Səməd Rəhimliyə cavab
Öncəliklə yazınızın əvvəlində deyirsiniz ki, “İlber Ortaylının ifadə etdiyi fikir bizim ölkədə pantürkist cərəyanın təsiri altında olan şəxslərin “Azəri, yox Azərbaycan türkü” devizi ilə üst-üstə düşən məsələdir”.
Məncə, yazınıza olan etirazımıza buradan başlasaq yaxşıdır. “Pantürkist” yox, “türkçü”. Niyə türkçü?
Çünki siz adına nə deyirsiniz deyin, qrammatikası olan bir dildə danışırsınız və bu dilin qaydalarına görə önşəkilçidən məcbur qalınmadıqca istifadə olunmamalıdır. Qaldı ki, hansısa cərəyanın təsirində olmaq məsələsinə sosial elmlərlə məşğul olan hamı, bütün siyasi liderlər mütləq şəkildə müəyyən fikirlərin təsirində olur. Yəni dediyiniz fikiri söyləyən İlber Ortaylı özünün türkçü olduğunu qəbul etməsə də… Türkçü olmaqda qəbahət yoxdur.
Deyirsiniz: “İlk növbədə, bunu qəbul etməliyik ki, identiklik, o cümlədən milli, yaxud etnik identiklik “təbii fenomen” deyil, sosial konstruksiyadır”.
Hə, aidiyyat hissi zamanla formalaşır, burada aparıcı rol tarixi proseslərdə olur. Məsələn, XVI əsrdə özünü “Qızılbaş” adlandıran bir qrup eyni dili danışmalarına baxmayaraq, XXI əsrdə özünü “azərbaycanlı” adlandıra bilir. Deyirsiniz ki, “türk” adının da “azəri” və “azərbaycanlı” adı kimi süni olmasını qəbul etməliyik.
Ümumiyətlə, heç bir ad süni deyildir. Hər bir etnonimin öz tarixiliyi və öz-özlüyündə təbiiliyi var. Bizim əsas işimiz nəyin süni, nəyin təbii olduğundan çox, hansı adın toplum üçün daha uyğun olduğunu müəyyən etməkdir. Və bunu müəyyən edərkən sizin yazınızda üzərindən keçdiyiniz “tarixilik” və “tarixsəl söyləm” üzərində daha çox durmalıyıq. Bunu etməmizin əsas səbəbi isə sırf insan təbiəti ilə bağlı ola bilər, çünki nəticədə hər kəs öz keçmişini bilmək istəyəcək. Danışdığı dilin hansı dil qrupundan gəldiyini, öz dilinin ən qədim nümunələrinin nə olduğunu araşdıracaq. Ölkə xaricində yaşayan, ana dili eyni olan insanlara maraq duyacaq.
I. Dolayısı ilə, gəlin bir az “Tarixilik” məsələsinə toxunaq. Adına nə deyirsinizsə deyin, bu sizə müraciət etdiyim dilin bilinən ən qədim örnəyi hansıdır? Cavab bəsitdir, sizin də bildiyiniz kimi Orxun yazıtlarındakı Göytürkçə olaraq runik əlifba ilə yazılmış mətn, dilimizin ən qədim örnəyidir. Yazıtda istifadə olunan “Türk (Türök) Budun” ifadəsi isə məlum olan və heç kimin etiraz edə bilməyəcəyi adımızı ifadə edir. İstər dil olaraq, istərsə də millət olaraq. Heç önəmli deyil, bu varlıq indiki yaşadığımız coğrafiyadan kənarda ortaya çıxıb, ya yox. Hamıya məlumdur ki, günümüz insanların əcdadı bilinən qədərilə Afrika qitəsində ortaya çıxıb, yəni insanlıq bir-iki tayfanı çıxmaq şərti ilə “gəlmələr” toplusudur. Hə, deyə bilərsiniz ki, bəs “tarixilik” məsələsini bu qədər önəmli edən, azərbaycanlı ümumi adının və Azərbaycan dili olaraq günümüzdə tanınan dilin “türk” adı ilə daha sıx körpülərlə birləşməsinin önəmi nədir? Ən önəmli səbəb Azərbaycan xalqına “qədim və fəxr ediləsi kökəniniz var və siz mənşəyi bilinməyən,”Stalinin qondardığı və ortaya çıxardığı xalq yox, ən az 2000 ilə yaxın tarxi olan əlifbaya malik və yazılı abidəsi olan xalqsan” deməkdir. Millətin özgüvənini hər baxıma artıracağı şübhə doğurmayacaq bir addımdır. Məsələn, örnək olaraq Türkiyə ordusunun qurulma tarixinə baxa bilərsiniz.
