Tofiq Zülfüqarov: Rusiya Ermənistanın mövqeyinə xeyir verən formatı gündəmə gətirmək istəyir

“Bu, vasitəçilik missiyasına və Rusiya da daxil olmaqla ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatının ruhuna uyğun gəlmir”.

Source: Foto: arxiv


Fərid Şəfiyev: “Lavrovun açıqlamaları Rusiyanın vasitəçilik missiyasına uyğun gəlmir”

Son iki gündür Azərbaycan ictimaiyyəti Rusiya xarici işlər naziri Sergey Lavrovun noyabrın 11-də Yerevanda səsləndirdiyi bəyanatı müzakirə edir.

S.Lavrov Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyanla danışıqlardan sonra bildirib ki, bu regionun əhalisinin razılığı olmadan Dağlıq Qarabağ nizamlanmasına dair razılaşmaya nail olmaq mümkün deyil:

“Hamıya məlumdur ki, Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir sazişi rəsmiləşdirmək mümkün olmayacaq. Ermənistan onları dəstəkləməyəcək”? – Sergey Lavrov deyib.

Azərbaycan XİN rusiyalı diplomatın bəyanata münasibət bildirib.

XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif olunan hər hansı planın tərkib hissəsini təşkil edir:

“Bir daha vurğulamaq istərdim ki, yalnız bu bölgədən didərgin salınmış azərbaycanlıların Dağlıq Qarabağda öz evlərinə geri qayıtması münaqişənin Azərbaycan Respublikasının sərhədləri daxilində bölgənin hər iki, azərbaycanlı və erməni icmalarının sülh və təhlükəsizlik şəraitində birgə yaşamasını nəzərdə tutan yüksək səviyyəli özünüidarəetmə statusu əsasında həlli üçün real imkanlar aça bilər. Bundan ötrü ilk növbədə, münaqişənin həlli ilə bağlı substantiv danışıqlar aparılmalı və Ermənistanın işğalçı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonundan çıxmalıdır”.


“Rusiya Ermənistanın mövqeyinə dəstək verməklə danışıqlara canlanma gətirmək istəyir”

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Sergey Lavrovun bəyanatını Meydan TV-yə şərh edərkən deyib ki, açıqlama diplomatın Valday Forumunda səsləndirdiyinin davamıdır. Onun sözlərinə görə, bu bəyanatdan hiss olunur ki, Rusiya Ermənistanın mövqeyinə xeyir verən və 1998-ci ilə qədər davam edən danışıqlar formatını gündəmə gətirmək istəyir. Sabiq XİN rəhbəri qeyd edib ki, Rusiya indiyə qədər danışıqlar formatını dəyişmək niyyətində olmadığını dəfələrlə ifadə edib. Ancaq indi görünür ki, Rusiya Ermənistanın mövqeyinə dəstək verməklə danışıqlara canlanma gətirmək istəyir:

“Hiss olunur ki, Azərbaycanı maraqlandırmaq üçün Ermənistanın 3-5 rayonu qaytarmağa hazır olması ilə bağlı qeyri-dəqiq fikirlər yayılacaq. Ancaq bunlar nəticəsiz söhbətlərdir. Əsas plan danışıqların formatını dəyişməkdir. Bu planda Elmar Məmmədyarovun da iştirak etdiyi hiss olunur. O da danışıqlarda hansısa perspektivlərin mövcud olduğunu bəyan edib”.

Tofiq Zülfüqarov hesab edir ki, əslində, Lavrovun bəyanatı qəribə mövqedir. Mövcud format 1998-ci ildə iki ölkə prezidentləri Robert Koçaryan və Heydər Əliyev tərəfindən qəbul edilib və 21 ildir tətbiq olunur.

tofiq_zulfiqar_(8).jpg
Tofiq Zülfüqarov

“Qəribə vəziyyət odur ki, Rusiyanın tərəfdaşı olan Koçaryanın bu zərbədən sonra hansısa siyasi gələcəyinin olacağı inandırcı deyil. Çünki hamı onu tənqid edəcək və üçtərəfli formatı dəyişdirməkdə ittiham edəcək”.

Tofiq Zülfüqarov təklif olunan planda söhbətin heç də hərbi əməliyyatların bərpasından getmədiyini düşünür:

“Hiss olunur ki, Rusiyanın heç bir narahatlığı yoxdur. Nazir Məmmədyarovun da bu oyuna qoşulduğu görünür. Bir sözlə, Ermənistan imitasiya prosesinin bərbasını istəyir. Hesab edirəm ki, rəsmi Bakı bu oyunu qəbul etməməlidir. Vaxtilə Heydər Əliyevin uğurunu Lavrovun oyunlarına qurban verməyə ehtiyac yoxdur”.


“Bakı antiterror əməliyyatı keçirsə, heç bir dövlət qarışmayacaq kimi açıqlamalar sadəlövhlükdür”

Siyasi icmalçı Rauf Mirqədirov xatırladıb ki, Yerevanla Moskva arasında anlaşılmazlıq olsa da, bu, daha çox subyektiv səciyyə daşıyır. O qeyd edib ki, Rusiya Paşinyanın hakimiyyətə gəlməsindən narazıdır və həm də Putinin sadiq dostu Koçaryan həbsdədir.

