Türkiyənin PKK-çı kimi axtarışa verdiyi şəxs Azərbaycana özünü Suriya qaçqını kimi təqdim edib

Duman Özgür: “Xahiş edirəm, məni Türkiyəyə göndərin”

Foto: Meydan TV


Duman Özgür: “Xahiş edirəm, məni Türkiyəyə göndərin”

Türkiyənin PKK tərəfdarı kimi beynəlxalq axtarışa verdiyi 1990-cı il təvəllüdlü Duman Seyfəddin oğlu Özgür Azərbaycanda həbs olunub. Martın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə onun işinə baxılıb.

Azərbaycan Ədliyyə Nazirliyinin, Türkiyə səfirliyinin əməkdaşlarının da iştirak etdiyi məhkəmədə Duman Özgürə qarşı ittihamlara yox, onun ölkəsinə təhveil verilib-verilməməsi məsələsinə baxılıb.

Duman Özgür partlayıcı maddələrin saxlanması və daşınmasında ittiham olunur.

O, məhkəmədə ifadəsində bildirib ki, Azərbaycanda öz səhvi ucbatından həbs olunub. Onun sözlərinə görə, Azərbaycana gələndən sonra Dövlət Miqrasiya Xidmətinə gedərək, özünü Suriya qaçqını kimi təqdim edib, bütün sənədlərini itirdiyini söyləyib. Lakin araşdırma zamanı onun Duman Özgür olduğu ortaya çıxıb və həbs olunub.

Duman Özgür onu da bildirib ki, bundan əvvəl eyni ittihamla (partlayıcı maddələr, “Molotov kokteyli” hazırlama, daşıma) Türkiyədə 7 il 6 ay həbs cəzası çəkib. Növbəti dəfə ona həbs təhlükəsi yarananda ölkədən qaçıb. Əvvəlcə bir müddət Gürcüstanda yaşayıb, oradan Bakıya gəlib.

O, məhkəmədə bildirib ki, ölkəsinə təhvil verilməsini istəyir: “Xahiş edirəm, məni Türkiyəyə göndərin, bu barədə təqdimat təmin olunsun”.

Məhkəmə Ədliyyə Nazirliyinin təqdimatını təmin edib.

Ana səhifəDünyaTürkiyənin PKK-çı kimi axtarışa verdiyi şəxs Azərbaycana özünü Suriya qaçqını kimi təqdim edib