Türkiyəcə türkcə deyil

Bir söz – əski olduğu qədər dəyərlidir.

Source:


1

Türkiyəli dil məmurları əski türkcə yazılı abidələrdən sözlər götürərkən o sözlərin mənalarını ya yanlış başa düşüblər, ya da kefləri istəyən mənanı veriblər deyə, bu da onları əski türkdilli tarixdən və xalqlardan uzaq salmışdır. Onlara qoşulanlar da eyni bəlaya tuş gəlir. Gəlin, yüzlərlə belə sözlərdən bir neçəsini tanıyaq:

TARTIŞMAQ

Ərəbcə “mübahisə etmək” qarşılığında “tartışmaq” sözünü qəbul ediblər. Dədə Qorqud dastanında “Bəkil oğlı Əmranıŋ boyı”nda oxuyuruq: “Qarğu dalı sügülər ilə qırışdılar, meydanda buğa kibi süsəşdilər; köksləri dəlindi, sügüləri sındı, bir-birin alımadılar. At üzərindən ikisi qarvaşdılar, dartışdılar.” Sizin də anladığınız kimi, bu adamlar meydanda mübahisə etmirlər, bərk savaşırlar. Ərəbcənin “mübahisə” sözü “bəhs” kökündəndir, bir-biriylə danışmaq, deyişmək deməkdir. Dartışmaq isə çəkişmək kimi bir söz olub, qarşılıqlı olaraq bir-birindən, yaxasından, saqqalından, belindən yapışıb dartmaq, çəkmək deməkdir. İndi hansısa bir türkiyəli dil məmuru “dartışmaq” sözünə bilərəkdən, ya bilməyərəkdən “mübahisə etmək” mənası vermişdir deyə, bizimkilər sözü o mənada eşidib işlədirlər. Sonra da utanmadan deyirlər: “Bunun nəyi pisdir?” Bəs, azərbaycanlı kəndlinin, izahlı lüğətimizin, Dədə Qorqut dastanının sözə verdiyi məna hara getsin? İndi noldu, Dədə Qorqutun dili yanlış oldu, türkiyəli dil məmurlarınınkı doğru?!

DURUM

Bir bölük azərbaycanlının çox bayıldığı sözlərdən biri də “durum” sözüdür. M. Kaşğari 1074-cü ildə, başqa sözlərlə desək, hələ ayrı-ayrı türk dillərinin və dialektlərinin yaranmadığı bir çağda yazıb qurtardığı, türk dilinin ən əski sözlüyü sayılan “Divani lüqatit-türk”də “durum” (“turum” formasında yazaraq) sözünün mənasını belə göstərmişdir: “Birisi ayağa duranda, ayaq üstə dayananda onun boyunun uzunluğu qədər uzunluq”. Kaşğari belə bir misal göstərmişdir: “Bir ər turumı suw” – (Bir adam boyu [dərinliyində] su). Göründüyü kimi, “durum” – bizim indiki qulac (qolaç), qarış sözlərimiz kimi, gövdəmizlə yaratdığımız bəlli bir uzunluğu bildirir, indi də bir çox türk dialektində “durum” sözü bu mənada işlənilməkdədir. Türkiyə dil idarəsinin işçiləri isə nə tarixi keçmişə, nə də yaşayan mənaya fikir vermədən “durum” sözünə hal, vəziyyət mənası vermişlər. Siz Kaşğari-nin göstərdiyi məna ilə sözə calanan bu məna arasında hansısa əlaqə qura bilirsinizmi?

DOĞA

Ərəbcənin “təbiət” sözünə “doğa” deyiblər. Təbiətdə hər şey doğurmu? Bitkilər, bakteriyalar və s. doğurlarmı? Əlbəttə, yox! Bu, birinci yanlış. İkinci yanlış: əski türklər ərəblərin “təbiət” dedikləri fenomeni heç tanımırdılar və ona heç bir ad verə bilməmişdilər. Halbuki, əski türklər təbiəti tanıyırdılar, ona ad da vermişdilər, ərəbcə “təbiət” sözünün qarşılığı əski türkcə mətnlərdə vardır, tez-tez də işlənilmişdir (o sözü burada yazmaq istəmirəm), sadəcə, türkiyəlilər o sözü anlamayıblar. Üçüncü yanlış: Əski türkdilli mətnlərdə ərəbcənin “təbiət” sözü qarşılığında işlənilən həmin sözü anlamadıqları üçün, ona da yanlış və beləliklə yenə kökdən qoparıcı məna vermişlər.

SONUC

Dədə Qorqut dastanında tez-tez oxuyuruq: “Gəlimli-gedimli dünya, Son ucu ölümlü dünya”. Bəyəm, bu, “nəticəsi ölümlü dünya” deməkdir?! Son ucu – axırı deməkdir. Dədə Qorqut dastanını bircə dəfə açıb oxumamış, amma türk(iyəli)ləşmək istəyən klaviatura döyəcləyənlərimiz Dədə Qorqut-un dilində “axır” mənasını bildirən “son uc” sözünü türkiyəcədəki kimi “nəticə” mənasında işlətməklə dil yaddaşımızı korladılar; beləcə, bizim bu sözü haçaqsa özünün düzgün mənasında – “axır” mənasında – diriltməyimizə və bununla da dilimizdən ərəbcə “axır” sözünü uzaqlaşdırmağımıza əngəl oldular, gözəl bir sözümüzün bu imkanı zədələndi. Türkiyəcə epidemiyasına qarşı indi ayılmasaq, bir az sonra çox sözlərimiz belə zədələnəcəklər.


