İlham Şaban: “Ərdoğanın söylədiklərini qəribçiliyə salmağın əleyhinəyəm”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin həcminin 1,6 milyard dollara çatdığını bildirib. Məlumatı APA yayıb.
Bildirilir ki, prezident neft qiymətlərinin aşağı düşməsi ilə ticarət həcmində azalma olduğunu vurğulayıb:
“Artıq bu sahədə də vəziyyət stabilləşib. Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin 5 milyard dollara çatacağına inanıram. Son dövrlər müdafiə sənayesi sahəsində də əlaqələrimiz böyük əhəmiyyət kəsb edir. Turizm və mədəniyyət, təhsil sahəsində atdığımız, atacağımız addımlar da mühümdür. Qarşıdakı dövrdə Bakı-Ekspo sərgisinin keçirilməsi nəzərdə tutulub. Türkiyə bu tədbirdə geniş təmsil olunacaq, öz təcrübəsini bölüşəcək”.
R.T.Ərdoğan bildirib ki, qısa zamandan sonra Azərbaycan qazı Avropaya nəql olunmağa başlayacaq. Bu, bəzilərini narahat edir.
Ancaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fikrini konkretləşdirməyib.
Prezidentin açıqlaması ilə bağlı enerji sahəsi üzrə mütəxəssis İlham Şaban Meydan TV-yə Rəcəb Tayyib Ərdoğanın söylədiklərinin qəribçiliyə salmağın əleyhinə olduğunu deyib.
Bildirib ki, “Şahdəniz” qazının tammiqyaslı işlənməsi prosesinin başlanması, ilkin layihə gücünün 8 milyarddan 24 milyarda qədər artırılması gündəmə gələndə bir çoxlarını narahat etdi. Bu, gizlin bir şey deyil:
“Azərbaycanın ilkin planlarına görə, 2012-ci ilin dördüncü rübündə qaz Avropaya ixrac edilməliydi. 2006-cı ildə “Şahdəniz-mərhələ 1” layihəsi bitəndən sonra ikinci mərhələyə start verildi. Plan beləydi. Məhz bu layihənin qarşısında qoyulan sədlər nəticəsində Azərbaycan qazı 8 il sonra Avropa bazarına çıxacaq”.
İlham Şaban iddia edir ki, layihənin qarşısındakı sədləri dünyanın ən böyük qaz ixraacatçısı Rusiya və İran qoymayıb:
“Layihənin gerçəkləşməsini yubadan və müxtəlif maneələrlə özünə sərf edən, münbit şərait yaradaraq bir neçə alternativ variant ortaya qoyan Qərb idi. Sual yaranır, niyə “Nabucco” layihəsi 10 il kağız üzərində qaldı, ancaq konfranslarda müzakirə olundu və gerçəkləşmədi. Çünki Qərb “Nabucco”nu Rusiyaya qarşı şişirdilmiş silaha çevirmişdi. Bununla bizi də ümidləndirdi ki, Azərbaycan qazı Avropa bazarına çıxacaq. Amma illər keçsə də, heç nə olmadı. Yalnız 2011-ci ildə Azərbaycan başa düşdü ki, bütün bunlar böyük siyasətə bağlıdır. Bunları gözləsək böyük yatağı işləyib bazara çıxarmaq problem olacaq”.
İlham Şaban Avropa şirkətlərini mələk saymır:
“Baxın, 2012-ci ilin oktyabrında Şimal Axını layihəsi işə düşdü. Qərb Rusiyanı vadar etdi ki, 55 milyardlıq kibmetrlik boru kəmərini birbaşa Almaniyaya çəksin. Ancaq buna görə Rusiya Avropadan yüksək faizli kredit aldı. Hazırda həmin boru kəməri 50 milyardlıq gücüylə işləyir. Bu cür misallar az deyil”.