Türkiyənin dövlət olaraq rəsmi ordusu XX əsrdə ortaya çıxmışdır, ancaq buna baxmayaraq, ordu emblemində bu tarix “m.ö 209” kimi göstərilir. Özünüzü hərbiçi kimi təsəvvür edin, hansı sizi daha çox təsirləndirər, ordunuzun 1991-də qurulması, yoxsa m.ö 209 da?
II. Keçək digər məsələyə. Deyirsiniz, Azərbaycan xalqını qısa şəkildə “azəri” adlandırmaq olar. Məncə, bu dediyinizin nə qədər mümkün ola biləcəyinin cavabını Bakıda yox, Təbrizdə axtarmalısınız. Gedin Təbrizə və deyin, “Bobam, bu danışdığımız dil azəri dilidir və biz azəri millətiyik”. İnsanların verəcəyi reaksiya yəqin ki, sizin üçün kifayət edəcək. Danışdığımız dilin yayılma arealını Türkiyə türkçəsindən müstəqil dəyərləndirsək belə, olduqca genişdir. Ölkə xaricindəki ən yaxın əqrabalarımızın, xüsusilə Sovet təsirinə az məruz qalmış əqrabalarımızın Güney Azərbaycan türkləri olduğunu nəzərə alsaq, sualımıza cavab tapmaq üçün onları daha çox analiz etməliyik. Yəqin məlumunuzdur ki, bu insanlar özlərinə türk, dillərinə isə türkicə deyirlər və təkliflərinizdən biri olan “azəri” ifadəsinə qarşı çıxırlar.
III. Son məsələ: Axı dilçilik deyə bir elm var. Məsələyə niyə siyasi yanaşırıq? Azərbaycan dili hansı dil qrupuna aiddir? Rus qaynaqları bu haqda nə deyir? Yeri gəlmişkən, siz yazınızda deyirsiniz ki, ruslar bizə “tatar”, pantürkistlər bizə “türk” deyəndə xalq özünü müsəlman olaraq tanımlayırdı. Öncəliklə, bu dediyiniz insanların ümmət anlayışı ilə bağlıdır. Yəqin 1840-cı ildə Çar Rusiyası idarələri tərəfindən çap olunan “Qafqazötəsi Rusiya torpaqlarına nəzər kitabına dair bəzi qeydlər” (1840-cı il, Peterburq ) adlı kitabdan xəbəriniz yoxdur.
Gördüyünüz kimi ruslar bu kitabda açıq şəkildə qeyd edir ki, bizim “tatar” dediyimiz xalq öz dilinə “türkcə”, öz adına isə “türk” deyir.
Tərcümə : «Tatarlar və tatar dili ifadələri həqiqətən də bizim tatar adlandırdığımız xalqlara məlum deyil; Onlar özləri öz dillərinə “türk dili” deyirlər. Bu, ümumi bir ləhcədir və onunla Çindən Kazana, Krımadək, buradansa Mərakeşə və Məkkədən Hindistanadək getmək olar, eynilə fransızca ilə bütün Avropanı gəzə biləcəyiniz kimi».
Göründüyü kimi bir arqumentiniz daha boş çıxır. Qaldı ki, türk brendinin Türkiyə tərəfindən satın alınması iddiasına, yəqin oxuyan hər kəs bunun gülünc səsləndiyini hiss etmişdir. Millət adı mal deyil ki, alıb-satasınız. Ya da sizin adınız “Səməd”-dir, deyə başqa heç kimə Səməd adı qoyula bilməzmi? Dahası, yəhudi örnəyinə diqqətinizi çəkmək istəyirəm. Bildiyiniz kimi dünya yəhudiləri olduqca fərqli qruplara bölünür. Mədəni cəhətdən, xüsusilə İsrail qurulduğu dövrdə çox fərqli idilər. Aşkenazi yəhudiləri ilə Seferad yəhudiləri bir-birlərindən çox fərqlənirdi, nə ortaq dil var idi, nə də ortaq mədəniyyət. Ancaq İsrail dövlətinin iradəsi və yəhudi milliyyətçiliyi yoxdan bir dil yaratdı, hətta tamam fərqli milli əlifbaya keçdi, dahası, indiki İsrailə baxdığımızda ortaq dəyərlərinin çoxluq təşkil etdiyi bir milli yəhudi toplumu belə yaratmağa nail oldular. Dolayısı ilə, önəmli olan ortaq iradədir və tarixiliyimizi qorumamızdır. Bu zaman insanlar dilini qorumağa, tarixinə daha çox sahib çıxmağa çalışacaq. Hətta bəlkə də, siyasi tələblərini daha cəsarətli dilləndirəcəkdir.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.