“Tərtər işi”nin istintaqı təzələndi

“Tərtər işi”, Foto: Meydan TV

Əvvəl bu işə görə həbs olunanlardan bir neçəsi sonradan azadlığa buraxılıb

“Tərtər işi” üzrə dindirmələrdə onlarla hərbçiyə işgəncə verilməsi, onların bir hissəsinin işgəncə altında öldürülməsi ilə bağlı cinayət işinin icraatı təzələnib. Bu barədə dekabrın 18-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və  Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, Tərtər, Ağdam, Beyləqan rayonlarındakı hərbi hissələrdə müəyyən hərbçilərin qanunsuz əməllərilə bağlı 2017-ci ilin may-iyun aylarında xeyli adam dindirməyə cəlb olunub. Həmin vaxt adamları sorğulayan bir qrup hərbi qulluqçunun özü qanunsuzluq edərək, özbaşına şübhəli hesab etdikləri adamlara işgəncə verib, onları qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoyublar. Bu qanunsuzluq həmin şəxslərin bir neçəsinin ölümünə, ağır xəsarət almasına və başqa nəticələrə gətirib çıxarıb.

Rəsmi məlumatda vurğulanıb ki, bu faktlarla əlaqədar Hərbi Prokurorluqda işgəncə vermiş hərbçilər haqqında cinayət işləri başlanıb. Ümumilikdə 5 cinayət işi üzrə 19 nəfər cinayət məsuliyyətinə cəlb olunub, məhkəmənin hökmüylə müxtəlif cəzalar alıblar.

Lakin çıxarılan hökmlər, cəzalandırılan şəxslərin dairəsi zərərçəkmiş şəxsləri, eləcə də işgəncə nəticəsində ölənlərin ailələrini qane etməyib. Onlar bir neçə ildir ki, davamlı şəkildə müxtəlif dövlət orqanlarına şikayət edirlər.

Rəsmi məlumatda bildirilir ki, zərərçəkmiş şəxslərin, onların hüquqi varislərinin və digər şəxslərin çoxsaylı müraciətləri nəzərə alınaraq, Baş prokurorun müvafiq sərəncamı ilə İşçi qrup yaradılıb. İşgəncələrlə bağlı cinayət işləri Hərbi Prokurorluqdan alınaraq, ətraflı öyrənilib. Belə qərar verilib ki, yol verilmiş qanunsuzluqların hər birinin hərtərəfli, obyektiv araşdırılması, bütün təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması və s. məqsədlə sözügedən cinayət işləri üzrə icraat təzələnsin.

“16 dekabr 2021-ci ildə Baş Prokurorluqda göstərilən faktlar üzrə cinayət işlərinin icraatının təzələnməsi haqqında qərarlar qəbul edilib. Cinayət işləri Baş Prokurorluğun icraatına qəbul edilib. İbtidai istintaq Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb. Prokurorluq, daxili işlər və dövlət təhlükəsizliyi orqanlarının təcrübəli və peşəkar əməkdaşlarından ibarət istintaq qrupları yaradılaraq, ibtidai araşdırmaya prosessual rəhbərlik Baş prokurorun birinci müavininə tapşırılıb. Hazırda müvafiq istintaq-əməliyyat planları əsasında kompleks tədbirlər həyata keçirilir. İstintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – dekabrın 18-də yayılan rəsmi açıqlamada bildirilir.

Foto: Azərtac

Meydan TV-nin əldə etdiyi məlumata görə, Tərtər hadisələri zamanı işgəncə verməyə görə məsuliyyətə cəlb olunan şəxslərə münasibətdə məhkəmələr Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə qanunda nəzərdə tutulan cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsini tətbiq edib. Onlar Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə ölümə səbəb olduqda) və bir neçə başqa maddəsilə təqsirli bilindikləri halda, cəmi 5-6 il cəza kəsilib. Halbuki, ittiham olunduqları maddələrin təkcə birində – Cinayət Məcəlləsinin 126.3 maddəsində cəza 9 ildən başlayır.

İşgəncə verməkdə ittiham olunan şəxslər heç onlara kəsilmiş 5-6 illik cəzaları da çəkməyiblər. Onların bir çoxu cəzanın yarısını çəkmədən azadlığa buraxılıb. Hətta prezidentin müvafiq sərəncamlarıyla mükafatlandırılıblar. Məsələn, leytenant Ruslan Mikayılov prezidentin 18 dekabr 2020-ci il tarixli sərəncamıyla “Döyüşdə fərqlənməyə görə”, gizirlər Polad Əzizov, və Sənan Maşıyev 29 dekabr 2020-ci il tarixli sərəncamla “Ağdamın azad edilməsinə görə” medallarıyla təltif olunub.

Hərbçilərə işgəncə verməkdə ittiham olunanların bir çoxu ifadələrində bu əməllərindən peşman olmadıqlarını bildirib.

“Heç nəyə görə peşman deyiləm. Dövlət üçün həm ölmək, həm öldürmək, həm də zindanda çürümək var. Biz dövlətimiz üçün lazım olanı etmişik”, – Sənan Maşıyevin məhkəmədə dediklərindəndir.

Zərərçəkmiş şəxslər, eləcə də işgəncə nəticəsində ölənlərin ailə üzvləri hesab edir ki, baş vermiş qanunsuzluqlar sadəcə, aşağı rütbəli hərbçilərlə məhdudlaşmır. Onların fikrincə, bu işin arxasında yüksək rütbəlilər, hətta generallar dayanır. Ona görə də illərdir bu məsələnin üstü ört-basdır edilir.

Ana səhifəSiyasət“Tərtər işi”nin istintaqı təzələndi