2

Gördüyünüz kimi, “necəgəldi” qaydasıyla işləyiblər. Bunun ağır nəticələri olmuşdur.

Ən birinci zərbə özlərinə dəymişdir: Əski türk abidələrindəki türkcə sözləri onlara yanlış mənalar verərək diriltdikləri üçün, bu günkü dilləri əski türkcə abidələri oxuyub anlamaqda onlara kömək etmək əvəzinə, əksinə, azdırıcı, çaşdırıcı rol oynayır. Durum, tartışmaq, son uc və s.

O biri yandan isə bir sıra türk intellektualları özləri də bunu etiraf edirlər: “Köksüz və yanlış sözlərin yaradılması nəticəsində danışdığımız dil nə mifoloji, nə psixoloji, nə tarixi, nə etnoloji, nə fəlsəfi, qısası, heç bir sosio-humanitar araşdırmada bizə işıq ola bilmir, kültürümüzü keçmişə bağlaya bilmir.”

Üstəlik, türk dilləri ailəsi içində təkləniblər, bizdən başqa heç kimi başa düşmürlər. Ancaq bu yanlışlarını aradan qaldırmaq üçün, çox pis mövqe tutublar: “Siz bizim sözlərimizi öyrənin, Dədə Qorqut-un, M. Kaşğari-nin sözlərini işlətsəniz belə, o sözləri bizim verdiyimiz mənalarda işlədin, biz sizi başa düşməsək də olar, siz bizi başa düşün, sonra da siz bizim dilimizdə danışın. Ortaq türkcə də bizim türkiyəcəmiz olsun.”

Xəstəliyini başqalarına xəbər verib, onları özünü qorumağa çağırmaq əvəzinə xəstəliyini başqalarına bilərəkdən yoluxdurmağın adı nədir?!


3

Azərbaycan dilində istər sumercədən, istər Altay hunlarının dilindən qalan və bu gün də işlənilən sözlərin sayı türkiyəcədəkindən qat-qat çoxdur. Məsələn, sumercə “qaba-qi” – Azərbaycan dilində “qabaq”, sumercə opponent, oppozisiya deməkdir; sumercə “çibin” – Azərbaycan dilində də çibin, milçək adıdır; Altay hunlarının dilində “ənkə” mənşə deməkdir – Azərbaycan dilində də ənkə eyni mənadadır (türkiyəlilər “kökən” sözünü uydurublar); sumercə “qaravaş” – Azərbaycan dilində də eyni mənada; adlarını burada vermək istəmədiyim əski türkdilli mətnlərdə “doğma, doğmalıq”; bənzəmək mənasında “oxşamaq”; “yoluxmaq”; “tüləmək” və s. bu kimi yüzlərlə sözlərimiz Azərbaycan dilində eyni mənada indi də işlənilməkdədirlər. Bizi qədim türklüyə, tarixin lap qaranlıqlarına bağlayan yüzlərlə belə sözlərimizin heç biri türkiyəcənin ikicildlik sözlüyündə yoxdur, bilmirlər! Bizim sözlüklərimizə baxıb söz öyrənməyi də özlərinə ayıb sayırlar. İndi kabinetlərdə yaratdıqları heroqliflərini gətirib bizim sözlərdən üstün tuturlar. Biz də bambılı kimi düşmüşük onların dalına.

Gəlin, ərəbcə və farsca ilə hələ murdarlanmamışdan qabaq yazılmış əski türkcə mətnləri təhsilsiz bir azərbaycandilli gəncə də oxudaq, türkiyəcə danışan təhsilsiz bir gəncə də: azərbaycanlı daha çox söz anlayacaqdır.

Bir söz – əski olduğu qədər dəyərlidir. Bir dil – onu keçmişin dərinliklərinə bağlayan doğma sözlərinin sayı qədər köklüdür.


4

İndi də türk dil idarəsi inzibatçılarının yaratdıqları minlərlə yanlış kəlmələr haqqında da bəlli bir təsəvvür yaratmaq üçün, gəlin, onlardan bir neçəsini tanıyaq:

ÖZGÜR

Farsca “azad” sözü qarşılığında “özgür” sözü düzəldiblər. Ancaq türk dilləri və dialektləri ailəsində “-gür” deyə bir sonluq yoxdur! -gür sonluğunun havadan götürüldüyünü öz dil professorları da boyunlarına alırlar (almayıb, neyləyəsidirlər). Dilçiləri deyirlər “sərbəst ilham” (?) altında yaradılıb bu söz. Özündən sonluq uydurmaq nə deməkdir?!

