Müxalif fəal mübarizə əzmində olduğunu deyib
Müsavat Partiyasının və Milli Şuranın fəalı Tofiq Yaqublu 8-ci gündür ki, həbsdə aclığı davam etdirir. Onun saxlandığı Şüvəlandakı 3 saylı istintaq təcridxanasından Meydan TV-yə bildirilib ki, T.Yaqubluya aclığı dayandırmayağacı halda, məcburi qidalandırılacağı haqda xəbərdarlıq edilib. T.Yaqublu isə geri çəkilməyəcəyini, aclığı dayandırmayacağını deyib.
T.Yaqublunun bu mövqeyini sentyabrın 9-da ailə üzvlərilə telefon danışığında da ifadə edib. T.Yaqublunun qızının həyat yoldaşı, AXCP sədrinin müavini Seymur Həzi bildirib ki, qayınatası telefon danışığında ona dəstək olanlara, xüsusən həmrəylik nümayiş etdirib aclıq edənlərə təşəkkürünün çatdırılmasını istəyib.
T.Yaqublunun sağlıq durumuna gəlincə, S.Həzi aclığın onun səhhətinə kəskin təsir göstərdiyini, amma bu məsələdə israrlı olduğunu vurğulayıb. S.Həzinin sözlərinə görə, T.Yaqublu bunları deyib: “Sona qədər gedəcəm, bu, söz davası deyil. Fikrim son dərəcə qətidir, iradəm tam yetkindir. Özümü bu mübarizəyə kifayət qədər hazır hiss edirəm. Ya azadlıq, ya da dönüşsüz yol! Heç bir məcburi qidalanma da mümkün deyil”.
S.Həzi onu da bildirib ki, T.Yaqublu ailə üzvlərilə hər gün telefon danışığına şərait yaradılmamasından narazıdır.
T.Yaqublunun vəkili Elçin Sadıqov da sentyabrın 9-da istintaq təcridxanasında onunla görüşüb. Görüş barədə məlumat verən vəkilin sözlərinə görə, T.Yaqublu çox zəifləyib: “Halsızdır, güclə yeriyirdi. Baş ağrıları və başgicəllənmələri var. Gözləri dərin çuxura düşmüşdü sanki…”
T.Yaqublunun sağlıq durumunun hər keçən gün daha da pisləşdiyini, onun həyatını itirmək təhlükəsilə üz-üzə qaldığını vurğulayan vəkilin sözlərinə görə, buna baxmayaraq, müvəkkili aclığı dayandırmayacağını deyib: “Bu qədər zəif və halsız olmağına baxmayaraq, bildirdi ki, mübarizə əzmindədir. Aclığı dayandırmaq barədə qətiyyən düşünmür…”
T.Yaqublunun digər vəkili Aqil Layıc Meydan TV-yə bildirib ki, müvəkkinin 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökmdən verdikləri şikayət sentyabrın 9-da Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Apelyasiya şikayəti hökmü çıxarmış məhkəmə vasitəsilə verilir. T.Yaqublu haqqında hökmdən şikayət sentyabrın 7-də Nizami Rayon Məhkəməsinə təqdim olunmuşdu.
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvlərinin T.Yaqublunun həbsdən azad edilməsi üçün hökumətlə danışıqlar apardığı barədə məlumat yayılıb. Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov “Report”a açıqlamasında bildirib: “Hüquq müdafiəçiləri ümid edirlər ki, tez bir zamanda onun azad olunması üçün prosedur müəyyən olunacaq və Tofiq Yaqublu öz ailəsinə qovuşacaq”.
T.Yaqublu martın 22-dən həbsdədir. Sentyabrın 3-də Nizami rayon Məhkəməsində onun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb. T.Yaqublu CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə təqsirli bilinib. İddia olunur ki, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.
T.Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O bildirib ki, “8-ci kilometr bazarı”nın qarşısında park olunmuş maşınında əyləşib bazardan qayıdacaq həyat yoldaşını gözlədiyi vaxt maşını qəsdən vurulub. Daha sonra maşını vuran sürücü Elxan Cəbrayılov və yanında olan Cəvahir Cəbrayılova ona hücum edib. Həmin vaxt anlayıb ki, bu təxribatdır.
T.Yaqublu bundan öncə də 2014-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunmuş, 2016-cı ilin martında azadlığa çıxmışdı. O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdə də 30 günlük inzibati həbs cəzası almışdı. Sonuncu həbs zamanı T.Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi.
Ailə üzvlərinin sözlərinə görə, həmin işgəncələr nəticəsində T.Yaqublunun səhhətində fəsadlar yaranıb.