Legitimlik üçün ən azı növbədənkənar president seçkisi keçirilə bilərdi
Dünən ölkə başçısının sərəncamı ilə birinci vitse-prezidentin təyin edilməsi bir sıra hüquqi və siyasi suallar doğurub. Əvvəlcə hüquqi məqamlar barədə.
26 sentyabr 2016-cı il referendumu ilə bağlı açıq qalan məsələlərdən biri yeni düzəlişlərin qüvvəyə minməsi ilə bağlı konkret tənzimləmə mexanizminin olmaması idi. Görünür həmin referendum aktını hazırlayanlar bunu ya bilərəkdən, ya da bilməyərəkdən nəzərdən qaçırıblar. Elə Avropa Şurası Venesiya Komissiyasının rəyində də referendum aktının müzakirəsinə parlamentin cəlb edilməməsi və Konstitusiyaya dəyişikliklərlə əlavələrin eyni sənəddə təqdim edilməsi ilə yanaşı konstitusion düzəlişlərin qüvvəyə minməsi qaydası ilə bağlı tənzimləmənin olmaması tənqid edilib.
Hazırda səlahiyyət müddətinin 4-cü ilində olan prezident köhnə konstitusiya əsasında seçildiyindən onun yeni konstitusion düzəlişlərin gətirdiyi səlahiyyətlərə yiyələnməsi barədə legitim imtiyaza malik olması əsaslandırılmayıb. Məsələn, yeni düzəlişlərdən sonra prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılıb. Ancaq hazırda vəzifəsinin icrasında olan prezident 9 oktyabr 2013-cü ildəki seçkidən sonra konstitusiyaya and içərkən 5 il müddətinə ökəni o vaxtkı səlahiyyətləri ilə idarə edəcəyinə dair hüquqi əminlik verib. Əgər indi prezidentə vitse-prezident təyin etmək kimi yeni səlahiyyət verilirsə, o zaman səlahiyyət müddətini 5 il sonra deyil, iki il daha artıq müddətdən sonra, yəni 7 ilə bitirəcəyinə dair hüquqi məhdudiyyət də olmamalıdır. Halbuki var. Əslində bütün bunlara aydınlıq gəlməsi üçün 26 sentyabr referendumundq keçid müddəalarının qəbul edilməsi və ya Konstitusiya Məhkəməsinin ayrıca rəy verməsi zəruri idi. Ancaq göründüyü kimi ortada nə keçid müddəası var, nə də Konstitusiya Məhkəməsinin rəyi – belə bir hüquqi vakumda konstitusiyanın yeni düzəlişləri köhnə konstitusiya çərçivəsində seçilmiş president tərəfindən icra olunmağa başlayıb. Legitimlik üçün ən azı növbədənkənar president seçkisi keçirilə bilərdi.
Nəhayət, digər bir hüquqi məsələ son referendumunun legitimliyi ilə bağlıdır. Məsələ burasındadır ki, bu referendum aktı konstitusion prosesual ədalətlilik prinsipinin pozulması şəraitində baş tutub. Ədalətlilik prinsipinin başlıca şərti referendumun qanunverici hakimiyyətin və geniş ictimaiyyətin iştirakı ilə azad və demokratik səsvermə nəticəsində qəbul edilməsidir. Ancaq bu şərtlərə də əməl olunmadığından sonuncu referendumun legitimliyi daim mübahisələndiriləcək.
Məsələnin siyasi tərəfinə gəldikdə sonuncu sərəncam nepotizm presedenti yaratdığı üçün ölkədə siyasi böhranı daha da dərinləşdirə bilər. Faktiki olaraq ölkədə 18 mart 2009-cu il referendumundan bəri ali dövlət idarəçiliyi ilə bağlı siyasi böhran dərinləşməkdədir. Siyasi plüralizmin boğulması, dövlət idarəçiliyinin superprezident hakimiyyəti ətrafında cəmlənməsi, parlamentin rolunun minimuma endirilməsi, media və ictimai-siyasi təşkilatlarla hesabatlaşmama ölkədə müasir idarəçilik standartlarından imtinanı gücləndirib. Mövcud siyasi komandanın ölkədə yaratdığı total siyasi nəzarət vətəndaş-dövlət münasibətlərini müstəqillik tarxində ən böhranlı duruma gətirib. Bu böhrandan çıxış yolu yalnız hüquqi-siyasi islahatlar ola bilər.
Və ən nəhayət, sosial-iqtisadi böhrandan çıxış yolu kimi təbliğ edilən referendum heç bir halda islahatçı və proqressiv səciyyə daşımayacaq. Çünki sosial-iqtisadi böhrandan çıxış yolu mövcud məhdud maliyyə resursları şəraitində ilk öncə hüquqi islahatları, daha konkret məhkəmə hakimiyyətinin müstəqilliyini və qanunun aliliyinə təminatdan başlayır. Bu sahədə islahatlar olmadan ölkədə mülkiyyətə təminat, vergi münasibətləri, bank-kredit siyasətində yumşalma və maliyyə amnistiyası mümkün deyil. Hüquqi islahatlar üçün isə siyasi iradə lazımdır…