Tiktokerin apelyasiya şikayəti təmin olunmadı

Tiktokerin vəkili Zibeydə Sadıqova da müvəkkilinə qarşı irəli sürülmüş narkotik ittihamının əsassız olduğunu bildirib.

Source: Facebook


Elşən Teymurov həbsdə qaldı

Həbsdə olan tiktoker Elşən Teymurovun apelyasiya şikayətinə baxılıb. Şikayət onun 2 aylıq inzibati həbsi barədə Sabunçu Rayon Məhkəməsinin çıxardığı qərardan verilib.

Bakı Apelyasiya Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyilə keçirilən məhkəmə iclasında E.Teymurovun özü də iştirak edib. O bildirib ki, narkotik ittihamı saxtadır, günahsız həbs olunub. Tiktokerin sözlərinə görə, polisin şəhid analarını vurması barədə hazırladığı video 2019-cu ildə çəkilib. Həmin vaxt ona 15 sutka həbs cəzası verilib, dərhal da videonu sosial şəbəkələrdən silib. Sözügedən video bu il mayın sonunda yenidən “Youtube”da yayılsa da, E.Teymurov bildirib ki, bu dəfə kimin yerləşdirməsindən xəbəri yoxdur.

E.Teymurov onu da qeyd edib ki, onun polislərin yaxşı hərəkətlərini təqdir edən repləri və onun əsasında hazırlanmış videoları da var.

“Mənim üzərimdə narkotik olmayıb. Mən ümumiyyətlə, narkotikdən uzaq adamam. Videolarımda da bunu kəskin tənqid etmişəm. Gəncləri narkotiklərdən uzaq durmağa çağırmışam”, – deyə E.Teymurov məhkəmədə bildirib.

Tiktokerin vəkili Zibeydə Sadıqova da müvəkkilinə qarşı irəli sürülmüş narkotik ittihamının əsassız olduğunu bildirib.

Sabunçu Rayon Məhkəməsinin qərarında E.Teymurovu 12-ci polis bölməsinin əməkdaşlarının saxladığı və üzərindən narkotik tapıldığı göstərilib. Vəkil bu bölmədə həmin günə aid videogörüntülərə baxış keçirilməsi və həmin polis əməkdaşlarının dindirilməsi barədə vəsatətlər qaldırıb.

Hakim nə vəsatətləri, nə də apelyasiya şikayətini təmin edib. E.Teymurov haqqında 60 günlük inzibati həbs qərarı qüvvədə saxlanılıb. Tiktoker İnzibati Xətalar Məcəlləsinin 206 (şəxsi istehlak miqdarında narkotik maddə əldə etmə, saxlama) və 535-ci (polisin qanuni əmrinə tabe olmama) maddələrilə ittiham olunur.

Tiktokerin atası Qəşəm Teymurov isə Meydan TV-yə http://aws-www.meydan.tv/az/article/reper-elsen-teymurov-hebs-edilib/?ref=search bildirib ki, oğlunu iyunun 2-də evə gələn polis əməkdaşları Sabunçu rayonu, 12-ci polis bölməsinə aparıblar: “Əvvəlcə, sahə müvəkkili gəlmişdi, oğlumun nömrəsini istədi, verdim. Çağırıb apardı. Biz uşağı ondan sonra görə bilmədik. Bir dəfə paltar apardım, dedilər pandemiyaya görə olmaz”.

Onun sözlərinə görə, oğlundan əvvəlcə hansısa qızın şikayət etdiyini deyiblər: “Mən qızın telefon nömrəsini istədim ki, araşdıraq görək nə məsələdir. Bunun ardınca sözlərini dəyişib polisə müqavimət olduğunu söylədilər. Sonra narkotik ittihamı gəldi. Halbuki, birinci gün oğlumun həbsində video məsələsi olduğunu demişdilər. Oğlum şəhid anasını döyən polislər haqqında rep yazıb. Güman ki, onu əsas gətirib həbs ediblər”.

Ana səhifəSiyasətTiktokerin apelyasiya şikayəti təmin olunmadı