***
Bloger Orduxan Teymurxan Respublika Prokurorluğunu açıqlaması ilə bağlı Meydan TV-nin sorğusuna cavab verib. Orduxan Bəbirov deyib ki, onu artıq neçənci dəfədir İnterpola axtarışa verirlər:
"Bunlar boş şeylərdir. Gündəmi Tofiq Yaqublunun həbsindən yayındırmağa çalışırlar. Mübarizəmiz davam edir. Tofiq Yaqublu və digər siyasi məhbuslar azadlığa buraxılmalıdır, dərhal. Mən heç bir beynəlxalq yaxud vətənimin qaydalarını pozmamışam. Bir istəyim və amalım var, ədalətli, azad ölkənin qurulması, vəssalam”.
***
"Azərbaycan hökuməti azad olmayan ölkələrə səfərlərimizin məhdudlaşmasını istəyir”
Azərbaycan hökuməti Avropa ölkələrində məskunlaşan Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı haqqında axtarış elan edib.
Adları çəkilənlərin beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarların icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat
yayıb
.
Bildirilib ki, Nəsimi Rayon Məhkəməsi Baş Prokurorluğun təqdimatı əsasında həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilməsi hökmü çıxarıb.
Baş Prokurorluq cinayət işini ötən ilin dekabrında Azərbaycana gətirilən Elvin İsayevin ifadələri əsasında açdığını qeyd edib: “Azərbaycan vətəndaşı 1980-ci il təvəllüdlü Elvin İsayev Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 12 dekabr 2019-cu il tarixdə Azərbaycana deportasiya olunub. Nəsimi Rayon Məhkəməsi onun barəsində ötən ilin 22 avqust tarixli qərarı əsasında həbs qətimkan tədbiri seçib”.
Məlumatda Elvin İsayevin Azərbaycan ərazisində kütləvi iğtişaşlara və dövlət əleyhinə yönələn açıq çağırışlar etməsi faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirildiyi bildirilib:
“İstintaqla müəyyən edilib ki, Elvin İsayev 2018-ci ilin əvvəllərində Azərbaycan vətəndaşları olmaqla hazırda Avropanın müxtəlif ölkələrində müvəqqəti məskunlaşan Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olub. Elvin İsayev müvəqqəti məskunlaşdığı Sankt-Peterburq şəhərində özünə məxsus hesablar vasitəsilə “youtube” və “facebook” sosial şəbəkələrində video müraciətlərdə hakimiyyətin zorla ələ keçirilməsi və zorla saxlanılmasına, habelə ölkəmizin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına yönələn ifadələr işlədib. O, Azərbaycan vətəndaşlarına müraciət edərək hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal itaətsizlik və müqavimət göstərilməklə kütləvi iğtişaşlar və zorakılıqlar etməyə açıq çağırışlar edib. Buna görə Elvin İsayev Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 12.1, 34.2, 281.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar dövlət əleyhinə yönələn açıq çağırışlar etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılmaqla baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib”.
Eyni zamanda, Elvin İsayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməllərində iştirak etmiş Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı barəsində Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə ayrıca icraata ayrılmış cinayət işi üzrə həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb edildiyi qeyd olunub.
Onların haqqında Nəsimi Rayon Məhkəməsinin həbs qətimkan tədbiri seçildiyi bildirilib.
Bundan əlavə mətbuat xidməti qeyd edib ki, İstintaq idarəsi onlar barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərib.
“İki il əvvəl Elvin İsayevlə bir neçə dəfə telefon danışığım olub, vəssalam"
Məlumatda adıkeçən hazırda Almaniyada mühacir həyat yaşayan Tural Sadıqlı Baş Prokurorluğun məlumatı, əsasən onun axtarışa verilməsi xəbərinin onun üçün yeni olmadığını bildirib.
Meydan TV-yə danışan Tural Sadıqlı bildirib ki, Sabunçu Rayon Polis İdarəsi 2019-cu ildə onu axtarışa verdiyini elan edib. Hətta idarənin qarşısındakı löhvədə fotosunu qoyub, ailəsinə məlumat da veriblər: “O zaman başqa maddələrlə ittiham olunurdum, bu dəfə yei açılan cinayət işində dövlət əleyhinə açıq çağırışlar və başqa maddələr də yer alıb”.
Tural Sadıqlı dövlət əleyhinə indiyə qədər açıq və qapalı çağırışlar etmədiyini bildirib: “Fəaliyyətim göz önündədir, yalnız hakimiyyətini tənqid etmişəm, məmurların dövlət büdcəsindən oğurluqlarını ifşa edən məlumatlar yaymışam. Ona görə Baş Prokurorluğun məlumatı absurd və yalandır. Məncə, fəaliyyətimizi dayandırmaq üçün belə qərar qəbul ediblər. İkinci, “İnterpol”un Milli Mərkəzi Bürosuna axtarışa verməklə, bizi Bakıya gətirəsi deyil. Sadəcə, Azərbaycan hökuməti bizim azad olmayan ölkələrə səfərlərimizin məhdudlaşmasını istəyir”.
Tural Sadıqlı Elvin İsayevlə tanışlığını təkzib etməyib: “İki il əvvəl Elvin İsayevlə bir neçə dəfə telefon danışığım olub, vəssalam. Yəni Baş Prokurorluğun iddia etdiyi şəkildə hər hansı əməkdaşlığımız olmayıb, qeyd edilənlər cəfəngiyyat və yalandır”.
Meydan TV məlumatda adları əks olunan şəxslərlə əlaqə saxlamağa cəhd etsə, onlarla danımaq mümkün olmayıb.