Türkiyənin Marigellası…

… və ya Ərdoğana qarşı Karataş modeli

Source:


 … və ya Ərdoğana qarşı Karataş modeli

Türkiyə yenə qaynayır. Son terror aktları ölkəni ayağa qaldırdı. “Nə baş verir və bunun sonu necə olacaq” sualı aktual olsa da, proseslər bir daha alternativ paradiqmanın effektliyi fikrini sübuta yetirdi.

Türkiyədə liberal ideologiya artıq fiaskoya uğrayıb. Doğru Yol, Ana Vətən kimi partiyalar demək olar ki, siyasi səhnədən siliniblər. İnsanlar ifrat sekulyarlığa etirazını mötədil islamçıları hakimiyyətə gətirməklə bildirdi.

Lakin hər kəsin bir etimad limiti mövcuddur və insanlar daima yenilik axtarışında olurlar. Bu baxımdan, artıq 12 ildir hakimiyyətdə olan mötədil islamçılar da nə tam mənada ümidləri doğrulda bildilər, nə də ki siyasi sistemdəki boşluqları.

Müqəddəs yer isə boş qalmır. İncil bunu öyrədir. Bu baxımdan, iflasa uğrayan  liberal, millətçi, sosial-demokrat ideologiyaları əvəzinə siyasi səhnədə yeni bir devrimçi qüvvənin çıxa biləcəyi ehtimalı yaranırdı. Əslində, ən yaxşı yenilik elə köhnəlikdir. Bu baxımdan, artıq 1978-ci ildən ən müxtəlif adlarla və pərakəndə fəaliyyət göstərən  DHKP-C  (Devrimçi Xalq Qurtuluş Partiyası – Cəbhə) zamanı boş buraxmadı. Sərt, amansız, bir qədər qəddarlığı ilə tanınan sol devrimçilər AKP iqtidarı qarşısında konkret tələblə çıxış etdilər -2013-cü il Gəzi olayları zamanı çörək almaq üçün evdən çıxan 14 yaşlı Berkin Elvanı qətl edən  polislər həbs olunsun. Lakin insanın ağlını alan bu olayın iştirakçıları nəinki həbs edildi, əksinə, AKP lideri  Ərdoğan yeniyetməni “terror təşkilatının üzvü” adlandırdı.

CHP və MHP-nin  yalnız bəyanatlardan ibarət etirazı heç bir effekt vermədi və DHKP-C  fəaliyyətə keçdi.

Kimdir DHKP-C  üzvləri? 30 mart 1994-cü il tarixində əksər devrimçi solları vahid təşkilatda birləşdirən və 2008-ci ildə xərçəng xəstəliyindən vəfat edən, saysız hesabsız siyasi qətllərdə, terror aktlarında ismi keçən və on minlərlə insan üçün bir əfsanə olan Dursun Karataşın adı ilə bağlı olan bu təşkilat bir tələbdə bulunurdusa, əmin olmaq lazım idi ki, tezliklə ölkədə son dərəcə sarsıdıcı proseslər başlayacaq.  Bu təşkilat hakimiyyəti isti kabinetlərdə pisləməyə vərdiş edənlərdən deyil.

Dursun Karataşla Azərbaycanda müqayisə olunacaq bir siyasətçi yoxdur. Azərbaycan siyasətçisi ya həyatda olmayan Səməd Vurğunun cəsədi ilə savaşır, ya bəyanat verməkdə yeganə olduğunu sübuta yetirmək istəyir, ya yenilənmiş komandasını Cim Kerrilərdən ibarət edir, ya ətrafını “Çarlinin sarışın mələkləri”nə bənzədir.

Dursun Karataş və onun qurduğu DHKP-C  isə bir bəyanatı verdisə, onun arxasında dayanmağı bacarır.

Fəaliyyətini anti-Amreika ritorikası üzərində quran DHKP-C –nin yüzlərlə üzvləri ideya naminə özlərini qurban verərək, qətlə yetiriliblər. Onlarla üzv həbsxanalarda sona qədər aclıq elan edərək vəfat edib, onlarla üzv həbsxanada qiyam qaldırıb və diri-diri yandırılaraq öldürülüb.

DHKP-C -nin fəaliyyəti  demokratik deyil. Lakin qətiyyətlidir. Terrora meyllidir. Lakin bu insanlar millət vəkili olmaq naminə öz yoldaşını çirkaba bulaşdırmır, mitinqləri mandat alverində vasitəyə çevirmir. DHKP-C  liberallara, millətçilərə, dinçilərə, sosial-demokratlra qarşı açıq savaş açıb. Açıq vuruşur. Siyasət oynamır. Yeni düzən təklif edir. Hakimiyyət istəmir. Paradiqmaları dəyişməyə cəhd göstərir. Alternativ təklif edir. DHKP-C   üzvləri bu savaşın sonunda qənimət böləcəklərini ağıllarından belə keçirtmirlər. Ciddi və sərt kişilərin partiyası olan DHKP-C -nin başlıca uğuru elə bundadır.

“Biz qan istəmirik”, “Biz demokratiya istəyirik” deyən formaca demokrat, məzmunca diktator olanlardan da deyil DHKP-C. Necə var, elə də görünür. Nə qrant uğrunda mübarizə aparır, nə də ki hakimiyyətə “başqasını deyil, məni satın alın” mesajını verir. Deyirsə, edir. Bacarmırsa, demir. Nə yeni dalğadan, nə də ki növbəti maraqlı ildən danışmır.

Dursun Karataş sıradan biri deyildi. 17 ölkədə 1500 ayrı-ayrı suçlardan aranırdı. Kimlər üçün o bir terrorçu, kimlər üçünsə bir əfsanə idi. İstənilən halda o, sözünün sahibi idi. Əgər, desəydi ki, hakimiyyətə gəlirəm, dünya dağılsa belə, gələcəkdi. Dursun Karataş hırıldaya-hırıldaya irişən, ayağı sürüşkən siyasətçilərdən də deyildi. O, bir devrimçi lider idi. Elə buna görə də sevilirdi…


Azər RƏŞİDOĞLU

Ana səhifəXəbərlərTürkiyənin Marigellası…