”Torpağımı alıb, özümü tanımırlar”

Əlibala Mehdiyev: ”Yüzlərlə məktub yazmışam,ancaq heç nəyə nail ola bilməmişəm”

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə


Əlibala Mehdiyev: ”Yüzlərlə məktub yazmışam,ancaq heç nəyə nail ola bilməmişəm”

“Torpağımda istirahət kompleksi, kanat tikildi, ancaq mənə nə kompensasiya verildi, nə də başqa torpaq. 3 ildir qalmışam aidiyyatı qurumların qapısında. Problemim olduğu kimi qalıb”.

Bu sözləri Qəbələ rayonunun Durca kəndində torpağı olan Əlibaba Mehdiyev deyir.

Ə.Mehdiyev Durca kəndindəki torpağı 2004-cü ildə aldığını söyləyir. Bildirir ki, 10 il hər şey yolunda gedib. Ta ki 2014-cü ildə “Tufan” Dağ-Xizək Kompleksinin tikintisinə qədər:

“Kompleksin məhz kanat kortunun tikildiyi hissə mənim torpağıma düşüb. Torpağımızı alıblar, ancaq bizi tanımırlar. İcra hakimiyyəti və aidiyyatı qurumlara dəfələrlə müraciət etmişəm. Yüzlərlə məktub yazmışam. Təəssüf ki, heç nəyə nail ola bilməmişəm”.

Ə.Mehdiyev bildirir ki, kompleks tikilmə ərəfəsində olanda da onlara bununla bağlı nəsə deyən olmayıb. Sonradan da şikayətlərinə baxılmayıb:

“İcra Hakimiyyəti dedi ki, torpaq qanunsuzdur. Halbuki, bütün sənədləri yerindədir. Bələdiyyə sənədi, tikintiyə icazə sənədi, xəritəçəkmə idarəsinin aktı və s. hər şey var. İllərdir torpağımın dalınca sürünməkdən yorulmuşam, baxan yoxdur. Əvvəlcə dedilər ki, əvəzinə sizə torpaq veriləcək. Nə torpaq verdilər, nə kompensasiya”.

foto Meydan TV
foto Meydan TV

Ə.Mehdiyevin 2011-ci ildən bu yana yazdığı şikayətlərə dövlət qurumlarından eyni səpkili bir neçə məktub gəlib. Hamısında da deyilib: “Sizin problem araşdırılacaq, nəticəsi barədə məlumatlanacaqsız”. “Ancaq 5 ildir araşdırılıb qurtarmayıb” – deyir, Əlibaba Mehdiyev.

“Torpağı plana düşən 30-dan yuxarı adam var. Kimsəyə kompensasiya ödənməyib. Ancaq şikayət edib-etmədiklərindən xəbərsizəm. Xahiş edirəm, aidiyyatı qurumlar kömək etsinlər”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün “Tufan” Dağ-Xizək Kompleksi ilə əlaqə saxlayıb. Kompleksdən bu barədə məlumatsız olduqları söylənib: “Ancaq onu bilirik ki, tikinti vaxtı da, ondan sonra da kimsə narazı qalmayıb”.

foto Meydan TV
foto Meydan TV

Qəbələ Rayon İcra Hakimiyyətinin ümumi şöbəsindən isə Meydan TV-yə bildirildi ki, Əlibaba Mehdiyev adlı kimsə onlara müraciət etməyib:

“Bəlkə də yazılı müraciət edib, məktubların içindədir. Hər halda araşdırıb, tədbir görməyə çalışacağıq. Onu bilirik ki, həmin kompleksin tikintisində narazı qalan vətəndaş olmamışdı. Hər halda, 30-40 nəfərin problemi olsaydı, onlara qarşı haqsızlıq edilsəydi, bugünə qədər gizli qalmazdı. Mətbuat, ictimaiyyət, icra hakimiyyəti bundan xəbərdar olardı”

Ana səhifəXəbərlər”Torpağımı alıb, özümü tanımırlar”