UYQAR, UYQARLIQ

Ərəblərin Mədinə şəhərinin adından yaranmış “mədəniyyət” sözünü, guya “türkcə”ləşdirmək üçün, görün, nə hoqqa çıxarıblar. Deyiblər, bu uyqur türkləri bilinən bütün türk tarixində böyük mədəniyyət yaradıblar. Onda, gəlin, “uyqur” sözünün sonundakı “-qur” hissəciyini dəyişdirib, edək “-qar”, onu yenidən birləşdirək “uy”a, olsun “uyqar”. Beləcə, “mədəni” sözü qarşılığında “uyqar”, “mədəniyyət” qarşılığında da “uyqarlıq” deyək. İndi bu, nədir sizcə, türkləşməkdir, məzələnməkdir nədir bu? Bir sözlə, bu da “o söz”, yəni “sərbəst ilham”.

KİMİ

Bildiyiniz kimi, türk dillərində “kim”, “kimlik” ancaq və ancaq insanı, şəxsi bildirir. Buna görə də, məsələn, belə deyirik: “Kimisi yatmışdı, kimisi oyaq idi.” Belə bir cümlə ilə söhbətin öküzlərdən yox, insanlardan getdiyi bəllidir. Türkiyəli dil məmurları isə ərəbcənin “bəzi” işarə əvəzliyini “kimi” əvəzliyiylə əvəzləmişlər. İndi türkiyəcədə belə cümlələr qururlar: “Elbisenin kimi yerini kalın, kimi yerini ince dokudu.” – (Paltarın bir sıra yerlərini qalın, bir sıra yerlərini incə toxudu). Paltarın hansısa yeri “kim?” sorğusuna cavab verə bilərmi? Türkiyəcədə verir.

Məsələn, azərbaycan dilində “Bəzi pişiklər çox dəcəl olur, bəziləri də təmbəl” cümləsini türkiyəcədə belə deyirlər: “Kedilərin kimisi çok yaramaz, kimisi de tembeldir.” Hətta belə: “Kimi kedilər yaramaz, kimileri tembel”. “Bəzən” əvəzinə də “kimi zaman” deyirlər. Əlinizi qoyun ürəyinizin üstünə, deyin, paltar, pişik, zaman “kim” əvəzliyi ilə işarələnə bilərlərmi, əşyanın da kimliyi olarmı?! Türkiyəcədə nə desən olar.

“Bəzi” işarə əvəzliyini əvəzləmək üçün, görün, Azərbaycan dilinin neçə cür imkanı vardır: “Bir sıra”, “bir bölük”, “bir taqım!”

İLGİNC

Feil köklərinə birləşib sərgi, sevgi, çalğı kimi isimlər yaradan -gi (ğı) sonluğunu, ilişmək, ilmək kimi feillərdən tanıdığımız “il-” feil kökünə birləşdirib “ilgi” sözünü düzəldib və sözə yenə kefləri istəyən, təsadüfi, ya da ehtiyacları olan mənanı veriblər, “əlaqə” mənasını.

Dilimizdə qayıdış növündə feillərin əsasına birləşib qaxın-c, gülün-c, sevin-c kimi adlar yaradan -c sonluğunu ada birləşib yeni ad yaradacaq -nc (-nç) sonluğu sanıblar. Halbuki, qaxınc, gülünc, sevinc kimi adlarda n-lər qayıdışlı feilin son səsidir, sonluq özü isə -c-dir, -nc yox. Ümumiyyətlə, türk dilləri ailəsində addan ad düzəldən -nc (-nç) deyə bir sonluq yoxdur. Bunlar isə elə biliblər sonluq -nc-dir və “ilgi” sözünə -nc sonluğu yapışdırıb, “ilginc” sözü düzəldiblər. Dilimizdə sərginc, sevginc, çalğınc kimi sözlər yarana bilmədiyi kimi, ilginc sözü də yarana bilmir. Bir sözlə, “ilginc” sözü də türkcə yox, türkiyəcədir.


5

Son zamanlar “bağlılıq” sözümüzün əvəzinə “ilgi”; “qabaq” əvəzinə “ön”; “qabaqca” əvəzinə “öncə”; “qabaqlamaq” əvəzinə “önləmək”; “umsuq” əvəzinə “üzüntülü, üzgün”; “umsunmaq” əvəzinə “üzgün olmaq”; “dabanlamaq” əvəzinə ərəbcə-türkiyəcə “təqib etmək”; “sorğu” əvəzinə “soru”; “bölüşmək” əvəzinə “paylaşmaq”; “bucaq” əvəzinə farsca-türkiyəcə “köşə” və s. yazmaqla guya bununla başqalarından fərqli, savadlı, modern və türk görünmək istəyənlərin sayları çoxalıb. Ancaq belə yazmaqlarıyla öz dünyagörüşlərini, düşüncə və bilik səviyyələrini və daha nələrini ifşa etməklərindən, heyf, xəbərləri yoxdur…

Yoxsa, Azərbaycan türkcəsi ikinci sort türkcədir?!

(Ardı yenə olacaq)


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəTürkiyəcə türkcə deyil