”Testdən keçən şəxslər üçün müsahibə mərhələsi ləğv edilməlidir”

Komitə sədri Əli Hüseynli: “Test imtahanı vermək peşəkarlığın yeganə göstəricisi deyil”

Source:


Komitə sədri Əli Hüseynli: “Test imtahanı vermək peşəkarlığın yeganə göstəricisi deyil”

“Dövlət qulluğunda və digər qurumlarda boş qalan yerlərə test imtahanından uğurla keçən şəxslər sonra həmin qurumlar tərəfindən müsahibəyə cəlb edilməməlidir. Çünki qurumlar testi keçməsinə baxmayaraq, istəmədikləri şəxsləri işə qəbul etmirlər”.

Bunu parlamentin iclasında deputat Fazil Mustafa deyib. O qeyd edib ki, imtahandan uğurla keçmiş şəxslər əlavə yoxlamaya cəlb edilmədən işə qəbul edilməlidir:

“Bəzən 1500 vakant yerə 800 nəfər sənəd verir, onların da yarısı testdən keçir, dövlət qurumları isə onların bir hissəsini müsahibə mərhələsində kənarda saxlayır”.

Fazil Mustafa
Fazil Mustafa

Vəkillik fəaliyyəti ilə bağlı bir gün öncə Prezidentin verdiyi sərəncamı xatırladan Fazil Mustafa əlavə edib ki, bu sahənin inkişafı üçün müəyyən addımlar atılmalıdır:

“Vəkilliyə 1800 adamdan cəmi 600 nəfər keçib və onların da bir hissəsi müsahibə mərhələsində də “ələnəcəklər”. Həmçinin vəkilliklə bağlı qəbulda keçid balının 60 baldan 50 bala endirilməsini də vacib sayıram. Çünki vəkillik bilavasitə təcrübə ilə bağlı fəaliyyət növüdür”.

Deputat Qüdrət Həsənquliyev də prezidentin imzaladığı sərəncama münasibət bildirərək deyib ki, xüsusilə imkansız vətəndaşların dövlət hesabına vəkillərlə təmin olunması, həmçinin vəkillərin ödəniş məbləğinin üç dəfə artırılması da təqdir olunandır:

“Vəkillik institutunun nüfuzunu qaldırmaq, saylarını artırmaq, lazımdır. Ədalət mühakiməsini vəkilsiz və çəkişməsiz təsəvvür etmək mümkün deyil. “Vəkillər haqqında” qanun yenidən işlənməli, ilkin dövrdə vəkilliyə qəbulla bağlı imtahan sualları sadələşdirilməli, vəkillərin sübutlar toplaması üçün imkanları prokurorluq orqanları qədər atırılmalıdır”.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə qəbul zamanı test mərhələsi ilə kifayətlənməklə bağlı təklifə etiraz edib. O, qeyd edib ki, növbəti mərhələ əhəmiyyətlidir:

“Çünki biz fiziki şəxslərin qanuni nümayəndəlik institutunu ləğv edəndə arqumentimiz ondan ibarət idi ki, Konstitusiyaya görə dövlət peşəkar hüquqi müdafiəni təmin etməlidir. Ona görə də biz qanunvericilikdə düzəliş etdik və hazırda məhkəmələrdə hüquqların müdafiəsi yalnız Vəkillər Kollegiyasının üzvü tərəfindən aparıla bilər. Əgər vəkillər peşəkar olmazsa, onlar məhkəmədə çəkişmə prinsipinin tətbiqində zəif görünə bilərlər. O arqumenti qəbul edə bilmərik ki, ittiham tərəfi, yəni prokurorlar bütün mərhələləri keçsin, amma vəkillər bundan keçməsin”.

Komitə sədri vurğulayıb ki, yalnız yazılı test imtahanı vermək peşəkarlığın yeganə göstəricisi deyil: “Sərəncamdakı müddəaların tətbiqi vəkillərin sayının artırılmasına gətirib çıxaracaq. Nəticə belə olmalıdır ki, ədalət mühakiməsini həyata keçirən tərəflər (ittiham tərəfi, müdafiə tərəfi) peşəkarlıq baxımından eyni səviyyədə hazırlıqlı şəxslər olsun”.

Fevralın 22-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləğin üç dəfə artırılmasının nəzərdə tutulması, habelə Vəkillər Kollegiyasının maddi-texniki təminatı ilə bağlı məsələlərin həlli üçün tədbirlər görmək, o cümlədən Kollegiyanın istifadəsində olan binaların təmiri, zəruri kompüter və digər avadanlığın, habelə nəqliyyat vasitələrinin alınması məqsədilə vəsaitin ayrılmasını təmin etmək barədə də Nazirlər Kabinetinə tapşırıq verilib.

Vəkillər Kollegiyasına tövsiyə edilib ki, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına tövsiyə edilib ki, yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaratsın, göstərilən hüquqi xidmətlərin keyfiyyətinin daim yüksəldilməsi məqsədilə vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlı zəruri tədbirlər görsün, vəkillərin öz fəaliyyətində qanunçuluğa, ədalət mühakiməsinin prinsiplərinə və yüksək peşə standartlarına, o cümlədən əldə etdikləri məlumatların konfidensiallığı, hüquqi yardım üçün müraciət etmiş şəxslərə münasibətdə vicdanlı və nəzakətli davranış tələblərinə ciddi riayət etmələrini təmin etsin.

Ana səhifəXəbərlər”Testdən keçən şəxslər üçün müsahibə mərhələsi ləğv edilməlidir”