Türkiyə Taleh Bağırzadənin tərəfdarını tutub Azərbaycana təhvil verdi

Hazırda onun Bakıda – Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“Bandotdel” kimi tanınır) saxlandığı bildirilir

Source: Meydan.TV

Anar Cabbarovun ''Bandotdel''-də saxlanıldığı bildirilir

“Müsəlman Birliyi” Hərəkatının üzvü Anar Cabbarov Türkiyədə tutularaq, Azərbaycan hökumətinə təhvil verib. Hazırda onun Bakıda – Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“Bandotdel” kimi tanınır) saxlandığı bildirilir. Bu barədə Meydan TV-yə hərəkatdan məlumat verilib.

“Anar Cabbarovu Türkiyədə əvvəlcə sənəndlərində problem olması adıyla polisə aparıb, üç gün orada qanunsuz saxlayıblar. Daha sonra onu oradan Binkılıç Göç İdarəsinə aparıblar, dörd gün də orada saxlayıblar. Deyiblər ki, haqqında dəqiqləşmə aparılır, tezliklə buraxılacaqsan. Bu müddətdə Anar Cabbarova vəkil də tutulub, amma müdafiəçi dövlət idarələrindən dəqiq məlumat ala bilməyib. Martın 21-də Anar Cabbarovu Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna aparıblar. Orada səfirlik əməkdaşları ilə Türkiyə məmurları arasında qısa danışıq olub və Anar Cabbarov yenidən Binkılıç Göç İdarəsinə geri qaytarılıb. Martın 22-də vəkili Anar Cabbarovla görüşə gedib. Vəkil görüb ki, Anar Cabbarovu yenidən Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna aparırlar. Vəkilə deyilib ki, bəzi sənədlərin dəqiqləşməsi üçün aparılır, bir neçə saata geri qaytarılacaq, daha sonra isə çox güman ki, azad ediləcək. Lakin Anar Cabbarov bir daha geri qaytarılmayıb. Türkiyə onu Azərbaycan Konsulluğuna təhvil verib, onlar da günorta saatlarında Bakıya göndərib”, – deyə “Müsəlman Birliyi” Hərəkatından bildirilib.

Novruz bayramı ilə əlaqədar ölkədə rəsmi iş günləri olmadığından Azərbaycan Daxili İşlər Nazirliyinin baş verənlərə münasibətini öyrənmək, A.Cabbarovun harada saxlandığını dəqiqləşdirmək mümkün olmayıb.

Türkiyə hökuməti bundan öncə də bir neçə dəfə Azərbaycan hökumətini tənqid edən şəxsləri öz ərazisində saxlayaraq, Bakıya göndərib. “Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov, keçmiş deputat Hüseyn Abdullayev Türkiyə ərazisində tutulub. Azərbaycan hökuməti də öz növbəsində Türkiyənin “Fətullah Gülən tərəfdarı” kimi təqdim edib, terrorçuluqda ittiham etdiyi vətəndaşlarını öz ərazisində saxlayıb. Onlar beynəlxalq hüquq normalarına uyğun olaraq, məhkəmə qərarıyla azadlığa buraxılsalar da, məhkəmə binasından çıxan kimi tutulub, Türkiyəyə göndərilib.

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın onlarla üzvü həbsdədir. Onlar əsasən, Nardaran hadisələrindən sonra həbs olunub, dövlət çevrilişinə cəhd, terrora çağırış və s. ittihamlarla 20 ilə qədər azadlıqdan məhrum ediliblər. Təşkiların üzvlərinin bir qismi martın 17-də prezidentin əfv sərəncamıyla azadlığa buraxılıb. Onların arasında hərəkatın sədr müavini Elçin Qasımov da var.

Ana səhifəXəbərlərTürkiyə Taleh Bağırzadənin tərəfdarını tutub Azərbaycana təhvil verdi