Tikanlı məftillərin doğmalığı

Bircə il həbsə görə təslim olar sevgililər…

Source:

Bir neçə il bundan əvvəl kimsə mənə desəydi ki, həbs olunacaqsan, 8 il “iş” alıb 13-cü “zon”a göndəriləcəksən, yəqin ki, möhkəm gülərdim. Bunu mənə ilk dəfə  Kürdəxanıya gələndə desəydilər, (o vaxt maddəm 2-3 il göstərirdi), dəhşətə gələrdim. Amma  indi bunlar nə gülməli, nə də dəhşətli gəlir insana. Çox normal, həyatın bir parçası kimi qəbul edirsən. 8 il də, 13-cü “zon” da adiləşib. Elə bil, belə də olmalı idi. Əvvəllər kiməsə 15 sutka verəndə, deyirdik ki, çoxdur. 800 gün bilmədim, necə gəlib-getdi.

Həbsxana divarları ilə ilk tanışlıq təxminən, çox ağır xəstəliyə yaxalanmış insanın bunu öyrənməsinə bənzəyir. 13 ayda adam divarlardan sıxılır, üsyan edirsən soyuq türmə divarlarına. Sonra başlayırsan müqavimət göstərməyə, özünü tezliklə azadlığa çıxacağına inandırmağa. Bir müddət də keçir və həbsxana ilə barışırsan. 4-cü mərhələ bir az abstrakt görünə bilər, amma reallıqdır: “həbsxanayla dostlaşmaq”. Bu mərhələyə qədəm qoya bildinsə, daha sənə zaval yoxdur. Kürdəxanını tərk edib 13-cü “zon”a gətiriləndə, yolda artıq darıxmağa başlamışdım. Elə bil, doğma evimi tərk edirdim.

Karantindən çıxıb “zon”a girəndə, dəhşətə gəldim. Kürdəxanı bura ilə müqayisədə 5 ulduzlu oteli xatırladırdı. Yenə yuxarıda saydığım 4 mərhələ. İndi 3 və 4-cü mərhələlər arasındayam. Tikanlı məftillərə baxanda qeyri-adi bir doğmalıq hiss edirəm.

3-cü doğum günümdür ki, həbsdə qeyd edirəm. Həbsdə olmağıma çox da təəssüflənmirəm. Proses elə idi ki, mən həbs olunmalı idim. Həbs olunduğuma görə kiməsə görə qəzəbli deyiləm. “Həyatımı oğurladılar”, “gəncliyimi məhv etdilər” kimi ifadələr mənlik deyil. Gülməli gəlir, eləcə də “möhkəm ol”, “dözümlü ol” kimi şablon ifadələri eşitmək. Mən bütün bunlara tarixi prosesin tərkib hissəsi kimi baxıram.

Ola bilər ki, həbsdə yatmağım da, çəkdiyim məhrumiyyətlər də boşa getsin. Amma ən azından, kimsə 50 il sonra tarixi vərəqləyəndə, keçmişə nəzər salanda bizim səhifəyə tüpürməsin, gəncliyin etiraz ruhunun, vicdanın tam öldüyünü deməsin deyə, bu gün mən həbsdəyəm. Əlbəttə, 21 yaşında həbs olunub gəncliyin ən şirin illərini həbsdə keçirmək ağırdır, amma dözülməz deyil. Bircə, bizi az qala cinayətkar elan edib, haqqımızla, qanımızla alver edən iyrənc hüquq dələduzları dəqiqəbaşı ailələrimizin ümidləri ilə oynayıb onları üzməsələr.

Ümumiyyətlə, türmə çöldən göründüyü qədər çətin bir yer deyil. Səbr, dözüm, iradə qədər, bir az da vecsizlik, həyata qeyri-ciddi lağ-lağı baxmaq ən ciddi problem zamanı yumor hissini itirməmək bacarığı lazımdır. Bir az da entuziazm. Ən kiçik müsbət  xəbəri bir həftə bayram edib, ən üzücü xəbəri sakitcə yola verməyi bacarmalısan. Azadlığı unutmalı, “mən çöldə olsam belə edərdim” deməməlisən.

Kiçik səbəblər tapıb, xoşbəxt olmağı, əhval-ruhiyyəni yüksək saxlamağı öyrənməlisən. Həyatının türmədən  ibarət olduğunu fərz edib, gün, həftə, ay saymamalısan. Azadlıqda vaxt tapmadığım, tənbəllik etdiyim işləri (xarici dil, mütaliə) görməlisən. Onda türmə gözə görünmür, vaxt da keçir. Ailə, uşaq, ya da gözüyaşlı sevgilin varsa, bir az ağırdır. Bacarıb, həbsə ilk ikisi olmadan düşmək lazımdır. 3-cüdən sonra imtina etmək də olur (90%-i bir il keçməmiş ağ bayraq qaldırır onsuz da)

Yadımdadır,  Kürdəxanıya gəldiyim heç bir ay olmazdı ki, korpusda işləyən dustaq “mazqal”, ( ya da “kormuşka”)nı açıb içəri “ksiva” atdı. Tofiq Yaqubludan gəlmişdi. Bəy yazırdı ki, möhkəm ol, darıxma, rejim bizi zindanda çox saxlaya bilməyəcək. “Zon”a gələndə Tofiq bəydən soruşdum ki, bəs deyirdiniz çox saxlaya bilməzlər, iki ili tamamlayırıq. Bəy də heç tərzini pozmadan cavab verdi ki, mən o vaxt onu nəzərdə tuturdum ki, bizi ömürlük saxlaya bilməzlər, maksimum 18-20 il.

