Türkiyədə universitetlər distant təhsilə keçir (Yenilənir)

Foto: Əziz Kərimov

62 nəfər barəsində həbs qərarı çıxarılıb

Türkiyənin səhiyyə naziri Fahreddin Koca zəlzələ nəticəsində ölənlər və xəsarət alanlar barədə son məlumatı açıqlayıb. Nazir 22 min 327 nəfərin öldüyünü, 80 min 278 adamın isə yaralandığını bildirib.

Adana Prokurorluğu zəlzələ nəticəsində şəhərdə dağılan binalarla bağlı apardığı istintaq çərçivəsində 62 nəfər haqqında həbs qərarı çıxarıb.

Kahramanmaraş. Foto: Əziz Elxanoğlu


Avstriya xilasediciləri Kahramanmaraşda işlərini dayandırıb

Kahramanmaraşda zəlzələ bölgələrində axtarış aparan Avstriya xilasediciləri işlərini dayandırıb.

Onlar bunu “axtarış qrupları arasında döyüş” səbəbilə əlaqələndirib.

Polkovnik-leytenant Pierre Kugelveis iddia edib ki, axtarış qruplar arasında qarşıdurma getdikcə artır:

“Deyilənə görə, atışma olub. Biz kömək etməyə davam etmək istərdik, amma vəziyyət belədir. Hücumlara məruz qalmadıq, hamımız yaxşıyıq”.

O, Avstriya Qüvvələrinin Fəlakətlərə Yardım Birliyinin 82 əsgərinin Hatayda digər beynəlxalq təşkilatlarla birlikdə baza düşərgəsinə sığındığını və təlimat gözlədiyini söyləyib.

Bildirilib ki, Avstriyanın yardım qrupu fevralın 7-də 45 ton texnika ilə Hatay şəhərinə çatıb və 9 nəfəri dağıntılar altından xilas edib.

Foto: Əziz Kərimov


Kılıcdaroğludan çadır istehsal edən şirkətlərə çağırış

Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Kamal Kılıcdaroğlu çadır istehsal edən şirkətlərə müraciət edib.

Partiya başqanı zəlzələ bölgələrində əsas problemlərə toxunub:

“Böyük problemlər var, indiyə qədər bizə deyilən əsas problem çadırdır. Çöldə gecələyən çoxlu malatyalı var. Burada çadırlarla bağlı açıq çağırış edirəm: bütün zəlzələ bölgələrinə çadırlar göndərilməlidir. İnsanlar, həqiqətən, soyuqdan əziyyət çəkirlər, deyirlər ki, bizə çadır göndərin”.

“Çadır istehsal edən bütün şirkətlərə səslənirəm: çadır ehtiyatınız varsa, lütfən, böyük şəhər merlərimizlə əlaqə saxlayın və neçə çadırınız olduğunu bizə bildirin. Biz onları alıb zəlzələ bölgələrinə göndərəcəyik”.

Kamal Kılıcdaroğlu qeyd edib ki, Kızılay və AFAD-ın çadır ehtiyatları haradadır:

“Bunlar bir şəkildə düşünülüb hazırlanmalı idi. Onların çatdırılmaması böyük problemdir. Burada yenə də hökumətə səslənir, xahiş edirəm ki, bu problemi həll edin. Bizə bildirin ki, hansı müəssisələrdə çadır var, biz onları götürüb bütün zəlzələ bölgələrinə göndərək”.

Foto: Screenshot


Türkiyədə zəlzələ ilə bağlı istintaq başlayıb

Qaziantepdə zəlzələ nəticəsində çökən Ayşe Mehmet Polat sahəsinin podratçısı və texniki nümayəndəsi Mehmet Ertan Akayın həbsi üçün istintaq başladılıb.

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ dağılan binalarla bağlı araşdırmaların davam etdiyini bildirib:

“Məhkəmə prosesləri Baş Prokurorluq tərəfindən həyata keçirilir. Dağılan binalarla bağlı başlanan araşdırmalar davam edir, günahkarlar tapılacaq və məhkəmə qarşısında cavab verəcəklər”.

“Sübutların toplanması, günahkarların müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi üçün hər cür səy göstərilir. Həbs qərarı və buna etinasızlıq edənlərin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı hər cür təhlükəsizlik tədbirləri görülür”, – deyə o qeyd edib.

Mehmet Ertan Akay


Zəlzələdən ölənlərin sayı 21 mini ötdü

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 21 min 43-ə çatıb. 80 min 97 nəfər yaralanıb.

Bu açıqlamanı fevralın 11-də Diyarbəkirdə olan Prezident Tayyib Ərdoğan səsləndirib.

Bildirilib ki, 12 min 141 bina dağılıb.

Foto: Əziz Kərimov


Ərdoğan qərarları açıqladı

Prezident Tayyib Ərdoğan universitetlərdə yaya qədər distant təhsilin olacağını bildirib.

Tayyib Ərdoğan. Foto: Sosial şəbəkə

Diyarbəkirdə çıxış edən Ərdoğan zəlzələ ilə bağlı alınan yeni qərarları açıqlayıb. Ərdoğan qeyri-müəyyən tətil elan edilən universitetlərin yaya qədər distant təhsilə keçdiyini bildirib.

Bu çərçivədə KYK yataqxanaları zəlzələ qurbanlarının istifadəsinə açılacaq.

Xatırlatma

Türkiyənin cənub şərqində fevralın 6-da 7,7 bal gücündə zəlzələ baş verib.

Episentri Kahramanmaraşın Pazarcık bölgəsi olan zəlzələ baş verdiyi ərazidən başqa Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hataya da təsir edib.

Zəlzələnin əhatə etdiyi 10 bölgədə fövqəladə vəziyyət elan edilib.

Türkiyədə baş verən zəlzələ Suriyanı da vurub.

Son açıqlanan rəqəmə görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 21 min 43-ə çatıb.

Ana səhifəDünyaTürkiyədə universitetlər distant təhsilə keçir (Yenilənir)