Bu kadrlar İmişli Tibbi Sosial Ekspert Komissiyasının binasında çəkilib. Darısqal, heç bir şəraiti olmayan köhnə binada komissiya günləri fiziki qüsurlu insanlar o dünyanı görüb gəlirlər. Kimin artıq gücü varsa, o da başqalarından qabaq komissiyadan keçir. Qəbula nəzarət yoxdur.
Fiziki qüsurlu Məsləhət Məmmədov həftələrlə, aylarla üzləşdikləri süründürməçilikdən şikayətləndi:
“Fakt budur ki, mən neçə vaxtdır, daha dəqiqi aprel ayından bir kağız gətirmişəm. Ancaq mənim sənədim qüvvəyə minməyib. Hələ də gəlib-gedirəm. Növbəli-növbəsiz kim necə istəyir, öz işini görür. Haqsızlıq baş alıb gedir. Danışmalı, deməli dərdimiz qalıbmı bizim? Pensiya vaxtı çatır, gəlirsən, günlərlə, həftələrlə ləngiyirsən”.
Komissiyadan keçməli olan Kərim Kərimov şəraitsizlidən gileyləndi:
“Bizim bu 34 saylı Tibbi Sosial Ekspert Komissiyasının vəziyyəti, ümumiyyətlə, acınacaqlıdır. Birincisi, əhalinin oturub gözləməsi üçün heç bir şəraiti yoxdur. Yer darlığı var. İkincisi, bu komissiya kənar şəxslərin qoltuğunda gətirdikləri qovluqlarla işləyir. Camaat da saatlarla burda əziyyət çəkir”.
Qəbulun həftədə yalnız bir gün-1-ci gün olması fiziki qüsurlu insanların vəziyyətini daha da çətinləşdirir. Qarşı tərəfin mövqeyini öyrənmək isə mümkün olmadı.
Mənbə: Azerlife.org