Tovuz sakini: “Generalın şirkətidir deyə, şəhid, qazi ailəsinə qənim kəsilməlidi?”

Gülbahar Rzayeva və İqbal Rzayev, Foto: Ailənin şəxsi arxivindən

Gülbahar Rzayeva: “Mənim bir oğlum şəhid, o biri oğlum qazi olanda bu general vətənə necə xidmət edib ki, bə qədər biznesi var?”

Tovuz rayonunun Hunanlar kəndində yaşayan Gülbahar Rzayevanın iki oğlundan biri – Füzuli Rzayev Qarabağ müharibəsində həyatını, ikincisi – İmaməddin Rzayev isə sağlamlığını itirib. Deyir ki, özü də daxil olmaqla, böyük bir ailəyə qazi oğlunun kürəkəni İqbal Rzayev baxır. Gülbahar Rzayeva iddia edir ki, onu da şərləyib həbs eləmək üçün bir ildir müxtəlif yollara əl atırlar.

“Səfalət içində yaşamaq bizim payımıza düşüb”

“Oğlum əlildir, həyat yoldaşı da xərçəng xəstəsidir. Yaxşı ki, İqbal var, öz ailəsindən əlavə, bizə də baxır. Prezidentimiz, Mehriban xanım, az qala hər gün şəhid, qazi ailələrinə qayğıdan danışır, belə ailələrin normal yaşayışı üçün nələrsə eləməyə çalışır, məmurlara göstərişlər verirlər. Pərdənin bu biri üzündə isə vəziyyəti kifayət qədər ağır olan bir ailənin çörək gətirənini şərləməyə çalışırlar”, – Gülbahar Rzayeva belə deyir.

İqbal Rzayev “SR group” Holdinqin tərkibindəki “Texnomart” şirkətinin (əvvəlki adı “Ultratek” MMC olub) Tovuz filialının müdiri olub. Bu şirkətdə mənimsəmə ilə bağlı cinayət işi başlanıb. İqbal Rzayev də daxil, bir sıra şəxslər şahid kimi dindirilib. Gülbahar Rzayeva iddia edir ki, şirkət rəhbərliyi İqbala qarşı qərəzlidir, ona görə də bu işlə əlaqələndirib həbsə göndərməkdə israrlıdır. Onun sözlərinə görə, heç yeyinti olması, onun məbləğilə bağlı da dəqiq sübutlar yoxdur.

Tovuz sakininin dediyinə görə, bu şirkət Xüsusi Dövlət Mühafizə Xidmətinin generalı Sabir Nağıyevə məxsusdur:

“Bildiyimizə görə, “SR Group”un adı da həmin general Sabir Nağıyevin oğlanları Sahil və Rahilin adlarının baş hərfləridir.

Mənim bir oğlum bu torpağa görə şəhid, bir oğlum da qazi olub. Bəs görəsən Sabir Nağıyev vətənə necə xidmət edib ki, bu boyda şirkət qurub-yarada bilib? Bildiyimizə görə, başqa xeyli böyük biznesləri də var – bahalı maşın satışı, bina tikintisi, diş klinikaları… Səfalət içində yaşamaq isə bizim payımıza düşüb. Hər nəyi varsa, sağlığına qismət olsun, amma şəhid, qazi ailəsinə gücünü göstərmək düzgün deyil axı. Generalın şirkətidi deyə, şəhid, qazi ailəsinə qənim kəsilməlidi?”

 “Nə olursa olsun, bir şey tapıb bunu cəzalandırmalıyıq” prinsipilə hərəkət edirlər”
 

“Texnomart” şirkətindən mənimsəmə ilə bağlı cinayət işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Ötən bir il ərzində xeyli ekspertizalar keçirilib, başqa istintaq hərəkətləri aparılıb. Gülbahar Rzayeva iddia edir ki, İqbalın əleyhinə heç bir mötəbər sübut tapılmayıb. Amma onu cəzalandırmaqda israrlı olduqlarına görə indi müxtəlif adamlardan istifadə etməyə çalışırlar:

“4 dəfə ekspertiza keçirilib. Rəylər də İqbalın xeyrinə idi. Buna baxmayaraq, 1 il işi yekunlaşdırmadılar. Çünki açıq-aşkar prokurorluq da şirkət rəhbərliyinin təsiri altındadır. 4 dəfə ekspertiza keçirilməsinin özü sübut edir ki, “nə olursa olsun, bir şey tapıb bunu tutmalıyıq” prinsipilə hərəkət edirlər. İqbalı dekabrın 9-da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıblar. Müstəntiq ona deyib ki, idarə rəisinin göstərişidir, şirkətə vurulmuş ziyanı ödəməlisən, yoxsa həbs olunacaqsan. Heç bir sübutu olmayan ziyanı ödətdirmək bunların nəyinə lazımdır? Eşitdiyimizə görə, şirkət rəhbərliyi vaxtilə kreditə mal götürmüş, hələ də mağazaya borcu olan adamlardan, vaxtilə İlballa işləyənlərdən onun əleyhinə ifadələr almaq üçün addımlar atır. Bəzilərinə deyirlər ki, qalan kreditin bağlanacaq, işçiləri hədələyirlər ki, yoxsa sən də tutulacaqsan…. Belə çıxır ki, şirkətin pulu-gücü çoxdursa, bizim günahsız olub-olmamağımızın fərqi yoxdur”.

Deputat Qənirə Paşayevanın qəbulunda

Cinayət işində təxminən 144 min manatlıq yeyintidən söhbət gedir.

Gülbahar Rzayeva ailəsini gözləyən təhlükə ilə əlaqədar bu yaxınlarda Tovuzdan Milli Məclisin deputatı olan Qənirə Paşayevanın da qəbulunda olub. Deyir ki, deputat elə onun yanında Baş prokuror Kamran Əliyevlə danışıb, məsələni izah edib:

“İndi bir az ümidim yaranıb ki, bəlkə Baş prokuror məsələni nəzarətinə götürər, həqiqət ortaya çıxar”.

Prokurorluq nə deyir?

Baş Prokurorluqdan bildirilib ki, “Ultratek” MMC-nin Tovuz rayon filialında mənimsəmə ilə bağlı şirkətin baş ofisindən rayon prokurorluğuna şikayət göndərilib. Həmin şikayətlə əlaqədar ilkin araşdırma aparılıb və Tovuz rayon Prokurorluğunda 2020-ci il dekabrın 22-də Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb. Bir müddət sonra araşdırmaların davam etdirilməsi üçün iş Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.

“Cinayət işi üzrə məhkəmə-mühasibatlıq, məhkəmə-xətşünaslıq və digər zəruri ekspertizalar təyin edilib. Filialın müdiri İqbal Rzayev və digər şəxslər şahid qismində dindirilib. Digər zəruri prosessual hərəkətlər də yerinə yetirilib. Hazırda cinayət işi üzə istintaq tədbirləri davam etdirilir”, – prokurorluqdan bildirilib.

Gülbahar Rzayevanın adını çəkdiyi general-leytenant Sabir Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyevin qardaşıdır. Onların daha bir qardaşı Vəli Nağıyev də general-leytenantdır. O, Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavinidir.

Ana səhifəBölgəTovuz sakini: “Generalın şirkətidir deyə, şəhid, qazi ailəsinə qənim kəsilməlidi?”