Türkiyədə son illərin ən qalmaqallı əməliyyatları yaşanmaqdadır. Bu qalmaqalı əhatə edəcək məqamları başlanğıc nöqtəsindən, indiki duruma qədər, sadə dillə addım-addım oxucuların diqqətinə çatdırmaq qərarına gəldim.
1. İlk öncə baş nazir Ərdoğan Türkiyədə təhsil kurslarının (dərsanə) bağlanacağını təkidlə dilə gətirir. Bu kursların Fəthullah Gülən və onun camaatına məxsus olduğunu hamı bilir. Və Gülən camaatı illərdir AKP iqtidarı ilə müttəfiqdir və bunu gizlətmirlər də.
2. Gülən camaatının mediası və tərəfdarları ilkin mərhələdə Ərdoğanın bu qərarını mühafizəkar şəkildə tənqid etməyə başladılar. AKP höküməti nazirləri, hətta prezident belə bu qərarı şərh edərək, əslində baş nazir Ərdoğanın o cür demək istəmədiyini bəyan etsələr də, Ərdoğan təkidlə qapadılacağı mesajını verirdi.
3. Bu təkidlərdən sonra Gülən camaatı AKP iqtidarını porno kassetlərlə təhdid, müxtəlif gizli videolarla şantaj etməyə başlayırlar. Bu təhdidləri də ciddiyə almayan Ərdoğan inadından dönmür və kursların bağlanacağını hər dəfə dilə gətirir.
4. Bundan sonra Gülən camaatının əlində olan hüquq mühafizə orqanları, əsasən də daxili işlər nazirliyi ilə birgə baş prokurorluq geniş tərkibli “Anti-korrupsiya” əməliyyatlarına başlayırlar. Əməliyyat çərçivəsində 4 nazirin oğlu, iki tanınmış iş adamı, 1 bank müdiri və xeyli nazir müavini, bələdiyyə sədrləri və onlarla məmur həbs olunur.
5. Həbs olunanlar arasında güney azərbaycanlı, iş adamı, Ebru Gündeşin həyat yoldaşı Rza Zərrab da var. O Azərbaycan və İrandan 87 milyard dollarlıq çirkli pulların yuyulmasında və bir çox rüşvət, korrupsiya, qaçaqmalçılıq ittihamları ilə həbs olunur. Həmçinin Naxçıvanın Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov da bu qəbildən saxlanılır.
6. Həbslər çərçivəsində “Halkbank”ın baş direktoru Süleyman Aslanın evindən ayaqqabı qutularının içində 14 milyon dollarlar aşkarlanır. Və bundan sonra sosial şəbəkələrdə “ayaqqabı qutusu” bütün bu əməliyyatın mim’inə (mırtına) və trendinə çevrilir. Belə ki, AKP-nin yeni abreviaturası “Ayakkabı Kutusu Partisi” meydana gəlir.
7. Ərdoğan bu baş verənlərdən sonra “Heç bir təhdidə boyun əyməyəcəyik” deyərək çıxış edir. Daha sonra İstanbulda 11 polis rəisi işindən qovulur, Ankarada isə 18 polis şöbə rəislərinin yerləri dəyişdirilir. Politoloqlar bununla AKP iqtidarının hüquq mühafizə orqanlarını təhdid etdiyini, bir növ barmaq silkələdiyini vurğulayırlar. Günün sonunda isə həbs olunanlardan 8 nəfəri artıq sərbəst buraxılır.
Və sonda ən maraqlı məqam isə bu qədər hadisələrin, qalmaqalların, siyasi çaxnaşmanın baş verdiyi ölkədə heç bir yüksək çinli məmurun, nazirin istefa verməməsi acınacaqlı və diqqət çəkici məqam olaraq qalır. Yadımdadır bir ay bundan qabaq Latviyada bir supermarketin tavanının çökməsi ilə bütün hökümət istefaya getmişdi. Qardaş ölkədə bu qədər tarixi siyasi mədəniyyətin mövcudluğuna rəğmən hələ də istefa etikasının formalaşmaması məni üzür. Təəssüf ki, bir daha bir millət, iki eyni dövlət olduğumuz təsdiq olunur.
P.S. Mənim mülahizələrimə görə bu gün də polis, prokurorluq sistemində bir çox işdən azad olunmalar və yerdəyişmələrin şahidi olacağıq.