Türkiyə Suriyanın şimal-şərqində məskunlaşmış terrorçu hesab edilən kürdlərə qarşı hücumu genişləndirdikcə, minlərlə insan evlərini tərk edir, onlarla insan öldürülür.
Beynəlxalq xəbər agentlikləri xəbər verir ki, Türkiyənin Suriyanın iç ərazilərinə doğru irəliləməsi ABŞ Konqresinə Ankaraya sanksiya tətbiq etmək üçün fürsət verib.
Bu arada prezident Donald Tramp oktyabrın 10-da deyib ki, o, Türkiyə ilə kürdlər arasında sövdələşməyə vasitəçilik etməyə hazırdır. Türkiyənin bölgədəki hücumundan əvvəl kürd qüvvələrinə kömək edən ABŞ qüvvələri ərazidən çıxarılıb.
“Bizim üç seçimimiz var: Minlərlə qoşun göndər və hərbi baxımdan qalib gəl, Türkiyəni maddi baxımdan və sanksiya ilə çox ağır vur, ya da Türkiyə ilə kürdlər arasında sövdələşmə et!”- Tramp “Twitter”də yazıb.
Daha sonra jurnalistlərə seçimləri barədə məlumat verən Tramp deyib: “Ümid edirəm biz vasitəçilik edə bilərik”.
O, əlavə edib ki, ABŞ Türkiyəyə qarşı sanksiyalar və digər maliyyə işləri ilə bağlı çox sərt addım atmaq niyyətindədir.
Tramp deyib ki, Respublikaçılar Partiyasının Nümayəndələr Palatasındakı 29 üzvü Suriyanın şimalındakı hərəkətlərinə görə Ankaraya sanksiya tətbiq etmək üçün qanunvericiliyi hərəkətə keçirəcək.
“Prezident Rəcəb Tayyib Ərdoğan və onun rejimi Suriyanın şimalındakı kürd müttəfiqlərimizə amansızcasına hücum etdiyi üçün ciddi nəticələrlə üzləşməlidir”, – respublikaçı Liz Çeyni (Liz Cheney) deyib və Trampı tənqid etməkdən qaçınıb.
Nümayəndələr Palatası və Senat qeyri-ənənəvi olaraq Trampın 6 oktyabr bəyanatına qarşı çıxıb. Oktaybrın 6-da Tramp ABŞ ordusunu Suriyanın şimalından çıxarması haqda bəyanat verib. Bu addım tənqidçilər tərəfindən ABŞ-ın indiyədək müttəfiqi olmuş kürd qüvvələrinə xəyanəti kimi görülüb.
Senatın bir gün əvvəl elan edilmiş sanksiya paketinin həmtəsisçisi olan senator Lindsey Graham deyib ki, prezidentin qərarı hamının qərarına qarşıdır. Graham Tramp siyasətinin aparıcı tərəfdarıdır.
Türkiyə oktyabrın 9-da ABŞ-ın dəstəklədiyi suriyalı kürd qüvvələrinə qarşı öncə havadan, daha sonra qurudan hücuma keçib. Ərdoğan hücumun məqsədinin “təhlükəsiz bölgə” yaratmaq olduğunu və Suriyanın şimalındakı kürd qüvvələrini və İslam Dövləti (İŞİD) ekstremistlərini hədəf aldıqlarını söyləyib.
Türkiyə artıq uzun müddətdir ki, Ankaranın terrorçu hesab etdiyi və ABŞ-ın dəstəklədiyi kürd döyüşçülərinə qarşı hücum edəcəyini bildirmişdi.
Ölkənin şimal-şərqində Suriya Demokratik Qüvvələrinin (SDF) əsasını təşkil edən Kürd Xalqının Müdafiə Qrupları (YPG) müharibə şəraitində olan Suriyada İŞİD-i məğlub etməkdə ABŞ-ın əsas müttəfiq olub.
Tramp öz davranışını müdafiə edərək qeyd edib ki, o, seçkilərdə qalib gəlib ki, bu gülünc və sonsuz müharibədən ABŞ-ı çıxarsın. Onun fikrincə, Türkiyə, Avropa, Suriya, İran, İraq, Rusiya və kürdlər indi vəziyyəti müəyyən etməlidirlər.