“Həbsxanada bir insan haqları, azadlığı uğrunda ölümə gedir, ancaq qurumun cınqırı belə çıxmır”
Vəkil Nemət Kərimli həbsdə olan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu ilə görüşüb.
Tofiq Yaqublu bu gün aclıq aksiyasının 15-ci günündədir.
Nemət Kərimli bildirib ki, 15 gündür aclıq etməsinə baxmayaraq təcridxanada Tofiq Yaqublunun masası üzərinə gündə 3 dəfə yemək qoyulur.
“Bu gün Bakı istintaq təcridxanasında Tofiq bəylə görüşdüm. Tofiq bəy görüşə çox çətinliklə yeriyərək gəldi. Özünün dediyi kimi geriyə sayım başlayıb. Çəkisi 85 kq-a düşüb. Nəbzi 95-dən 57-ə düşüb. Saturasiyası normaldır. Qan təzyiqi 120/80-dir. Sifətindən yorğunluğu, əziyyət çəkdiyi bilinir. Öd kisəsi olmadığı üçün mədə- bağırsaq sistemindən şikayətlənir. Hər gün onun masasının üstünə gündə 3 dəfə yemək qoyulur. Baxmayaraq ki, bütün ictimaiyyət bilir ki, o aclıq etməkdə israrlıdır”.
Vəkili bildirib ki, artıq aclıq onun səhhətində fəsadlar verməyə başlayıb.
“Gözlərində zəif görmə başlayıb. Yaddaşı zəifləyib”.
Tofiq Yaqublunun qızı Nigar Həzi isə “Facebook”da bildirib ki, həkim müayinəsi üçün etdikləri müraciətə hələ də cavab verilməyib.
“Hələ də Tofiq Yaqublunu müayinə etməsi üçün həkim Adil Qeybulla təcridxanaya buraxılmır. Hələ də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidməti vəkil Nemət Kərimlinin həkimlə bağlı müraciətinə cavab verməyib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsmanı Səbinə Əliyevadan da bir səs çıxmır. Həbsxanada bir insan haqları, azadlığı uğrunda ölümə gedir, ancaq qurumun cınqırı belə çıxmır”, – Nigar Həzi belə yazıb.
Tofiq Yaqublu 2023-cü il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, Elşən Hüseynov adlı şəxsin Almaniyaya gedib, orada vətəndaşlıq alması üçün Elnur Məmmədov vasitəsilə Tofiq Yaqubluya 25 min avro və 10 min manat pul verilib.
Tofiq Yaqublu isə bu ittihamın saxta olduğunu heç kimdən bir manat da pul almadığını bildirir.
Siyasətçi Elşən Hüseynov və ya Elnur Məmmədovla bu haqda belə bir söhbətinin olmadığını deyir.
Onların təxribat məqsədilə bu işə cəlb edildiyini bildirir.
Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.
O, 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib. 5 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb. O, daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunurdu ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib. Bu dəfə Nizami rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.
Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. 2021-ci il iyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.
2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi Tofiq Yaqublunu 9 il azadlıqdan məhrum edib.