Türkiyədən Bakıya gətirilən dindara ittiham verildi

Anar Cabbarovun həbs olunduğu açıqlanıb

Source: Meydan TV


Anar Cabbarovun həbs olunduğu açıqlanıb

“Müsəlman Birliyi” Hərəkatının üzvü, təşkilatın sədri Taleh Bağırzadənin yaxın dostu olan Anar Cabbarovun həbs olunduğu dəqiqləşib. Martın 16-da Türkiyədə saxlanılıb öncə polis, oradan Göç (Deportasiya) İdarəsinə, daha sonra Azərbaycanın İstanbuldakı konsulluğuna aparılan və martın 21-də Bakıya gətirilən Anar Cabbarov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə əldə etmə, saxlama, gəzdirmə satış məqsədilə olduqda) maddəsilə ittiham olunur. İttihama əsasən, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu şübhəli şəxs qismində saxlayıb, baxış zamanı üzərindən narkotik tapılıb.

A.Cabbarovun anası isə Meydan TV-yə bu ittihamın yalan olduğunu bildirib. Oğlunun bütün pis vərdişlərdən, o cümlədən narkotikdən uzaq biri olduğunu deyən Hökümə Cabbarovanın sözlərinə görə, Anar Türkiyədən tutulub gətirilibsə, Bakıda onun şübhəli şəxs kimi saxlanması, üstündən nəsə tapılması absurddur: “Anarı Türkiyədə saxlayanda ona vəkil tutulub. O vəkil dəfələrlə Göç İdarəsinə gedib-gəlib. Ona deyiblər ki, sənəd məsələsinə görə saxlanılıb, narahat olmayın, buraxılacaq. Sonra da gizlicə Bakıya təhvil veriblər. Nə oldu, Anar gələndə üstündə narkotik gətirdi? Bəs Türkiyədə saxlandığı 5 gündə onun üstünə baxmamışdılar? Anarı Türkiyədən özləri gətiriblər. Bakı aeroportunda təsüdafən bir tanışı görüb, özü əlləri bağlı vəziyyətdə olub, qışqırıb ki, “yaxınlarıma xəbər verərsən, məni “banditizmə” aparırlar”. Bu qədər şər-böhtan olmaz də”.

Anası bildirib ki, A.Cabbarovun üç azyaşlı övladı var, o, Türkiyədə ailəsilə birlikdə yaşayıb, xırda ticarətlə məşğul olurdu. Oğlunun günahsız olduğunu vurğulayan H.Cabbarova onun “Müsəlman Birliyi” Hərəkatının üzvü və Taleh Bağırzadənin dostu olduğuna görə şərlənib həbs edildiyini düşünür.

“Hələ ki, Anarla nə görüşə bilmişik, nə də telefonla danışmışıq. Heç vəkil də görüşə bilməyib. Bildiyimiz bircə odur ki, aprelin 3-də Kürdəxanıya (1 saylı Bakı İstintaq Təcridxanası) köçürüblər, oradadır. Bakıya gətirəndən sonra 14 gün gizlətdilər, yerini demədilər. Əsir-yesir qaldıq, tapa bilmədik”, – H.Cabbarova əlavə edib.

Türkiyə hökuməti bundan öncə də bir neçə dəfə Azərbaycan hökumətini tənqid edən şəxsləri öz ərazisində saxlayaraq, Bakıya göndərib. “Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov, keçmiş deputat Hüseyn Abdullayev Türkiyə ərazisində tutulub. Azərbaycan hökuməti də öz növbəsində Türkiyənin “Fətullah Gülən tərəfdarı” kimi təqdim edib, terrorçuluqda ittiham etdiyi vətəndaşlarını öz ərazisində saxlayıb. Onlar beynəlxalq hüquq normalarına uyğun olaraq, məhkəmə qərarıyla azadlığa buraxılsalar da, məhkəmə binasından çıxan kimi tutulub, Türkiyəyə göndəriliblər.

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın onlarla üzvü həbsdədir. Onlar əsasən, Nardaran hadisələrindən sonra həbs olunub, dövlət çevrilişinə cəhd, terrora çağırış və s. ittihamlarla 20 ilə qədər azadlıqdan məhrum ediliblər. Təşkiların üzvlərinin bir qismi martın 17-də prezidentin əfv sərəncamıyla azadlığa buraxılıb. Onların arasında hərəkatın sədr müavini Elçin Qasımov da var.

Ana səhifəXəbərlərTürkiyədən Bakıya gətirilən dindara ittiham verildi