Tofiq Yaqubluya işgəncə verildiyini dediyinə görə vəkilə xəbərdarlıq olunub

Bu iş üzrə artıq Avropa Məhkəməsinə şikayət göndərilib

Foto: Nemət Kərimlinin şəxsi arxivindən


Vəkillər Kollegiyası Bakı şəhər prokurorunun şikayətini rədd edib

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqubluya Nəsimi Rayon Polis İdarəsində işgəncə verilməsi haqda açıqlamasına görə iyulun 13-də vəkil Nemət Kərimliyə xəbərdarlıq edilib. Xəbərdarlıq edən isə onun üzv olduğu Vəkillər Kollegiyasının rəhbərliyi olub.

T.Yaqublu 2019-cu il oktyabrın 19-da Milli Şuranın “28 May” metrostansiyasının yaxınlığında keçirdiyi etiraz aksiyasında saxlanılaraq, Nəsimi Rayon Polis İdarəsində aparılmış, daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarıyla ona 30 sutka inzibati həbs cəzası verilmişdi. Bir neçə gün sonra təcridxanada görüşərkən vəkilinə Nəsimi Rayon Polis İdarəsində işgəncəyə məruz qaldığını bildirmişdi. Vəkil də təcridxanadan çıxarkən orada gözləyən jurnalistlərin suallarına cavab olaraq, müvəkkilinin işgəncəyə məruz qalması barədə söylədiklərini açıqlamışdı.

T.Yaqublu özü də həm 30 sutkalıq həbs qərarından verilən şikayətinə baxılarkən məhkəmədə, həm də prokurorluğa məktubunda polis əməkdaşlarının ona işgəncə verdiyini təsdiqləmişdi. O, prokurorluğa şikayətində işgəncə vermiş polis əməkdaşlarının məsuliyyətə cəlb olunmasını istəsə də, Bakı şəhər Prokurorluğu cinayət işi başlanmasının rədd olunması barədə qərar çıxarmışdı. Qərarda da yazılıb ki, T.Yaqublunun işgəncəyə məruz qalması haqda şikayətdə göstərdikləri təsdiqini tapmadı.

T.Yaqublu prokurorluğun sözügedən qərarından məhkəməyə şikayət verib, onun ləğvini istəsə də, şikayəti təmin olunmayıb. Bu iş üzrə artıq Avropa Məhkəməsinə şikayət göndərilib.

T.Yaqubluya qarşı işgəncə barədə açıqlamasına görə onun vəkilindən şikayət edən isə Bakı şəhər prokuroru İlqar Abbasov olub. Prokuror iddia edib ki, N.Kərimli prokurorluqda gedən müvafiq araşdırmanın nəticəsini gözləmədən Tofiq Yaqubluya işgəncə verilməsi haqda xəbər yaymaqla qanunu pozub.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu şikayəti rədd etsə də, vəkilə xəbərdarlıq olunub.

N.Kərimli isə qanunu pozması haqda deyilənlərlə razılaşmır.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bənzər hadisəyə görə vəkil Yalçın İmanovun fəaliyyətinə xitam verilməsi haqda qərar qəbul etmişdi. Y.İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynovun saxlandığı Qobustan həbsxanasında işgəncəyə məruz qalması barədə medianın suallarını cavablandırdığına görə vəkillikdən uzaqlaşdırıldı.

Y.İmanov isə bildirir ki, Vəkillər Kollegiyası bu cür davranışla faktiki öz üzvlərindən işgəncə hallarına susqun qalmağı tələb edir: “Vəkil qadağan olunmayan bütün üsul və vasitələrdən istifadə etməklə, müdafiəni həyata keçirməlidir. Harada yazılıb ki, işgəncə haqda danışmaq olmaz? Əksinə, vəkilin borcudur ki, müvəkkilinə qarşı işgəncə baş veribsə, bununla bağlı bütün lazımi addımları atmalıdır”.

Ana səhifəSiyasətTofiq Yaqubluya işgəncə verildiyini dediyinə görə vəkilə xəbərdarlıq olunub