Vilayətlərdən şəhərə ərzaq üçün gəlmək qadağan olunub
Türkmənistanda SSRİ-nin ötən əsrin 80-90-cı illərində qarşılaşdığı ərzaq çatışmamazlığı yaşanır.
Rusiyanın
Lenta.ru
saytının məlumatına əsasən, mağazalarda un yoxdur, çörək və ət çatışmır, qənd, yağ və süd məhsullarının qiyməti kəskin artıb.
Siqaret, kolbasa üçün növbələrə bir neçə ay əvvəldən yazılırlar.
Hakimiyyət nümayəndələri vəziyyəti şərh etmirlər, yerli KİV-lər isə əhalinin rifahının artması və bolluq haqqında məlumatlar dərc edirlər.
Çörək almaq üçün türkmənlər mağazada səhərdən növbəyə dururlar, amma bu da çörəyin hamıya çatacağına zəmanət deyil. Ət, yumurta, un məhsullarını tapmaq mümkün deyil. Artıq bir neçə aydır ölkəyə siqaret gətirilmir, benzin ehtiyatı bitmək üzrədir. Biznesmenlər Türkmənistan valyutası olan manatın ucuzlaşacağından ehtiyatlanaraq daşınmaz əmlak alırlar.
Əyalətlərdə vəziyyət şəhərlərdən daha pisdir. Bura ərzaq gecikmələrlə və az sayda çatdırılır. Paytaxt Aşqabada ərzaq üçün gələnləri hüquq-mühafizə orqanları şəhərə buraxmırlar, təsadüfən keçə bilən insanlardan isə geri qayıdarkən əldə etdikləri ərzağı alıb, onları cərimə edirlər.
Qıtlıq əhalinin əksər hissəsinin alış-veriş etdiyi dövlət mağazalarına aiddir. Bu mağazalarda qiyməti dövlət özü müəyyən edir və qiymətlər aşağıdır. Özəl mağazalarda qiymətlər bir neçə dəfə baha olduğundan, oranın müştəriləri varlı adamlardır.
Dövlət telekanalları arzaq çatışmamazlığını təkzib edərək, özəl mağazalardan reportajlar verib, onları dövlət mağazaları kimi təqdim edirlər.
Uzun illər təbii resurslarını ixrac edən Türkmənistanda hakimiyyət əhalinin həyat səviyyəsini normal vəziyyətdə saxlaya bilirdi, hətta kommunal xidmətləri əhali üçün pulsuz da etmişdi.
Neft və qazdan olan gəlirlərin əhəmiyyətli hissəsi isə respublikanın arxitekturasının adablaşdırılmasına yönəldilirdi. Altı il bundan əvvəl Aşqabad ağ mərmərdən olan binaların sayına görə Ginnesin rekordlar Kitabına da daxil edilib. Türkmənistan paytaxtında 600 belə bina var.
Sentyabr ayının sonunda prezident Berdıməhhəmədov ölkənin sosial yönümlü iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidini elan edib. O qərarını əhalinin rifah halının bundan sonra daha da yaxşılaşdırılması planları ilə izah edib. Hazırda hakimiyyət Xəzərdə infrastruktur layihələrinin inkişafında maraqlıdır. Bu, türkmən qazının Avropaya çatdırılması üçün vacibdir. Bunun hesabına rəsmi Aşqabad büdcəni doldurmaq istəyir. Bundan başqa Türkmənistan “Qazprom”un qaz alışını yenidən bərpa edəcəyinə ümidlidir.
Hazırda Türkmənistan qazının əsas alıcısı Çindir. Amma, dünyada enerji resurslarına olan aşağı qiymət səbəbindən, Türkmənistan da qaza olan qiymətləri aşağı salmağa məcbur olub. Ekspertlər hazırda olan ərzaq qıtlığını da məhz bu amilə bağlayırlar.
Ekspertlər hesab edirlər ki, ərqaz qıtlığı proseslərin başlanğıcıdır. Yeni ildən əhali kommunal xidmətləri özü ödəməli olacaq.