Ankaranın Yerevana qoyduğu qadağanı ləğv etdiyi bildirilir
2023-cü il yanvarın 1-dən Türkiyə ilə Ermənistan arasında birbaşa hava yük ticarəti açıq elan olunub.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
“Bu məsələ Türkiyə Ticarət Nazirliyi tərəfindən ölkənin ixracatçı birliklərinə çatdırılıb”, – deyə xəbərdə bildirilir.
Ermənistanın Xarici İşlər Nazirliyi məlumatı təsdiqləyib.
Nazirliyin mətbuat katibi Vahan Hunanyan bildirib ki, yükdaşımaların yaradılması Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında iyul görüşündə əldə olunmuş razılaşmalardan biridir.
“Biz gözləyirik ki, növbəti saziş – üçüncü ölkə vətəndaşlarının quru sərhədini keçmək imkanlarının təmin edilməsinə dair də mümkün qədər tez həyata keçiriləcək”, – deyə Hunanyan əlavə edib.
1993-cü ilin 3 aprelində, Ermənistanın Kəlbəcəri işğal etməsindən sonra Ankara Yerevanla bütün sərhədləri bağladığını, dəmir yolu və hava əlaqələrini, tranzit ticarət xətlərini kəsdiyini elan edib.