Tofiq Yaqublunun vəziyyətinin daha da ağırlaşdığı bildirilir

Foto: Meydan TV

Vəkili deyir ki, bu vəziyyət bir az daha da davam etsə, o, təcridxanada həyatını itirəcək

22 gündür ki, ölüm aclığı edən müxalif siyasətçi Tofiq Yaqublunun vəziyyətinin hər keçən gün daha da ağırlaşdığı bildirilir.

Bu gün, aprelin 22-də vəkili Fəxrəddin Mehdiyev Tofiq Yaqublu ilə görüşüb.

“Aclığın 22-ci günündə Tofiq Yaqublu ilə bağlı təəssüratlarım çox ağırdır. Çətinliklə yeriyirdi, rəngi tutqundur, taqətsizdir, başgicəllənmələri artıb. Bugünkü çəkisi 82.9, temperaturu 36, saturasiyası 98, təzyiqi 129/90, ürək döyüntüsü 88-dir. 22 günə artıq 13 kiloqrama yaxın çəki itirib. Vəziyyət isə get-gedə daha da kritikləşir. Hər an geridönməz hallar baş verə bilər. Tofiq Yaqublu təcili mülki xəstəxanaya köçürülməlidir. Bu vəziyyət bir az da davam etsə, o, təcridxanada həyatını itirəcək”, – vəkil bildirib.

Qızı Nigar Həzinin sözlərinə görə, Tofiq Yaqublu hətta su içə bilmir.

Tofiq Yaqublu 2023-cü il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, Elşən Hüseynov adlı şəxsin Almaniyaya gedib, orada vətəndaşlıq alması üçün Elnur Məmmədov vasitəsilə Tofiq Yaqubluya 25 min avro və 10 min manat pul verilib.

Tofiq Yaqublu isə bu ittihamın saxta olduğunu heç kimdən bir manat da pul almadığını bildirir.

Siyasətçi Elşən Hüseynov və ya Elnur Məmmədovla bu haqda belə bir söhbətinin olmadığını deyir.

Onların təxribat məqsədilə bu işə cəlb edildiyini bildirir.

Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.

O, 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib. 5 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb. O, daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunurdu ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib. Bu dəfə Nizami rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.

Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə o, ev dustaqlığına buraxılıb. 2021-ci il iyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.

2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi Tofiq Yaqublunu 9 il azadlıqdan məhrum edib.

Qərar etiraz olaraq Tofiq Yaqublu aprelin 1-dən aclıq elan edib.

Bir sıra yerli və beynəlxalq insan haqları təşkilatı onun adını siyasi məhbus siyahılarına daxil edib.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Ana səhifəSiyasətTofiq Yaqublunun vəziyyətinin daha da ağırlaşdığı bildirilir