Amerikalı diplomatlar Tapdıq Fərhadoğlunun şikayəti ilə maraqlanıblar
BDU tələbələrinin etiraz aksiyasının işıqlandırılması zamanı fiziki təzyiqlərə məruz qalan “Amerikanın səsi” radiosunun müxbiri Tapdıq Fərhadoğlu cümə axşamı ABŞ səfirliyinə dəvət olunub.
Hadisə 2014-cü il, fevralın 20-də baş verib. BDU-nun mühafizə xidmətinin rəisi Mahir Xocatov aksiyanı çəkən jurnalistə arxadan bir neçə zərbə endirib, kürəyinə və başına vurub. T.Fərhadoğlu xəsarət alıb və əməliyyat olunub. Nəticədə əmək qabiliyyətini qismən itirib.
Bu gün jurnalist səfirliyin ictimai əlaqələr şöbəsinin rəisi Stiven Qauss və siyasi məsələlər üzrə müşavir Daniel Slaşerlə görüşüb.
Vəkil Samirə Ağayevanın iştirakı ilə keçən görüşdə amerikalı diplomatlar jurnalistin şikayəti üzrə məhkəmənin gedişi və onun səhhəti ilə maraqlanıblar.
Diplomatlar qeyd ediblər ki, bu iş səfirliyin diqqət mərkəzindədir.
Bundan əvvəl T.Fərhadoğlu prezident İlham Əliyevə, Baş Prokurorluğa və insan hüquqları üzrə İşçi qrupuna müraciət edərək, ona hücum faktının obyektiv araşdırılmasına yardım göstərilməsini xahiş edib. Lakin müraciət nəticəsiz qalıb.