Jurnalist: “Kimsə araşdırılacaqsa, o da qızıl qaçaqmalçılığında ittiham olunan deputatlardır”
Türkiyədə jurnalistlər Fatih Altaylı və İsmail Saymaz barəsində “ictimaiyyəti çaşdıran məlumat yaymaq” ittihamı ilə istintaq başlayıb.
“Hürriyyet” yazır ki, İstanbul Prokurorluğu noyabrın 21-də Fatih Altaylının yazdığı “Qırıntılardan qorxmayan həbsxanadan qorxmaz” başlıqlı yazısını və İsmail Saymazla birgə “Halk TV”-də yayımlanan “Rota” proqramında səsləndirdikləri fikirləri araşdırır. Elə həmin gün Rabitə Mərkəzi Müdirliyinin Dezinformasiya ilə Mübarizə Mərkəzi jurnalistlərin şərhlərindəki “Prezident Ərdoğanın Baxçalıya MHP millət vəkillərinin bəzi görüntülərini izlətdirdiyi” iddiasını təkzib edib və Altaylıya qarşı “ictimaiyyəti çaşdıran məlumatları açıq şəkildə yaymaq” maddəsi ilə istintaq başladılıb.
Baş Prokurorluqdan verilən açıqlamada İsmail Saymazın dediklərinin həqiqətəuyğun olmadığının Rabitə İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi tərəfindən təsdiqləndiyi və iki şübhəli barəsində “ictimai olaraq ictimaiyyəti çaşdıran məlumatların yayılması” ittihamı irəli sürüldüyü bildirilir.
Hakkında açılan istintaqla bağlı “Halk TV”-yə açıqlama verən Altaylı, “Mürəkkəb hələ qurumayıb”,- deyib.
İstintaqla bağlı “X” paltformasında paylaşım edən İsmail Saymaz, “Qızıl qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən millət vəkilləri ilə bağlı araşdırma yoxdur, amma bizimlə bağlı edilir”, – yazıb.
Daha sonra “Halk TV”-də İsmail Küçükkaya ilə əlaqə saxlayan Saymaz, “MHP millət vəkillərinin qızıl qaçaqmalçılığı iddiasından sonra istefa verdikləri xəbərində dostlarımız “Baxçalıya bəzi fotoşəkillər göstərildi” ifadəmi “Baxçalıya görüntülər göstərildi” kimi şərh etdi və alt yazıya yazdı. Mənim belə ifadəm yoxdur, sadəcə altyazı var və skrinşotumu Fatih Altaylının məqaləsi ilə birləşdirərək haqqımızda araşdırmaya başlayıblar”, – deyib.
“Mən dedim ki, MHP-dən istefası tələb edilən 3 millət vəkili ilə bağlı qızıl qaçaqmalçılığı iddiası var. Yəni Türkiyə məndən və “Halk TV”-nin “Rota” proqramından öyrənib ki, MHP-nin üç millət vəkili partiyanın adının qızıl qaçaqmalçılığında hallanmasından sonra istefaya göndərilib. Həmin verilişdə MHP və MHP-dəki mənbələrimdən mənə gələn bəzi məlumatları çatdırdım. Bunlardan biri də bu idi: Dövlət Baxçalı ilə Ərdoğanın görüşündə Prezidentin MHP başqanına bu barədə dosye verməsi iddiası var. İkincisi, Baxçalı ilə Ərdoğanın görüşündən başqa MHP daxilində Baxçalıya bu istiqamətdə bəzi fotoşəkillərin göstərildiyini iddia etdim. Bunları təsdiq edə bilməsəm də, MHP-dəki mənbələrimdən gələn məlumat kimi çatdırdım”.
“Dünən axşam Dezinformasiya İdarəsinə zəng etdim. Dedim ki, mənim belə birbaşa açıqlamam yoxdur. Əslində burada dezinformasiya alan mənəm, amma mənə qarşı tədbir görüldüyünü dedim”, – Saymaz deyib.
“Kimsə araşdırılacaqsa, o da qızıl qaçaqmalçılığında ittiham olunan deputatlardır. Təsəvvür edin ki, üç millət vəkili, MHP-nin Bolu, İsparta və Kilis millət vəkilləri Türkiyəyə qaçaqmalçılıq yolu ilə qızıl aparmaqda ittiham olunurlar”, – jurnalist söyləyib.
“Onlar deputat toxunulmazlığından istifadə edərək Türkiyəyə qaçaqmalçılıq yolu ilə qızıl keçirməkdə ittiham olunurlar. Ona görə də prokurorluq və MHP istefalarını istəyir. Prokurorluq bununla bağlı araşdırma aça bilmir, gəlib bizə istintaq açır. Bu, hüquqi dövlətdə ediləcək işdirmi? Cəmiyyəti çaşdıran məlumatların yayılması tam olaraq nədir? Mən dedim ki, bu adamlar qanunsuz qızıl oğurluğuna görə partiyadan çıxarılıblar. Mən düzgün məlumat verdim”, – Saymaz fikrini tamamlayıb.
“Kaş ki, bir prokuror çıxıb Türkiyəyə qeyri-qanuni yollarla qızıl apardıqları deyilən və bu səbəbdən partiyalarından istefa vermələri tələb edilən 3 millət vəkilinə sual verəydi: “Bu qızılları gətirdiniz, ya gətirmədiniz? Əgər belədirsə, bu işdə sizdən başqa deputatlar varmı?” Onlar soruşmayacaqlar, biz də soruşmağa davam edəcəyik”, – jurnalist deyib.
Nə baş verib?
MHP sədrinin müavini Semih Yalçın partiyadan istefası tələb edilən İsparta millət vəkili Həsən Bəsri Sönməz, Bolu millət vəkili İsmayıl Akgül və Kilis millət vəkili Mustafa Dəmirin istefa ərizələrinin qəbul edildiyini açıqlayıb.
Lakin Yalçın deputatların istefa verməsinin səbəbini açıqlamayıb. İstefa ilə MHP-nin TBMM-dəki deputatlarının sayı 47-yə düşüb. 3 millət vəkilinin parlamentdəki imtiyazlarından istifadə edərək, Dubaydan ucuz qızıl gətirərək komissiya aldıqları iddia edilib.
MHP lideri Dövlət Baxçalının qaçaq qızılların gətirildiyini eşidib, razı olmadığı üçün istefalarını tələb etdiyi iddia edilib.
Jurnalist Fatih Altaylı Prezident Ərdoğanın MHP lideri Dövlət Baxçalı ilə görüşündə “istefası” tələb olunan MHP-li deputatları gündəmə gətirdiyi iddiası ilə bağlı yazıb. Fatih Altaylının sözlərinə görə, “qızıl qaçaqmalçılığı” iddiasını gündəmə gətirdiyi iclasda Baxçalı deputatları müdafiə etdikdən sonra Ərdoğan “koalisiya ortağı”na bəzi görüntülər göstərib.
Sözügedən iddia Rabitə İdarəsi tərəfindən rədd edilib.