Amerika Birləşmiş Ştatlarının vitze-prezidenti Mayk Pens cümə axşamı Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanla görüşmək və onu Suriyanın şimal-şərqində Kürd döyüşçülərinə qarşı savaşı dayandırmağa inandırmaq üçün bu ölkədə səfərdədir.
“Reuters” xəbər verir ki, Türkiyə rəsmiləri ziyarətə baxmayaraq Suriya əməliyyatlarının dayandırılmayacağını qeyd ediblər.
ABŞ qüvvələrinin prezident Donald Trampın göstərişi ilə Suriyanın şimalından çıxarılmasından sonra başlamış türk hücumu bölgədə humanitar böhrana səbəb olub. Tanınmamış İslam Dövləti (İŞİD) yaraqlılarının kürd həbsxanalarından qaçması xəbəri və davam edən döyüşlər nəticəsində 200,000-ə yaxın insan evini tərk edib.
Tramp kürd döyüşçülərini tərk etməkdə ittiham olunur. Kürdlər İslam Dövlətini məğlub etməkdə Vaşinqtonun əsas tərəfdaşı olub.
Tramp çərşənbə günü addımlarını strateji baxımdan parlaq adlandırıb və deyib ki, o, Pens və Ərdoğanın uğurlu görüş keçirəcəyini düşünür. Tramp eyni zamanda sanksiyaların və tətbiq ediləcək tariflərin Türkiyənin iqtisadiyyatına dağıdıcı təsir göstərəcəyi ilə bağlı xəbərdarlıq edib.
Ağ Ev oktyabr ayının 9-da Trampın Ərdoğana göndərdiyi məktubu yayımlayıb: “Çətin adam olmayın və axmaq olmayın!” CNN Türk qeyd edir ki, Türkiyə Trampın razılaşma əldə etmək təklifini rədd edib və məktub zibil qutusuna atılıb.
Türk rəsmisinin “Reuters”-ə verdiyi məlumatda bildirilir: “Trampın göndərdiyi məktub Türkiyədə gözlənilən təsiri göstərməyib, çünkü məktubda ciddiyə alınacaq bir şey yox idi”.
“Bəlli olan budur ki, Türkiyə sərhədində terror təşkilat istəmir və gələn reaksiya səbəbiylə əməliyyat dayandırılmayacaq”, – məlumatda deyilir.
Pens və dövlət katibi Mayk Pompeo (Mike Pompeo) Ərdoğanla görüş başlamazdan əvvəl jurnalistlərə danışmayıb, ancaq dövlət rəsmisi qeyd edib ki, onlar Ərdoğana ABŞ-ın indiyə qədər səsləndirdiyi tələbləri çatdıracaq: “Lakin bir terror təşkilatı ilə danışıqlara getmək və ya davam edən əməliyyatdan geri dönmək gündəmdə deyil”.
Bazar ertəsi günü Ağ Evin iqtisadi məsləhətçisi Lari Kudlov (Larry Kudlow) CNBC-yə açıqlamasında deyib ki, ABŞ Türkiyəni lazımi vəziyyətdə saxlamaq üçün əlavə sanksiyalar tətbiq etməyə hazırdır.
Ərdoğanın köməkçisi İbrahim Kalın isə bildirib ki, Türkiyənin Xarici İşlər Nazirliyi NATO müttəfiqi tərəfindən tətbiq olunacaq sanksiyalara qarşılıq verməyə hazırlaşır.
Ərdoğan sanksiyaları və Türkiyənin hücumu dayandırması üçün qlobal çağırışları rədd edib. Türkiyə deyir ki, Suriyanın 32 kilometrlik şimal şərqinə doğru “təhlükəsiz bölgə” yaradacaq və bu əraziyə milyonlarla suriyalı qaçqınların yerləşdirilməsini təmin edəcək. Bununla yanaşı, Ankara ərazini kürd militanlarından təmizləməyi düşünür.
Türkiyə prezidentinin sözlərinə görə, kürd qüvvələri “təhlükəsiz bölgədən” çıxarılana və hədəfinə çatana qədər Türkiyə əməliyyatları davam etdirəcək.
Tramp ABŞ silahlı qüvvələrinin Suriyadan çıxarılmasını müdafiə edərək qeyd edir ki, onun məqsədi ABŞ əsgərlərini “sonsuz olan müharibədən” ölkəyə geri gətirmək olub. Onun bu addımı respublikaçılar tərəfindən ciddi tənqid edilib.
Türkiyənin başlatdığı əməliyyat Suriya prezidenti Bəşər Əsədə Rusiyadəstəkli qüvvələrin səkkiz ildən çox davam edən Suriya müharibəsi zamanı nəzarətindən çıxmış əraziləri yenidən ələ keçirmək üçün bölgəyə göndərməsinə imkan verib.
Türkiyə hücumu həmçinin Kürd YPG-nin əsas tərkib hissəsi olan Suriya Demokratik Qüvvələrinin (SDF) Dəməşqlə sövdələşməsinə səbəb olub.