Azər Mehdiyev: “Hökumət seçki prosesində sosial layihələrdən vasitə kimi istifadə edir”
Dövlət başçısı İlham Əliyevin bələdiyyə seçkiləri günü – dekabrın 23-də və bir gün sonra iki sərəncamı, aztəminatlı ailələrə birdəfəlik yardım və Qarabağ müharibəsində əlil və şəhid olanların ailələrinin şəraitinin yaxşılaşdırılması istiqamətində sərəncamlar imzaladı.
23 dekabr sərəncamına görə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2019-cu il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi tapşırılıb. Bunun üçün 7,6 milyon manatın ayrılması nəzərdə tutulur. Sərəncamın 2019-cu il 30 dekabr tarixinə 73 minədək ailəni (290 minə yaxın ailə üzvü) əhatə edəcəyi gözlənilir.
Dekabrın 24-də imzalanan sərəncama görə, göstərilib ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 milyon 610 min manat ayrılıb.
İqtisadçı Toğrul Maşallı aztəminatlı ailələrə birdəfəlik yardımın seçki ilə əlaqədar olduğunu hesab edir. Onun fikrincə, fevralın 9-a qədər sosial yönümlü sərəncamların olacağı şübhəsizdir.
“Hazırda ölkədə yoxsulluğa qarşı mübarizədə dəyişikliklər həyata keçirilir. Bunu nəzərdə tutub sosial-siyasi baxımdan sərəncamlar imzalayıb parlament seçkilərində qalib gəlməyə çalışacaqlar. Məqsəq əhalinin rəğbətini qazanmaqdır ki, insanlar seçkilərə getsə belə, hakim partiya namizədlərinə səs versin”.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev Azərbaycanın siyasi həyatında bu cür hallarla seçki öncəsi həmişə rastlaşdığımızı dedi:
“Hökumət sosial yönlü layihələrini seçki dövrlərində həyata keçirir və seçki prosesində bundan vasitə kimi istifadə edir. Əvvəlki illərin təcrübəsində də bu görünüb. Nəzərə alın ki, bələdiyyə seçkiləri bitdi və qarşıda bizi gərgin parlament seçkiləri gözləyir. Ona görə oxşar addımların bu mərhələdə də atılacağını gözləmək olar”.