Tofiq Yaqublu haqqında hökm dəyişdi

Müxalifətçinin müraciətləri təmin edilməyib

Source: Meydan TV

Milli Şuranın və Müsavat Partiyasının fəalı Tofiq Yaqublu haqqında 4 il 3 aylıq həbs hökmü şərti cəza ilə əvəz olunub. İyulun 15-də Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyilə keçirilən məhkəmə prosesində bu barədə qərar çıxarılıb.

Məhkəmədə əvvəlcə Tofiq Yaqublunun son 15 gündə ünvanladığı iki müraciət müzakirəyə çıxarılıb. Siyasi fəal ev dustaqlığında olduğuna görə Gürcüstanda ağır vəziyyətdə olan anasının yanına gedə bilmirdi. İyunun 30-da məhkəməyə müraciət etmişdi ki, bu məqsədlə ölkədən müvəqqəti çıxışına icazə verilsin. Lakin müraciətinə cavab almamış və anası iyulun 12-də vəfat etmişdi. Həmin gün Tofiq Yaqublu növbəti dəfə məhkəməyə müraciət edərək, heç olmasa, dəfndə iştirakına icazə verilməsini istəmişdi. Lakin yenə də cavab verilməmişdi.

Məhkəmə iclasında məlum olub ki, həmin məktublar müzakirəyə çıxarılır. Hakimlər yenə də bu məsələləri təmin etməyiblər.

Ardınca çıxışlar mərhələsi başlayıb.

Prokuror Tofiq Yaqublu haqqında Nizami Rayon Məhkəməsinin hökmünün dəyişməsini, onun həbsdə olduğu 6 ay və ev dustaqlığında qaldığı 10 ayın nəzərə alınıb, şərti cəza ilə əvəzlənməsini təklif edib.

Vəkillər Aqil Layıc və Elçin Sadıqov hüquqlarını müdafiə etdikləri şəxsin günahsız olduqlarını vurğulayaraq, onun haqqında bəraət hökmü çıxarılmasını istəyiblər.

Tofiq Yaqublu özü də təxribat nəticəsində həbs olunduğunu vurğulayıb: “Mən ilk gündən dedim ki, həqiqəti bilmək istəyirsinizsə, telefonumdakı görüntülərə baxın. Mütəstəntiq isə əksinə, o görüntüləri sildi. Bu işin məni həbs eləmək üçün qurama olduğu buradan görünür…”

Siyasi fəal yada salıb ki, iyulun 15-də Avropa Məhkəməsi illər öncə ona qarşı baş vermiş başqa bir qanunsuzluğa görə Azərbaycan hökumətini cərimələyib: “Vaxt gələcək, buna görə də cavab verməli olacaqlar”.

Qısa müşavirədən sonra hakimlər Tofiq Yaqublu haqqında hökmün dəyişməsinə, ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiqinə qərar verib. Tofiq Yaqubluya Nizami rayon Məhkəməsinin kəsdiyi 4 il 3 aylıq həbs hökmü 2 il 6 ay sınaq müddəti təyin edilməklə şərti hesab olunub.

Tofiq Yaqublu bu qərarla da razı deyil və Ali Məhkəməyə şikayət verəcək.

Tofiq Yaqublu 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunur ki, o, “8-ci kilometr bazarı“nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib.

Nizami rayon Məhkəməsi sentyabrın 3-də bu ittihamla Tofiq Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sentyabrın 2-dən məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. Bundan sonra Tofiq Yaqublu aclığı dayandırıb.

Ana səhifəSiyasətTofiq Yaqublu haqqında hökm dəyişdi