Tofiq Yaqublunun oğlu hərbi tibb müəssisəsinə göndəriləcək

R.Yaqublu bu ilin yanvarında hərbi xidmətə aparılıb.

Source: Facebook


Əsgərin dizindəki zədədən əziyyət çəkdiyi deyilir

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun oğlu Rəhim Yaqublunun hərbi xidmətdə tibbi yardıma ehtiyacı olduğu bildirilir. Bu barədə Meydan TV-yə R.Yaqublunun bacısı Nigar Həzi məlumat verərək bildirib ki, qardaşı hələ 2019-cu ilin iyul çağırışında hərbi xidmətə aparılmalıydı. Amma dizindəki travma ilə əlaqədar hərbi xidmətə aparmayıblar:

“2017-ci ildə futbol oynayanda dizindən xəsarət almışdı. Ondan sonra futbol oynaya bilmədi. Dedilər ki, “get, ayağını müalicə elə, sonra hərbi xidmətə aparılacaqsan”. Onun dizi üçün əməliyyat, əməliyyat üçün də pul lazım idi. Bu üzdən əməliyyat etdirə bilmədik. Çağırış vaxtı da Hərbi Komissarlıqla müayinə elədilər, hərbi xidmətə yararlı olmadığı üçün onu aparmadılar. Sonradan Hərbi Komissarlıq elə eyni MRT nəticələrini nəzərdən keçirib, bu dəfə “yararlıdır” qərarı verdi”.

R.Yaqublu bu ilin yanvarında hərbi xidmətə aparılıb. Bacısı deyir ki, artıq fevralda onun dizindəki problemə görə ağrıları yenidən başlayıb. Sıra hazırlığında addım ata bilmədiyinə görə hərbi hissənin tibb hissəsinə müraciət edib. Sonra bu problemlə əlaqədar bir neçə dəfə hərbi hospitala göndərilib.

“Hərbi hissənin hospitalında onun dizini müayinə etmək üçün heç bir tibbi avadanlıq olmayıb. Vizual müayinə ilə “dizində heç nə yoxdur” deyib, geri göndəriblər. Uzun dirənişdən sonra nəhayət, iyul ayında Mərkəzi Hospitala gətirib, MRT eləyiblər. Rəydə də yazılıb ki, “ön çarpaz bağ liflənib, az bir qisim liflərin tamlığı pozulub, arxa çarpaz bağ anquliyasiyaya uğrayıb”. Amma heç bir stasionar müalicəyə ehtiyac yoxdur. Geri qaytarıblar. Amma biz bu rəylə əlaqədar tanıdığımız həkimlərlə danışdıq. Bildirdilər ki, birmənalı o, təcili əməliyyat olunmalıdır. Dizindəki ağrılar səngimir, amma onu Mərkəzi Hospitala gətirmirlər. Bir dəfə də gətirmişdilər, ancaq sənədlərini düz yollamadıqları üçün müayinə olunmadan geri göndərdilər. Əgər onun dizi əməliyyat olunmasa, gələcəkdə axsayacaq və bu problemi aradan qaldırmaq mümkunsuz olacaq”, – deyə N.Həzi bildirib.

N.Həzinin dediklərinə münasibət bildirən Müdafiə Nazirliyi bəyan edib ki, R.Yaqublu yenidən müayinə olunacaq. Nazirlik təsdiqləyib ki, R.Yaqublunun sol ayağının diz nahiyəsində zədə var və bununla əlaqədar fevral, aprel və iyul aylarında bir neçə dəfə hərbi hospitalda müayinə olunub: “Diaqnozlar əsasında bu travmanın xidmətə maneə yaratmadığına, hər hansı əməliyyata ehtiyac olmadığına dair əsgərin tibb kitabçasında müvafiq qeydlər aparılıb. Bununla belə, əsgər Rəhim Yaqublu müayinə olunması üçün avqustun 19-da yenidən hərbi tibb müəssisəsinə göndəriləcək”.

Ana səhifəSiyasətTofiq Yaqublunun oğlu hərbi tibb müəssisəsinə göndəriləcək