Türkiyə xarici mediaları ölkəsində bloklamaqla hədələyir

Türkiyə Radio və Televiziya Üst Şurası (RTÜK), Mənbə: https://www.mlsaturkey.com/

3 media qurumuna 72 saat vaxt verilib

Türkiyənin yayım nəzarəti orqanı lisenziya üçün müraciət etməsələr, DW, “Amerikanın Səsi” və “Euronews”u ölkə ərazisində bloklamaqla hədələyib.

Türkiyə Radio və Televiziya Üst Şurası (RTÜK) hər 3  media qurumuna 72 saat vaxt verib.

Türkiyənin müxalif Cümhuriyyət Halk Partiyasından (CHP) olan RTÜK üzvü Okan Konuralp “Twitter” hesabında bunları yazıb: ““Deutsche Welle”, “Amerikanın Səsi” və “Euronews”a RTÜK tərəfindən 72 saat vaxt verilib. Onlar bu müddət ərzində yayım lisenziyası üçün müraciət etməlidirlər, əks halda yayım qadağası ilə üzləşəcəklər”.

RTÜK-ün vitse-prezidenti İbrahim Uslu Almaniyanın DPA xəbər agentliyinə bu məlumatı təsdiqləyib.

O bildirib ki, DW dərhal öz internet saytı üçün lisenziya üçün müraciət etməlidir, əks halda, saytına Türkiyədən giriş mümkün olmayacaq: “Bu, təkcə DW yox, həm də ABŞ-ın “Amerikanın səsi” radiosuna, Avropanın “Euronews” xəbər agentliyinə  də aiddir”.

RTÜK-ün də üzvü olan jurnalist İlhan Taşçı bu qərarın tənqidi xəbərləri susdurmaq üçün atılan növbəti addım olduğunu bildirib: “Bu, o deməkdir ki, beynəlxalq yayımçılar media nəzarətçilərinin hədəfinə çevrilib. Qərar mətbuat azadlığına birbaşa müdaxilədir”.

Okan Konuralp da DW-yə açıqlamasında AKP hökumətinin bütün internet məzmununa həm beynəlxalq, həm də milli səviyyədə nəzarət etmək istədiyini bildirərək, qərarı tənqid edib.

İbrahim Uslu isə senzura ilə bağlı bütün iddiaları rədd edib.

O, qərarı müdafiə edərək bunun sadəcə 2019-cu ilin media qanununa uyğun texniki tədbir olduğunu söyləyib.

Müstəqil tənqidçilər düşünür ki, bu qanun hakim AKP hökumətinə internet platformalarına nəzarət etmək üçün daha çox səlahiyyət verib.

DW sözçüsü bildirir ki, RTÜK-ün DW-yə təsir göstərə biləcək mümkün qərarı barədə mediadan öyrəndiklərini bildirib.

O deyib ki, bunu təhlil edib, hakimiyyətdən rəsmi bildiriş aldıqdan sonra necə davam edəcəklərinə qərar verəcəklər.

Türkiyə son illərdə AKP-nin dominant olduğu RTÜK-ə bütün onlayn məzmunlar üzərində geniş səlahiyyətlər verərək media tənzimləmələrini sərtləşdirib.

Ölkədəki əsas media orqanlarının təxminən 95 faizi administrasiyadan böyük müqavilələr alan hökumətyönlü şirkətlərə məxsusdur.

Ana səhifəDünyaTürkiyə xarici mediaları ölkəsində bloklamaqla hədələyir