Tural Abbaslı ilə Əli Əliyevin namizədliyi qeydə alınmadı

Sərdar Cəlaloğlu namizəd oldu

Source:
Əli Əliyev və Tural Abbaslı
Əli Əliyev və Tural Abbaslı


Sərdar Cəlaloğlu namizəd oldu

Martın 17-də Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Cəlal oğlu Məmmədovun prezidentliyə namizəd kimi qeydə alınması məsələsinə baxıb.

APA yazır ki, MSK katibi Arifə Muxtarova bildirib ki, prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Cəlal oğlu Məmmədovun prezidentliyə namizəd kimi qeydə alınması üçün əsaslar mövcuddur.

MSK Sərdar Cəlal oğlu Məmmədovun prezidentliyə namizədliyinin qeydə alınmasını səsverməyə çıxararaq qəbul edib.

Sonra prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Tural Abbaslının prezidentliyə namizəd kimi qeydə alınmasına baxılıb. MSK katibi Arifə Muxtarova bildirib ki, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Tural Abbaslının prezidentliyə namizəd kimi qeydə alınması üçün əsaslar mövcud deyil.

MSK məsələni səsə qoyaraq qəbul edib və T. Abbaslının namizədliyi qeydə alınmayıb.

İclasda prezidentliyə namizədliyi Vətəndaş və İnkişaf Partiyası (VİP) tərəfindən irəli sürülən Əli Əliyevin prezidentliyə namizəd kimi qeydə alınması məsələsinə də baxılıb.

MSK Ə. Əliyevin namizədliyi də qeydə almayıb.

Bununla da namizədlərin qeydə alınması başa çatıb.

MSK bundan əvvəl Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevin, Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev və “Cəbhəçilərin təşəbbüs qrupu” adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayevin prezidentliyə namizədliyini qeydə alıb.

Məsələyə münasibət bildirən Tural Abbaslı bunu siyasi qərar hesab edib:

“MSK prezidentliyə namizədliyimi “müəyyən nöqsanlara yol verdiyim üçün” qeydə almayıb. Biz Azərbaycanda belə qərarların necə verildiyini yaxşı bilirik. Demək ki, bizim namizədliyimiz siyasi qərarla qeydə alınmadı”.

T.Abbaslı deyib ki, Ağ Partiya olaraq bu prosesə qoşulanda bütün nəticələri nəzərə alıblar:

“Yəni, nə mənim üçün, nə də Ağ Partiya üçün gözlənilməz və qeyri-adi nəsə olmadı. Hesab edirəm ki, partiya olaraq seçki mühitinin yaratdığı imkanlardan maksimum istifadə etdik, seçki mərhələsinin ən ağır olan imzatoplama mərhələsini uğurla başa vuraraq 40 mindən artıq imza topladıq, ən əsası da Azərbaycan siyasi mühitində Ağ Partiya simasında yeni siyasi gücün artıq bir reallığa çevrildiyini hər kəsə nümayiş etdirdik”.

Ana səhifəXəbərlərTural Abbaslı ilə Əli Əliyevin namizədliyi qeydə alınmadı