“Amma geniş mənada hər iki tərəf düşünür ki, Dağlıq Qarabağ problemi həll olunmayana qədər Ermənistan Rusiyanın təsir dairəsindən çıxa bilməz. Moskva da Yerevanın təsir dairəsində qalmasında maraqlıdır. Sözsüz ki, Lavrov Ermənistanda erməni ictimaiyyətini sakitləşdirəcək mesajları verməli idi”.

Rauf Mirqədirov digər tərəfdən hesab edir ki, Lavrov yeni heç nə deməyib. Onun fikrincə, Moskvanın ənənəvi mövqeyi bundan ibarətdir ki, münaqişənin həlli Dağlıq Qarabağ ermənilərinin iştirakı olmadan gerçəkləşdirilə bilməz:

“Madrid prinsiplərində də ərazi bütövlüyü, zor işlətməmək və xalqların öz müqəddaratını təyin etmək qeyd edilib. Eyni zamanda, göstərilib ki, bu, hüququ gücü olan əhalinin öz iradəsini ifadə etməsi yolu ilə həyata keçirilməlidir”.

R.Mirqədirov bildirib ki, bunu açıq deməsələr də, Ermənistanın təhlükəsizliyinin təminatçısı kimi Rusiya çıxış edir. O qeyd edib ki, bu, yalnız Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində yox, həm də iki dövlət arasında ikitərəfli müqavilələrdə də əks olunub.

“Ona görə də Bakı antiterror əməliyyatı keçirsə, heç bir dövlət qarışmayacaq kimi açıqlamalar sadəlövhlükdür. Real gerçəklik ondan ibarətdir ki, geniş miqyaslı müharibə başlasa, aparıcı dövlətlər tərəfləri pisləyən bəyanat verəcəklər. Proses davam edərsə, ssenarilərdən biri odur ki, Ermənistan sərhəd rayonlarda hərbi əməliyyatlara başlayar, Azərbaycan cavab verərsə, o zaman Rusiya məlum müqavilələri əsas gətirib müdaxilə edəcək. Həm də regionda NATO dövlətlərinin hərbi imkanları olmadığından Qərb dövlətlərinin “dili” çox qısa olacaq”.

R.Mirqədirov deyib ki, Lavrovun son açıqlamalarında işarə vardı ki, Kremlin icazəsi olmadan heç nə olmayacaq.

Rauf Mirqədirov
Rauf Mirqədirov

“Təəssüf ki, Azərbaycanda bəzi sadəlövh və ya Rusiyanın təsir agentləri olan politoloqlar deyir ki, Azərbaycan hərbi əməliyyatlara başlasa, Moskva susacaq və yaxud deyirlər ki, guya Moskva ermənilərə 5 rayonu boşaltmaq üçün təzyiq kimi bəyanatlar verir”.


“Lavrovun açıqlamaları Paşinyanın mövqeyi ilə uzlaşır”

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Sergey Lavrovun bəyanatı ilə bağlı yaydığı açıqlamasında deyib ki, bununla əlaqədar Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı baza sənədlərinə, xüsusilə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (hazırki ATƏT) 1992-ci il martın 24-də Helsinkidə qəbul etdiyi qərara təkrar nəzər yetirmək lazımdır.

O xatırladıb ki, sənəddə münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqların aparılması üçün foruma çevriləcək Minsk Konfransının iştirakçıları Azərbaycan Ermənistan, Belarus, Almaniya, İtaliya, Rusiya, ABŞ, Türkiyə, Fransa, Çexiya, Slovakiya və İsveç olması müəyyən edilir.

“Vacib məqam olaraq daha sonra qeyd edilir ki, Konfrans iştirakçıları olan ölkələrlə məsləhətləşmələr apardıqdan sonra Konfrans sədri tərəfindən Dağlıq Qarabağın seçilmiş və digər nümayəndələri maraqlı tərəf kimi konfransa dəvət olunacaq. Münaqişədə tərəf ölkələr Ermənistan və Azərbaycandır. O ki qaldı, Dağlıq Qarabağın seçilmiş və digər nümayəndələrinə, bu halda onlar regionun azərbaycanlı və erməni icmasıdır. Onlar irəliləyiş olacağı təqdirdə danışıqlar prosesinə cəlb oluna bilərlər. Lakin təəssüf ki, hazırda bu irəliləyiş müşahidə edilmir”.

Fərid Şəfiyev bəyan edib ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov tərəfindən səsləndirilən, erməni tərəfinin uğursuz cəhdləri və xüsusilə Ermənistan baş naziri Nikol Paşinyanın bu il martında danışıqlar formatını dəyişməklə bağlı açıqlamaları ilə uzlaşır.

photo_380126.jpg
Fərid Şəfiyev

“Bu, vasitəçilik missiyasına və Rusiya da daxil olmaqla ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatının ruhuna uyğun gəlmir”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Ana səhifəSiyasətTofiq Zülfüqarov: Rusiya Ermənistanın mövqeyinə xeyir verən formatı gündəmə gətirmək istəyir