O vaxtdan 18-20 ilə uyğun təqvim hazırlamışıq. Haradasa təxminən 15 il 11 ay bir neçə günümüz qalıb.

Avropa oyunları zamanı beynəlxalq medianın diqqətindən riqqətə gələrək mən də İsveçrə səfirliyi haqda düşünməyə başladım. Asan Xidmətə ərizə ilə müraciət  edərək mənə  “Asan Zindan” xidməti təşkil etmələrini xahiş  etdim. Məni İsveçrə səfirliyinə etap etmələrini istədim. Cəzaların icrası Məcəlləsi buna icazə verməsə də, bəxtimi sınadım. Müraciətə baxıb cavab yazdılar ki, aidiyyatı üzrə Penitensiar Xidmətə yönləndirilib. Penitensiar Xidmətə yeni ərizə yazıb, əsaslandırma hissəsində qeyd etdim ki, orada beynəlxalq diqqət-falan olur.

Burada Qaradağın çölündə ölsəm, hay verən olmaz. Penitensiar Xidmətdən cavab gəldi ki, İsveçrə səfirliyi alınmır, istəsəniz sizi Maştağa Ruhi Dispanserinə göndərə bilərik. “13-cü “zon”da oturub İsveçrə səfirliyi haqda düşünmək” sindiromundan müalicə olmaq üçün (P.S bu abzas təmamilə zarafatlardan ibarətdir. PX əməkdaşlarından xahiş edirəm, bunu zarafat kimi də qəbul etsinlər. Yayın bu cırhacırında karserlik halım yoxdur)

Türmədə ən çox əziyyət çəkdiyim məsələlərimdən biri də istədiyim vaxt istədiyim musiqini dinləmək imkanımın olmamasıdır. Kürdəxanıda bu məsələdə daha tolerant idilər. MP3 player buraxırdılar. Istədiyin vaxt qulaqcığı tax, özünü Metalikanın konsertində hiss elə. Burada alınmır. Hətta bununla bağlı PX rəisi general Mədət Quliyevə rəsmi qaydada müraciət edərək, qanunun icazə verdiyi musiqi qurğusunu öz hesabıma əldə etmək istəyimi bildirdim. Heç bir cavab gəlmədi. Hətta, bura gələn Ombudsman, Qırmızı Xaç nümayəndələrinin “nə problemin var?” sualına “musiqi dinləmək” cavabını verirəm. Onlar da bu məsələni həll edə bilmirlər.

İkinci bir problem kökəlmək problemidir. İş-güc yox, yeyib-içib yatırsan. Kürdəxanıda aclıq aksiyası vaxtı ardıcıl karsere salınanda yaxşı idi. Xeyli arıqlamışdım. Belə alınmır. Anar Məmmədli deyir ki, sabah bizi incitsələr, səsimizi qaldırsaq ki, bizi repressiya edirlər, hakimiyyət yerli və beynəlxalq ictimaiyyətdə səni göstərəcək ki, baxın belə repressiya olar?

Həbsxanada ən böyük düşmənim və ən yaxın dostum siqaretdir. Səhhətimə vurduğu ziyan ölçüyə gəlməz,  cibə də zərərli olmasına baxmayaraq 6-cı barmağı kimidir insanın. Əli bəy və Tofiq bəy bir ara siqareti tərgitməyim üçün Qərbin təzyiqlərindən daha güclü və mütəşəkkil təzyiqə başladılar. Mən də atdım. Amma, cəmi 10 gün alındı. Gördüm, motor çəkmir. Bu 10 gün həbs həyatımın ən ağır günü idi. Həbsdə olduğum müddətdə ilk dəfə azadlıq üçün darıxmağa başladım. Dərhal bərpa etdim. Amma Tofiq bəyə söz vermişəm. İdman zalı açsalar, siqareti əhəmiyyətli şəkildə azaldacam. Bəlkə də tam atdım..

Bir az da 13-cü “zon” haqda. Bura dörd tərəfdən daş karxanası kimi istifadə olunan təpəciklərlə əhatə olunduğundan, yayda toz-torpaq,  qışda siklon-antisiklon küləyi imkan vermir. Amma qar yağanda kar yerlərin qarlı zirvələri əla mənzərə yaradır. Həyatımda ən gözəl günəşi və ən gözəl meqa-ayı burada görmüşəm. Qışda sühbçağı Əbdüllə batmaqda olan qırmızı  meqa-ayın və doğmaqda olan günəşin yaratdığı mənzərəyə baxmaq üçün yuxumuza çox haram qatmışıq (daha doğrusu, Əbdül mənim yuxuma haram qatıb).

Azadlıqda olanda əks cinsin nümayəndələri gözü, beyni işğal edir. Aya, günəşə baxmağa vaxt, həvəs olmur. 13-cü “zon” bu baxımdan da ideal yerdir. Nə qədər istəyirsən bax aya, günəşə. Onsuz başqa alternativ də yoxdur. Nazim Hikmət demişkən.

Şu anda ne düşmük dalqalara,

Şu anda nə kavqam umrumda deyil

Ne hürriyet, ne karım.

Topraq, güneş və ben

Bahtiyarım!


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəXəbərlərTikanlı məftillərin doğmalığı