Ekspert: “Özəl şirkətlərin verdiyi sertifikatlarla tələbələrin Türkiyə universitetlərinə qəbulu mümkün olmayacaq”
Təhsil Nazirliyi ilə Türkiyə Ali Təhsil Şurası arasında imzalanan Anlaşma Memorandumu
“Azərbaycan vətəndaşları Türkiyə universitetlərinə müxtəlif üsullarla daxil olurdu. Hansısa təşkilat sertifikat verirdi ki, vətəndaş müəyyən təlim və ya proqram üzrə hazırlaşıb. İmzalanan sənəddən sonra artıq saxta, qeyri-leqal yolla qəbul dayandırılacaq”.
Bunu Meydan TV-yə təhsil eksperti Elçin Əfəndi deyib.
O, Azərbaycan Təhsil Nazirliyi ilə Türkiyə Ali Təhsil Şurası arasında ali təhsil əməkdaşlığına dair imzalanan Anlaşma Memorandumunu şərh edərkən bildirib. resmigazete.gov.tr
Əlavə edib ki, imzalanan sənəddən sonra azərbaycanlı vətəndaşlar Türkiyə universitetlərinin müvafiq qaydalarına əməl etməklə təshil almaq şansı qazanacaqlar:
“Türkiyə universitetləri müxtəlif yollarla təhsil almağı istəmirlər. Bundan sonra özəl şirkətlərin verdiyi sertifikatlarla tələbələrin Türkiyə universitetlərinə qəbulu mümkün olmayacaq. Hələ ki, bu şərtlər açıqlanmayıb. Amma hesab edirəm ki, Türkiyə ali təhsil müəssisələrinə qəbul üçün Dövlət İmtahan Mərkəzinin (DİM) müvafiq imtahan nəticəsi tələbi qoyulacaq. Yəni vətəndaş buraxılış imtahanının şərtlərini ödədiyi təqdirdə, Türkiyədə universitetlərinin müsabiqəsində iştirak edə biləcək”.
Təhsil Nazirliyindən Meydan TV-nin sorğusuna cavab olaraq, bildirilib ki, imzalanan sənədə əsasən, Türkiyədə ali təshil Azərbaycan Dövlət İmtahan Mərkəzinin (DİM) mərkəzləşdirilmiş imtahanın nəticələrindən asılı olacaq.
Azərbaycan Təhsil Nazirliyi ilə Türkiyə Ali Təhsil Şurası arasında ali təhsil əməkdaşlığına dair Anlaşma Memorandumunun 5-ci bəndinə əsasən, Azərbaycan vətəndaşlarının Türkiyədə fəaliyyət göstərən ali təhsil müəssisələrinə sertifikat ilə qəbul edilməsinin dayandırılması təşviq ediləcək.