməsindən qəzəblənməsi şübhəsizdir. Dədə-bala o cür seçkinin gərginliyindən qurtarmamış, hərə bir diyardan zəng vurur, həm də təzə prezidentə yox, köhnəyə. Axı o indi Xalq Məsləhəti və Məclisi Milli Gengeşin sədridir. Ancaq o da var ki, Qurbanqulu millətin atası olmaqla yanaşı, həm də Sərdarın atasıdır, yəqin, prezidentlərə elə buna görə güzəştə gedib, ağır sözlər deməyib.

İndi isə gəlin həmin informasiyalarla, nüfuzlu dövlət başçılarının təbrik zənglərinin, təbii ki, qısaldılmış formasıyla tanış olaq:

Bu gün Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub…
Sonra xalqın lideri telefonun dəstəyini Türkmənistanın yeni seçilmiş prezidenti Sərdar Berdiməhəmmədova təqdim edib.

Bu gün Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub…
Türkiyə Respublikasının Prezidentinə möhkəm cansağlığı, uzun ömür və bütün işlərində uğurlar arzulayan xalqın lideri dəstəyi Türkmənistanın yeni seçilmiş prezidentinə verib.

Bu gün Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi arasında telefon danışığı olub.
Prezident Qurbanqulu Berdiməhəmmədov fürsətdən istifadə edərək, dövlətlərarası əməkdaşlığın inkişafına verdiyi böyük şəxsi töhfəyə görə Prezident Seyid İbrahim Rəisiyə təşəkkür edib…

Sonra xalqın lideri dəstəyi Türkmən dövlətinin yeni seçilmiş rəhbərinə təhvil verib.

Bu gün Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi arasında telefon danışığı olub…
Pakistan İslam Respublikasının Prezidentinə möhkəm cansağlığı, uzun ömür və bütün fəaliyyətində uğurlar arzulayan dövlətimizin başçısı dəstəyi Türkmənistanın yeni seçilmiş prezidentinə verdi.

Bu gün Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olub…
Həmkarına möhkəm cansağlığı, uzun ömür və uğurlar arzulayan Türkmənistan lideri telefonun dəstəyini Türkmənistanın yeni seçilmiş prezidentinə təhvil verib.

Bu gün Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub…
Sonra xalqın lideri telefonun dəstəyini Türkmənistanın yeni seçilmiş prezidenti Sərdar Berdiməhəmmədova təqdim edib.

Bu gün Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə Qazaxıstan Respublikasının Prezidenti Kasım Jomart Tokayev arasında telefon danışığı olub…
Sonra xalqın lideri telefonun dəstəyini Türkmənistanın yeni seçilmiş prezidenti Sərdar Berdiməhəmmədova təqdim edib.

Bu gün Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə Qırğız Respublikasının Prezidenti Sadır Japarov arasında telefon danışığı olub.
Qırğız Respublikasının prezidentinə möhkəm cansağlığı, uzun ömür və bütün işlərində uğurlar arzulayan xalqın lideri telefonun dəstəyini Türkmənistanın yeni seçilmiş prezidenti Sərdar Berdiməhəmmədova verib.

Yeri gəlmişkən, uzaqgörən Qırğızıstan Prezidenti Sadır Japarov bu il fevralın 26-da Türkmənbaşıya məktubunda əsl astroloq kimi proqnoz verib, Türkmənistanın növbəti seçilmiş prezidentinin Qurbanqulu Berdiməhəmmədovun başladığı yolu davam etdirəcəyinə ümidvar olduğunu bildirmişdi.

1.Bu gün Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon arasında telefon danışığı olub.
Sonra xalqın lideri telefonun dəstəyini Türkmənistanın yeni seçilmiş prezidenti Serdar Berdiməhəmmədova təqdim edib.

  1. Bu gün Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.
    Özbəkistan Prezidentinə möhkəm can sağlığı, uzun ömür və bütün işlərində uğurlar arzulayan xalqın lideri telefonun dəstəyini Türkmənistanın yeni seçilmiş prezidentinə verib.

P.S. Dünya liderlərindən təbrik zəngləri gəlməkdə davam edir. Düzdür, yenə zəngləri öncə Qurbanqulu cavablayır, ancaq hal-əhval tutandan sonra dəstəyi Sərdara verir…

Ana səhifəMənim FikrimcəTürkmənistanın Sərdarı…