Ötən il “yaşıl zona” adını qazanmış Gürcüstan siyahıda yoxdur
Avropa Birliyi Kanada və digər 10 ölkəni turist səfərləri üçün təhlükəsiz ölkələr
siyahısına
əlavə edib.
Qərar Avropa İttifaqının 27 ölkəsi tərəfindən qəbul edilib.
Bu qərarla Bosniya və Herseqovina, Bruney, Kanada, İordaniya, Kosovo, Moldova, Monteneqro, Qatar və Səudiyyə Ərəbistanı da bu siyahıya əlavə olunublar.
Cənubi Qafqaz ölkələrindən siyahıya Azərbaycan və Ermənistan da daxil edilib.
Ötən il “yaşıl siyahıya” daxil olan Gürcüstan səfər üçün təhlükəsiz olan ölkələrin siyahısında yoxdur. Səbəb son zamanlarda bu ölkədə yoluxma sayının çox olmasıdır.
Xəbərdə bildirilir ki, keçmiş AB üzvü Britaniya siyahıda yer almır. Səbəb burada çox yoluxucu Delta variantının tüğyan etməsidir.
Avropa İttifaqı ölkələrinə siyahıda olan 14 ölkə – Albaniya, Avstraliya, İsrail, Yaponiya, Livan, Yeni Zelandiya, Şimali Makedoniya, Ruanda, Serbiya, Sinqapur, Cənubi Koreya, Tayvan, Tayland və Birləşmiş Ştatlara səyahət məhdudiyyətlərinin tədricən qaldırılması tövsiyə olunur.
Həmin tövsiyədə Çin inzibati tabeliyində olan Hong Kong və Makaonun da adı var.
Avropa Birliyi hazırda bəzi məsələləri dəqiqləşdirir. Avropa İttifaqının bir sıra ölkələrindən gələnlərdən koronavirus testinin mənfi nəticəsi barədə arayış tələb edə bilərlər.
Koronavirus 2019-cu ilin sonlarında Çində yaranıb və dünyayay yayılıb.
2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.
Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
Azərbaycanda isə ümumilikdə 336 min 122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Onlardan 330 min 275-i sağalıb, 4 min 975-i vəfat edib. Ən son açıqlanan statistikaya görə, aktiv xəstə sayı 872 nəfərdir.