”Məhkəmənin oğlum barədə hər hansı təqsirləndirici qərarının olmamasına baxmayaraq, 2014-cü il dekabrın 17-dən ölkədən çıxışına qadağa qoyulub”
Xədicə İsmayılın məhkəmə prosesində zərərçəkən qismində tanınan Tural Mustafayev aclıq aksiyasına başlayıb. Tural Mustafayevin atası Bulud Mustafayev ”Turan” IA-a bildirib ki, oğlu artıq 6-cı gündür aclıq edir, səhhəti çox ağırdır, danışa bilmir.
Jurnalist Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs edilib. O, ilkin olaraq Tural Mustafayevi intihar həddinə çatdırmaqda ittiham olunub. Sonra jurnalistə qarşı Azadlıq Radiosunun Bakı bürosunun rəhbəri vəzifəsində çalışdığı müddətdə vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma kimi ittihamlar da irəli sürülüb.
Məhkəmədə Tural Mustafayev keçmiş Milli Təhlükəsizlik Nazirliyinin onu şantaj edərək təzyiq altında jurnalistə qarşı ittihamda iştirakçı olmasına vadar etdiyini deyib. T.Mustafayev bu barədə sosial mediada və KİV-lərdə bəyanatla da çıxış edib.
Bundan sonra məhkəmə X. İsmayıla qarşı Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) üzrə bəraət verib.
X.İsmayıl isə yüksək vəzifəli dövlət məmurlarının qanunsuz biznes fəaliyyətini araşdırdığı üçün həbs edildiyini bildirib.
Bünyad Mustafayev ailəli olan Turalın 2 ildir işləmədiyini, hüquqlarının pozulmasına dözə bilmədiyini bildirib.
“Məhkəmənin oğlum barədə hər hansı təqsirləndirici qərarının olmamasına baxmayaraq, 2014-cü il dekabrın 17-dən ölkədən çıxışına qadağa qoyulub. O, bütün bunlara dözə bilmir”.
Ata oğlunun aclıq aksiyasına başlaması barədə bütün dövlət orqanlarına məlumat verdiyini deyib: “Həkim yoxladı, səhhətinin normal olmadığını dedi. Artıq danışa bilmir. Tural hüquqları bərpa olmayınca aclıq asiyasını davam etdirəcəyini deyir”.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları hələ də Turalın ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi ilə bağlı məsələnin müzakirə olunduğunu deyir.
“Biz baş prokurora, müxtəlif dövlət qurumlarına müraciət etmişik, qəbullarda olmuşuq. Heç bir nəticəsi yoxdur. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Sənan Paşayevə müraciət etdik. Müstəntiq məsələnin onluq olmadığını deyir. İndi nə edəcəyimizi bilmirik. Bütün bunlar Turalın aclığa başlamasına səbəb oldu”, – ata bildirib.