Jurnalist açıqlamasına görə təhdid olunduğunu deyir
Jurnalist Tural Mustafayev yaydığı video-açıqlamasına görə Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağırıldığını deyir. Bu barədə o, özünün Facebook səhifəsində yazıb. Tural Mustafayevin sözlərinə görə,ona xəbərdarlıq edilib. Əsasən işlətdiyi “Xədicə İsmayılı saxlamaq üçün sübutları yoxdur” ifadəsinə irad bildiriblər: “Mülayim dildə təhdid olundum: “Məhkəməyə qədər hələ fikrini dəyişə bilərsən, bilmək olmaz”. Bu sözü Bakı şəhər Prokurorluğunda Azər Əsgərov da demişdi. Məhz bundan sonra oğurlanma baş vermişdi. Əminəm ki, məhkəməyə qədər yenə oğurlanacam”.
Tural Mustafayev deyir ki, ona Göyçaya qayıtmaq və bir daha video müraciət yaymamaq məsləhət görülüb. Jurnalist Avropa olkələrinin və ABŞ-ın Azərbaycandakı səfirliklərindən məhkəməyə qədər sığınacaq istəyib.
Ötən ilin sonunda Tural Mustafayevin şikayəti əsasında araşdırmaçı jurnalist Xədicə İsmayıl həbs olunub. O, Tural Mustafayevi intihar həddinə çatdırmaqda günahlandırılır. Tural Mustafayev bir neçə gün öncə videomüraciət yayaraq, bunları hüquq-mühafizə orqanları əməkdaşlarının təzyiqi altında etdiyini deyib.
Respublika Prokurorluğunun mətbuat xidməti məsələ ilə bağlı şərh verməyib.