“Turan” İnformasiya Agentliyi qapadıldı. Bu barədə agentliyin rəsmi səhifəsində məlumat verilib. Kollektivin yaydığı bəyanatda deyilir:
“Turan agentliyinin direktoru Mehman Əliyevin saxlanması və ona qarşı vergidən yayınma ittihamı üzrə cinayət işinin açılması ilə əlaqədar agentliyin bank hesabları dondurulub.
Belə şəraitdə agentliyin normal fəaliyyət göstərməsi çox çətindir.
Yaranmış vəziyyəti nəzərə alaraq, “Turan”-ın kollektivi sentyabrın 1-dən öz fəaliyyətini qeyri-müəyyən vaxta dayandıracaq.
Çalışacağıq ki, yaxın vaxtlarda öz şəxsi vəsaitimiz və entuziazm hesabına saytın işini davam etdirək. Xəbərlərin buraxılışında məhdudiyyətlər olacaq. Bunun nə qədər davam edəcəyini zaman göstərəcək.
Belə çətin anlarda Mehman Əliyevə və bizə dəstək olan hər kəsə təşəkkür edirik”.
Agentliyin direktoru Mehman Əliyev avqustun 24-də saxlanılıb. Məhkəmə növbəti 48 saat ərzində Mehman Əliyev haqda həbs- qətimkan tədbirinin seçilməsi, yaxud onun sərbəst buraxılması haqda qərar qəbul etməlidir. Hazırda onun məhkəmə qarşısına çıxarılacağı gözlənilir.
Avqustun 7-də başlanmış cinayət işində iddia olunur ki, “Turan” son bir neçə ildə qazandığı gəlirlərin məbləğini gizlədib.